İyunun 7-də Ermənistanda növbəti parlament seçkiləri keçiriləcək. Bu prosesdə əsas mübarizə Nikol Paşinyanın və ona rəqib olan Samvel Karapetyanın və Qagik Tsarukyanın partiyaları arasında gedəcək. Seçki marafonunda iki blok və 17 partiya daxil olmaqla 19 siyasi təşkilat iştirak edəcək. Onu da vurğulayaq ki, bu seçkilər təkcə hakimiyyət uğrunda siyasi mübarizə deyil, həm də çox kövrək bir dönəmini yaşayan ölkənin, o cümlədən bölgənin gələcək geosiyasi kursunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu mənada onun nəticələrinin Ermənistanın xarici siyasət prioritetlərinin, regional əməkdaşlıq imkanlarının və təhlükəsizlik strategiyasının gələcək istiqamətlərinə də birbaşa təsir göstərəcəyi istisna deyil. Elə Azərbaycan-Ermənistan sülh gündəliyinin gələcək taleyi, həmçinin bütövlükdə Cənubi Qafqazın bundan sonrakı siyasi mənzərəsi də ondan asılıdır.
Xatırladaq ki, Azərbaycanın 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilmiş birgünlük antiterror əməliyyatı nəticəsində bölgədə yaranmış yeni reallıqlar Ermənistan siyasi elitasında dərin fikir ayrılıqları yaradıb. Belə ki, erməni cəmiyyətinin əhəmiyyətli hissəsi hazırki baş nazir Nikol Paşinyanın mövcud vəziyyətlə bağlı həyata keçirdiyi siyasəti dəstəkləyir. Hakim komandaya qarşı çıxan erməni müxalifəti isə Paşinyanı Qarabağ məsələsində yanlış qərarlar qəbul etməkdə, Ermənistanın milli maraqlarını satmaqda, Rusiyadan uzaqlaşmaqda, Qərbə daha çox bel bağlamaqda suçlayırlar. Azərbaycanla münasibətlərin normallaşdırılması, kommunikasiyaların açılması və Qərblə inteqrasiyanın gücləndirilməsi üzərində çalışan baş nazir Paşinyan və komandası mövcud proseslərə qarşı çıxan daxildəki müxaliflərin ictimai rəydə çaşqınlıq yaratmaq cəhdlərinin qarşısını almağa çalışır. Bununla da o, hazırda yaranmış tarixi şansı əldən vermək fikrində olmadığını nümayiş etdirir.
Yeri gəlmişkən, Rusiya da bu məsələdə daha çox canfəşanlıq edir. Hətta Rusiya iyunun 7-də keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistana məhdudiyyətlər tətbiq edib. Belə ki, Rusiyaya, eləcə də Avrasiya İqtisadi İttifaqına üzv olan digər ölkələrə kənd təsərrüfatı məhsulllarının, mineral suların tədarükü məhdudlaşdırılıb. Hətta Rusiya sərhəd-keçid məntəqələrində yükdaşımalara nəzarəti də sərtləşdirib. Bu isə o deməkdir ki, Moskva və İrəvan arasında yaranan gərginlik artıq diplomatik ritorikadan kənara çıxaraq real iqtisadi müstəviyə keçib. Bütün bunlarla yanaşı, Rusiya Avrasiya İqtisadi İttifaqı çərçivəsində də siyasi siqnallar göndərməkdə davam edir. Rəsmi Moskva dəfələrlə bəyan edib ki, Ermənistan, eyni zamanda, həm Avrop İttifaqına inteqrasiya edib, həm də Rusiyanın rəhbərlik etdiyi iqtisadi blokun tamhüquqlu üzvü kimi fəaliyyət göstərə bilməz. Bu yanaşma İrəvan qarşısında açıq geosiyasi seçim dilemması yaradır. Bununla da Rusiya parlament seçkiləri öncəsi Ermənistanda siyasi proseslərə təsir etməyə çalışır. Şübhəsiz, bu kampaniyanın kökündə rəsmi Moskvanın Kremlə baş əyməyən və Avropayönlü siyasət yürüdən Nikol Paşinyan iqtidarını hakimiyyətdən uzaqlaşdırmaq niyyəti dayanır.
Erməni politoloq Giorgi Tumasyanın fikrincə, Rusiya bunu ona tabe olan qüvvələrin – Robert Koçaryan və Samverl Karapetyanın Ermənistanda hakimiyyətə gəlməsi üçün edir. Xatırladaq ki, bu prosesdə Rusiyapərəst siyasi düşərgəni Robert Koçaryan, Qagik Tsarukyan və Samvel Karapetyanın rəhbərlik etdiyi qüvvələr təmsil edir. Hətta mətbuatda onlara səs vermək üçün Rusiyada yaşayan Ermənistan vətəndaşlarının məqsədyönlü şəkildə ölkəyə göndərilməsi barədə xəbərlər də dolaşmaqdadır. Görəsən, Rusiya istəyinə nail ola biləcəkmi? Hələ ki bu suala cavab verməyə tələsməyək. Çünki qarşıdan gələn bazar günündə Ermənistanın üzünü hansı səmtə çevirəcəyi tam aydın olacaq.
Qvami Məhəbbətoğlu, “İki sahil”