01 iyul 2026 14:47
87

Reklam mühitinin daha estetik və funksional inkişafı prioritet olaraq qalır

ADRA: Rəqəmsallaşma, innovativ dizayn həlləri və vizual harmoniyanın gücləndirilməsi istiqamətində yeni addımlar atılacaq

Müasir şəhər mühitinin formalaşdırılmasında reklam infrastrukturunun estetik və funksional baxımdan təkmilləşdirilməsi mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə həyata keçiriləcək yeni layihələr reklam mühitinin müasir şəhərsalma prinsiplərinə uyğunlaşdırılmasına, vizual harmoniyanın daha da gücləndirilməsinə və innovativ həllərin tətbiqinə xidmət edəcək.

Mövzu ilə bağlı “İki sahil” qəzetinə açıqlama verən Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) mətbuat katibi Hüseyn Azəri bildirib ki, yaxın dövrdə reklam infrastrukturunun daha da rəqəmsallaşdırılması, şəhər estetikasına uyğun yeni nəsil reklam daşıyıcılarının tətbiqi, reklam yerlərinin səmərəli planlaşdırılması və vizual çirklənmənin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, reklam qurğularının şəhər memarlıq mühiti ilə daha sıx inteqrasiyası, innovativ dizayn həllərinin tətbiqi və şəhərlərin reklam mühitinin estetik keyfiyyətinin yüksəldilməsi də əsas prioritetlər sırasında yer alır. H.Azəri qeyd edib ki, bu istiqamətdə görüləcək işlər şəhər mühitinin daha müasir, funksional və estetik prinsiplər əsasında inkişafına mühüm töhfə verəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”