Akşin Əlili: Uzunmüddətli perspektivdə əsas strateji məqsədlərdən biri cəmiyyətdə su təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasıdır
Yay mövsümünün gəlişi ilə birlikdə ölkəmizdə çimərliklərə üz tutan insanların sayı sürətlə artır. İsti hava şəraiti və istirahətə olan tələbat dəniz sahillərində hərəkətliliyi yüksəltsə də, bu dövrdə su hövzələrində baş verən bədbəxt hadisələr, xüsusilə də sudaboğulma faktları cəmiyyət üçün ciddi narahatlıq doğuran məsələlərdən biri olaraq qalır. Hər il müxtəlif səbəblərdən qeydə alınan bu hadisələr bir daha göstərir ki, çimərlik təhlükəsizliyi yalnız dövlət qurumlarının deyil, həm də hər bir vətəndaşın məsuliyyətlə yanaşmalı olduğu vacib məsələdir.
Suda təhlükəsizliyin təmin edilməsi, xilasedici xidmətlərin fəaliyyəti, riskli ərazilərə nəzarət, əhalinin maarifləndirilməsi və fövqəladə hallara operativ müdaxilə istiqamətində həyata keçirilən tədbirlər dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Xüsusilə yay mövsümündə insan həyatının qorunması məqsədilə görülən işlər, tətbiq olunan yeni yanaşmalar və təhlükəsizlik mexanizmləri ictimaiyyət tərəfindən böyük maraqla izlənilir.

Bu sahədə görülən işlər, mövcud risklər, vətəndaşların ən çox yol verdikləri səhvlər, uşaqların və yeniyetmələrin təhlükəsizliyinin təmin olunması, eləcə də gələcək hədəflərlə bağlı suallarımızı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili cavablandırır.
-Azərbaycanda çimərlik mövsümündə suda boğulma hallarının əsas səbəbləri daha çox hansı risk faktorları ilə bağlıdır?
-Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, təəssüflə bildirməliyik ki, yenə də bəzi vətəndaşların nəzarətsiz qeyri -çimərlik ərazilərindən, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir ki, bu da bir sıra hallarda acı nəticələrə gətirib çıxarır. Ən çox rast gəlinən risk faktorları çimmək üçün nəzərdə tutulmayan ərazilərə daxil olmaq, xilasedici nəzarəti olmayan ərazilərdə çimmək, küləkli və dalğalı hava şəraitində suya girmək, spirtli içki qəbul edib sərxoş vəziyyətdə suya daxil olmaq və uşaqların nəzarətsiz buraxılmasıdır.
-Rəsmi və qeyri-rəsmi çimərliklər arasında təhlükəsizlik baxımından fərqlər nədən ibarətdir və ən çox faciə hansı zonalarda baş verir?
-Rəsmi çimərliklərdə təhlükəsizlik tədbirləri sistemli şəkildə təşkil olunur, burada xilasedicilər xidmət aparır, xilasetmə məntəqələri fəaliyyət göstərir, xilasetmə vasitələri və ilkin tibbi yardım imkanları mövcud olur. Qeyri-rəsmi və nəzarətsiz çimərliklərdə isə belə təhlükəsizlik infrastrukturu olmadığından hər hansı fövqəladə hadisə zamanı operativ müdaxilə imkanları məhdudlaşır.
Statistik müşahidələr göstərir ki, sudaboğulma hallarının böyük hissəsi məhz nəzarətsiz çimərlik ərazilərində, çimmək üçün nəzərdə tutulmayan kanallarda, göllərdə, çaylarda qeydə alınır. Bu səbəbdən vətəndaşlara yalnız nəzarət edilən və xilasedicilərin fəaliyyət göstərdiyi çimərlik ərazilərindən istifadə etməkləri tövsiyə edilir.
-FHN tərəfindən çimərliklərdə xilasedici xidmətlərin yerləşdirilməsi hansı risk xəritəsi və planlaşdırma əsasında həyata keçirilir?
-Fövqəladə Hallar Nazirliyi tərəfindən çimərliklərdə xilasedici xidmətlərin təşkili risklərin qiymətləndirilməsi prinsipi əsasında həyata keçirilir. Bu zaman sahilyanı ərazilərin xüsusiyyətləri, əvvəlki illərin hadisə statistikası, insanların sıx toplaşdığı məkanlar, dənizin dərinliyi, axınların xarakteri, sahilin relyefi və digər təhlükə faktorları nəzərə alınır. Aparılan monitorinqlər nəticəsində yüksək risk daşıyan ərazilər müəyyən edilir və həmin sahələrdən istifadənin təhlükəli olması barədə nişanlar qoyulur. Həmçinin həmin ərazilərin sahil hissəsində bu ərazilərdən istifadənin təhlükəli olması barədə lövhələr yerləşdirilir. Təəssüflə qeyd edirik ki, bəzən Xidmət tərəfindən quraşdırılan bu lövhələr naməlum şəxslər tərəfindən yararsız hala salınır və ya məhv edilir.

-Son illərdə sudaboğulma hallarının qarşısının alınması istiqamətində görülən tədbirlər real nəticə olaraq statistikada hansı dəyişiklikləri yaradıb?
