05 iyun 2026 17:20
122

55 illik ömür yolu

Səbuhi Məmmədəli oğlu İbrahimov 10 iyun 1971-ci ildə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kəndində anadan olub. 1993-1998-ci illərdə Bakı İslam Universitetində bakalavr təhsil almış, 2002-2004-cü illərdə Naxçıvan Dövlət Universitetinin “Fəlsəfə tarixi” ixtisası üzrə magistratura pilləsində təhsil alaraq “Şərq peripatetizmi” mövzusunda dissertasiya müdafiə edərək magistr elmi dərəcəsi almışdır. 2005-ci ildə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun (2020-ci ilin noyabr ayından “Fəlsəfə və Sosiologiya İnstitutu” adlandırılıb) dissertantı olmuş və 2008-ci ildə Bakı Dövlət Universitetində “İslamda İmamilik” adı mövzusundan dissertasiya müdafiə edərək fəlsəfə üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti Yanında Ali Attestasiya Komissiyası tərəfindən 27 iyun 2012-ci il tarixli qərarı ilə "fəlsəfə tarixi" ixtisası üzrə dosent elmi adı verilmişdir. 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi nəzdində fəaliyyət göstərən Dissertasiya şurasında “Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı - XX əsrin əvvəlləri)” mövzusunda Mətnşünaslıq, mənəvi-mədəni irsə dair qədim əlyazmaların işlənməsi (tərcüməsi, tədqiqi və nəşrə hazırlanması) ixtisası üzrə doktorluq müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. Səmərəli elmi fəaliyyətinə görə müxtəlif mükafat və təltiflərə layiq görülüb.

Hazırda Naxçıvana məxsus qədim əlyazma mətnlərinin tədqiqi, tərcüməsi və onların elmi-fəlsəfi mahiyyətinin araşdırılmasında mühüm elmi fəaliyyətlə məşğuldur. Bunu alimin Naxçıvana dair əlyazma mətnləri ilə bağlı 180-nə yaxın çap olunan elmi məqaləsindən də görmək olar. Səbuhi İbrahimov respublika mətnşünaslıq elminin inkişafında zəhmətlə ərsəyə gətirdiyi 18 kitab, monoqrafiya, dərs və metodik vəsaitlərin və ölkədə və xaricdə çap olunan bir sıra elmi məqalənin müəllifidir

Həyatının bir hissəsini doğma Azərbaycanımız və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvana dair əlyazma mətnlərinin araşdırılmasına həsr edən dosent Səbuhi İbrahimov 55 illik bir müddət ərzində zəngin həyat yolu keçmiş və elmi yaradıcılıqla məşğul olmuşdur. Belə ki, onun Naxçıvana dair əlyazma mətnləri ilə bağlı 180-dən artıq elmi məqaləsi çap edilmişdir. O, beynəlxalq konfranslarda iştirak etmiş, həmin ölkələrin elmi jurnallarında məqalələri çap edilmişdir. Səbuhi İbrahimov 2006-cı ildən AMEA-nın Naxçıvan Bölməsi Əlyazmalar Fondu, əlyazmaların kataloqlaşdırılması şöbəsində kiçik elmi işçi, elmi işçi və şöbə müdiri kimi fəaliyyət göstərməklə, Naxçıvanın zəngin tarixi keçmişinə aid qədim əlyazma mətnlərinin öyrənilib tədqiq edilməsi, onların elmi-fəlsəfi mahiyyətinin araşdırılması, mətnşünaslıq elminin bölgə üçün əhəmiyyətli dərəcədə zəruri olduğu istiqamətində çoxsaylı iş aparır.

O, sadəliyi, təvazökarlığı və digər insani keyfiyyətləri ilə cəmiyyətdə böyük hörmət qazanıb. Hazırda mətnşünas alim kimi Naxçıvanın əlyazmalarının tədqiqi ilə məşğul olur. Naxçıvan Muxtar Respublikasının yaşayış məskənlərindən toplanaraq AMEA Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda saxlanan və tədqiqata cəlb olunan əlyazma mətnlərini həvəslə və yorulmadan mətnşünaslıq baxımından öyrənir və elmi dövriyyəyə daxil edir. Alim uzun illərdən bəri üzərində çalışdığı və uğurla müdafiə etdiyi “Naxçıvana dair əlyazmaların filoloji-tekstoloji tədqiqi (XIX əsrin axırı - XX əsrin əvvəlləri)” adlı doktorluq dissertasiyasını da bu mövzuya həsr etmişdir. Ancaq zəhmətkeş alim təkcə tədqiqatlar aparmaqla kifayətlənmir, bəzi əlyazmaların  tərcüməsi ilə də məşğul olur və gərgin əməyinin məhsulu olan həmin tərcümələri nəşr etdirərək geniş oxucu  auditoriyasına təqdim edir.

Yunan dramaturqu Sofokl yazır: “Dünyada heyrətedici güclü qüvvələr çoxdur, lakin insandan güclüsü yoxdur”. Əsas məsələ bundan necə istifadə etməkdə, bu gücü nəyə sərf etməkdə, nəyə yönəltməkdədir. Öz gücünü düzgün qiymətləndirməyi bacaran və ondan düzgün istifadə edən insan həmişə uğur qazanır. Bunun üçün o gərək heç bir çətinlikdən qorxmasın, öz işini sevsin.

Səbuhi müəllim ata yurdunun gərəkli davamçısı olan ləyaqətli övlad, yaxşı valideyn, Azərbaycan ziyalılığının mühüm keyfiyyətlərini özündə cəmləşdirən, xalqını dərin məhəbbətlə sevən əsl vətəndaş, ləyaqətli pedaqoqdur. İnsan üçün həyatdan, təcrübədən, sınaqdan böyük, təsirli, səmərəli, xeyirli məktəb ola bilməz. Məhz uzun illərin təcrübəsi onu həm də əsl müəllim kimi formalaşdırıb.

Bu günlərdə Səbuhi İbrahimovun 55 yaşı tamam olur. O, gözəl arzularla yaşayır. Onu yeni-yeni tədqiqatlar, həyatda daha böyük uğurlar gözləyir. Əminəm ki, biz həmişə onun yeni tədqiqat əsərləri ilə tanış olacaq, onun gur səsini auditoriyalardan eşidəcəyik. Mən öz alim dostumu 55 illik yubileyi münasibətilə təbrik edir, ona uzun ömür və yeni elmi nailiyyətlər arzulayıram.

Rəşad Zülfüqarov,
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi