Son vaxtlar Cənubi Qafqazda gedən proseslər beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Şübhəsiz, bu prosesdə əsas rol “Beynəlxalq Sülh və Rifah Naminə Tramp Marşrutu”nun (TRIPP) – Zəngəzur dəhlizinin əsasının qoyulmasına məxsusdur. Ölkəmizi Naxçıvanla, eyni zamanda, Türkiyə və bütövlükdə Avropa ilə birləşdirəcək bu marşrut rəsmi Bakının təşkil etdiyi bütün tədbirlərdə prioritet təşkil edir.
Prezident İlham Əliyev iyunun 1-də Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimindəki nitqində bildirib ki, Şərq-Qərb dəhlizi uğurla fəaliyyət göstərir: “Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir. Bu, ötən il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və mənim tərəfimdən imzalanmış sənədə əsaslanır. Bütün bunlar hamımız üçün böyük sərvətdir”. Dövlətimizin başçısı xüsusi olaraq vurğulayıb ki, yaradılan infrastruktur yalnız yükdaşımalar və tranzit maraqlarına xidmət etmir. Bununla həm də siyasi sabitliyin və təhlükəsizliyin əsası qoyulur. Bu mənada demək olar ki, Zəngəzur dəhlizi regionda davamlı sülhün və iqtisadi blokadanın aradan qaldırılmasının əsas şərti kimi qəbul edilən hüquqi layihədir. Onu da vurğulayaq ki, Prezident İlham Əliyev beynəlxalq aləmdə verdiyi vədləri yerinə yetirən liderlərdən biri kimi tanınır. Məhz nəyi, necə, nə vaxt etmək lazım olduğunu hamıdan yaxşı bilən Müzəffər Ali Baş Komandanın gerçəkləşən vədləri sayəsində Azərbaycan ən yeni tarixində heç vaxt olmadığı qədər güclü və qüdrətli dövlətə çevrilib.
Qeyd edək ki, Zəngəzur dəhlizi ideyası Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Zəfərinin nəticəsi olaraq meydana çıxıb. Belə ki, bu, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda öz əksini tapıb. Hətta Prezident İlham Əliyev bu Bəyanatı imzaladıqdan sonra Azərbaycan xalqına müraciətində bildirmişdi ki, ölkəmizin savaşdan qazandığı ən böyük nailiyyətlərdən biri Naxçıvana yoldur. Yeri gəlmişkən onu da qeyd edək ki, İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir.
Ermənistan uzun müddət dəhlizin reallaşmaması üçün min hiylədən çıxıb. Hətta “Sülhün kəsişməsi” kimi qeyri-real və cəfəng layihə ortaya atmaqla beynəlxalq ictimaiyyətin diqqətini real sülh ideyasından yayındırmaq istəyib. Üstəlik, Rusiya da bu məsələyə laqeyd yanaşıb. Amma ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin avqustun 8-də Ağ Evdə görüşü və bu görüşün nəticəsi olaraq bir sıra sənədlərin imzalanması Zəngəzur dəhlizi məsələsini aktuallaşdırıb. Artıq bu layihə reallaşmaqdadır.
Yeri gəlmişkən, iyunun 4-də Ermənistan ABŞ ilə "Tramp Marşrutu" (TRIPP) layihəsi üzrə Çərçivə sazişi imzalayıb, sənəd ratifikasiyaya hazırdır. Ermənistan mediasına istinadən bildirək ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan bəyan edib. ABŞ Dövlət katibi Marko Rubio bu sənədi iyunun 3-də imzalayıb. Bununla bağlı məlumat verən Rubio bildirib: “Dünən TRIPP yolunu yaradan bir saziş imzaladım. Bu, hər iki ölkə, xüsusən də Ermənistan üçün suverenliyinə əsaslanaraq fövqəladə imkanlar yaradacaq". Xatırladaq ki, Ermənistanın xarici işlər naziri və ABŞ Dövlət katibi Marko Rubio bu sənədi mayın 26-da paraflamışdılar.
Bu məqamda ABŞ Prezidenti Donald Trampın Bakı Enerji Həftəsinin işə başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubdakı bu fikirləri xatırlatmaq yerinə düşər: “Biz Ağ Evdə görüşdüyümüz zaman irəliyə doğru addım atdıq və Ermənistan ilə Azərbaycan arasında uzunmüddətli sülhə nail olduq. Bildiyiniz kimi, regional enerji inteqrasiyası avqustun 8-də keçirilmiş tarixi sülh sammitinin əsas sütunudur. Mənim Administrasiyam bu mövzu ilə əlaqədar iyun ayında məhsuldar müzakirələri səbirsizliklə gözləyir. Biz birlikdə sülhü irəliyə doğru aparacaq, rifahı gücləndirəcək və Sizin bölgədə, bütün dünyada daha əmin gələcək quracağıq”. Bu prosesdə Zəngəzur dəhlizinin önəmli rol oynayacağı şəksizdir.
Qvami Məhəbbətoğlu, “İki sahil”