-Son illərdə maarifləndirmə tədbirlərinin genişləndirilməsi, xilasedici xidmətlərin maddi-texniki bazasının gücləndirilməsi, çimərliklərdə nəzarətin artırılması və vətəndaşlara yönəlik təhlükəsizlik çağırışlarının intensivləşdirilməsi müsbət nəticələr verib. Xilasedicilərin xidmət apardığı çimərliklərdə insanların təhlükəsizliyinin təmin olunması istiqamətində əhəmiyyətli irəliləyiş əldə olunub və çoxsaylı insan həyatının xilas edilməsinə nail olunub. Bununla yanaşı, boğulma hallarının əksəriyyətinin nəzarətsiz ərazilərdə baş verməsi göstərir ki, problemin minimuma endirilməsi üçün vətəndaşların da təhlükəsizlik qaydalarına daha məsuliyyətlə yanaşması vacibdir.
-Vətəndaşların öz təhlükəsizlik qaydalarına əməl etməməsi fonunda ən çox yol verilən kritik səhvlər hansılardır?
-Sudaboğulma hadisələrinin təhlili göstərir ki, vətəndaşlar tərəfindən yol verilən ən ciddi səhvlər nəzarətsiz və qeyri-çimərlik ərazilərdə çimmək, xilasedicilərin xəbərdarlıqlarına məhəl qoymamaq, üzmə sərhədlərini ötüb keçmək, güclü külək və dalğa zamanı suya daxil olmaq, spirtli içki qəbul etdikdən sonra çimmək və uşaqları nəzarətsiz qoymaqdır. Məhz bu cür məsuliyyətsiz davranışlar bir çox hallarda faciəvi nəticələrə səbəb olur və insan həyatını təhlükə altına atır.
-Uşaqların və yeniyetmələrin sudaboğulma riskindən qorunması üçün xüsusi dövlət proqramı və ya sistemli maarifləndirmə mexanizmi varmı?
-Uşaqların və yeniyetmələrin suda boğulma riskindən qorunması məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən ilboyu sistemli maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, il ərzində respublikanın təhsil və səhiyyə ocaqlarında, məktəblərdə, xəstəxanalarda və digər müəssisələrdə silsilə olaraq fövqəladə hallarla bağlı davranış mövzusunda maarifləndirmə tədbirləri keçirilir. Belə tədbirlərdə iştirakçılara sularda təhlükəsizlik qaydaları ilə bağlı geniş məlumat verilir. Həmçinin çimərliklərdə aparılan məlumatlandırma işləri bu fəaliyyətin əsas istiqamətlərini təşkil edir.
Xüsusilə valideynlərin diqqətinə çatdırılır ki, 13 yaşına qədər olan uşaqlar yalnız böyüklərin nəzarəti ilə çimərlikdən istifadə edə bilərlər. Uşaqlar heç bir halda çimərlik ərazisində nəzarətsiz buraxılmamalıdırlar. Maarifləndirmənin əsas məqsədi təhlükəsizlik mədəniyyətinin erkən yaşlardan formalaşdırılmasından ibarətdir.
-FHN-in xilasedici xidmətləri fövqəladə vəziyyətlərə reaksiya zamanı hansı texniki vasitələr və operativ mexanizmlərlə işləyir?
-Fövqəladə Hallar Nazirliyinin xilasedici xidmətləri sularda baş verən hadisələrə operativ reaksiya vermək üçün müasir texniki vasitələr və peşəkar hazırlıqlı şəxsi heyətlə fəaliyyət göstərir. Xilasetmə katerləri, sürətli qayıqlar, dalğıc avadanlıqları, xilasedici vasitələr, rabitə sistemləri və ilkin yardım ləvazimatları xilasedicilərin istifadəsində olan əsas texniki vasitələrdir.
Hadisə barədə məlumat daxil olduqda xidmətdə fəaliyyət göstərən dalğıc-axtarış qrupları dərhal hadisə yerinə cəlb edilir. Çimərlik ərazisində fəaliyyət göstərən xilasedicilər hadisə baş verdikdə dərhal operativ reaksiya verərək, zərərçəkənlərin sudan çıxarılmasını və aidiyyəti üzrə təhvil verilməsini icra edir. Boğulma təhlükəsi ilə üzləşən şəxsə ilkin yardım göstərilir və zərurət yarandıqda digər aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət təmin edilir. Bu sistem insan həyatının xilas olunmasında mühüm rol oynayır.
-Gələcəkdə çimərlik təhlükəsizliyinin tam təmin olunması və sudaboğulma hallarının minimuma endirilməsi üçün nazirliyin strateji hədəfləri nələrdir?
-Gələcək dövrdə çimərlik təhlükəsizliyinin daha yüksək səviyyədə təmin olunması üçün əsas məqsəd yalnız baş vermiş hadisələrə operativ reaksiya vermək deyil, eyni zamanda, riskləri qabaqcadan müəyyən edərək onların qarşısını almaqdan ibarətdir. Bu istiqamətdə müasir texnologiyaların tətbiqi xüsusi əhəmiyyət daşıyır. Uzunmüddətli perspektivdə əsas strateji məqsədlərdən biri cəmiyyətdə su təhlükəsizliyi mədəniyyətinin formalaşdırılmasıdır. Bunun üçün məktəblərdə ilkin xilasetmə bacarıqlarının tədrisinin genişləndirilməsi də vacib hesab edilir. Təcrübə göstərir ki, sudaboğulma hallarının azaldılmasında texniki imkanlarla yanaşı, insanların təhlükəsizlik qaydalarına əməl etməsi həlledici rol oynayır.
Yaqut Ağaşahqızı, “İki sahil”
Yanvar-aprel aylarında paytaxtda 16.6 milyard manatlıq məhsul istehsal edilib və xidmət göstərilib
Bakı islamofobiya ilə mübarizədə daim prinsipial və ardıcıl mövqe sərgiləyir - ŞƏRH