Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən Orta Dəhliz artıq xəritədə çəkilmiş xətdən daha böyük məna daşıyaraq dəyişən dünya nizamında etibarlılıq, çeviklik və geosiyasi balansın simvoluna çevrilir
Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər dünya ticarət marşrutlarının və logistika xətlərinin yenidən formalaşmasına səbəb olur. Xüsusilə Rusiya-Ukrayna müharibəsi, İran-ABŞ qarşıdurması və Çinin qlobal bazarlara daha geniş çıxış strategiyası fonunda Orta Dəhlizin əhəmiyyəti kəskin şəkildə artıb. Bu iki əsas geosiyasi risk zonası arasında yerləşən Orta Dəhliz daha stabil və təhlükəsiz alternativ kimi ön plana çıxır.
Orta Dəhliz Çindən başlayaraq Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya uzanan mühüm nəqliyyat arteriyasıdır. Bu marşrut həm quru, həm də dəniz komponentlərini özündə birləşdirir və çoxşaxəli logistika imkanları yaradır. Geosiyasi risklərin nisbətən az, marşrutun daha qısa və çevik olması, alternativ nəqliyyat imkanlarının mövcudluğu, regional əməkdaşlığın güclənməsi bu dəhlizin üstünlükləridir. Çin qlobal iqtisadiyyatın əsas aktorlarından biri kimi “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində yeni bazarlara çıxışı genişləndirməyə çalışır. Şimal və Cənub marşrutlarında yaranan problemlər Çini Orta Dəhlizə daha çox investisiya yatırmağa və bu marşrutdan istifadəni artırmağa sövq edir. Bu isə Orta Dəhliz ölkələri üçün əlavə iqtisadi dividendlər və tranzit gəlirləri deməkdir.
Orta Dəhlizdə Azərbaycanın rolu xüsusilə stratejidir. Ölkə coğrafi mövqeyi baxımından Şərq ilə Qərbi birləşdirən əsas körpüdür. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu kimi layihələr bu dəhlizdəki rolumuzu daha da gücləndirir. Orta Dəhlizin mühüm seqmentlərindən olan BTQ-nin imkanlarının artırılması məqsədilə həyata keçirilən modernləşdirmə işlərinin nəticəsində bu xəttin illik yükötürmə qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Beləliklə, bu xətt Çin və Mərkəzi Asiyadan Avropaya doğru daha funksional quru yol marşrutlarından birinə çevrilib. Bu isə BTQ-nin qlobal ticarətdəki rolunun əhəmiyyətli dərəcədə artması deməkdir. İndi texnoloji baxımdan tam şəkildə müasirləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropa ilə Asiyanı bir-birinə daha da yaxınlaşdıracaq və regionumuzun qlobal ticarət-logistika şəbəkəsində strateji əhəmiyyətini artıracaq. BTQ dəmir yolu xəttinin modernləşdirilib tam gücü ilə istifadəyə verilməsi həm Azərbaycan üzərindən beynəlxalq yükdaşımalarının artmasına və Orta Dəhliz boyunca yük axınının çoxalmasına ciddi təsir göstərəcək, həm də paralel olaraq, Azərbaycan iqtisadiyyatının inkişafı baxımından yeni imkanlar yaradacaq. Yükdaşıma ilə yanaşı, həm də sərnişindaşıma üçün nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolunun bir başqa üstünlüyü isə ondadır ki, artıq Bakıdan və Tbilisidən birbaşa Türkiyəyə sərnişinlərin rahat gediş-gəlişi də reallığa çevriləcək. Eləcə də Azərbaycan, Türkiyə və Gürcüstan vətəndaşları ilə yanaşı, həmçinin xarici turistlər də bu dəmir yolu xəttinin imkanlarından rahat şəkildə istifadə biləcəklər. Bu isə regionda turizmin inkişafına əlavə töhfə verəcək. Bütün bunlar onu göstərir ki, Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi düzgün strateji qərardır.
Orta Dəhlizin artan əhəmiyyətinin konkret statistik göstəricilərinə nəzər salaq. Qazaxıstan Nəqliyyat Nazirliyinin məlumatına görə, son 7 ildə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca daşımaların həcmi 0,8 milyon tondan 4,5 milyon tona qədər yüksəlib. Son statistik hesabatlara görə, 2025-ci ildə sırf Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) boyunca təxminən 77 min TEU (Twenty-foot Equivalent Unit, dəniz və dəmir yolu nəqliyyatında istifadə olunan standart konteyner tutumu ölçü vahidi) daşınıb. Hədəf isə daha iddialıdır - 2029-cu ilə qədər konteyner daşımalarının 300 min TEU-ya çatdırılması planlaşdırılır. "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin məlumatına görə isə ümumiyyətlə, Bakı Beynəlxalq Dəniz Limanı tarixində ilk dəfə illik konteyner aşırma həcmi 107 min TEU səviyyəsinə çatıb. Bu rəqəmə həm TBNM ilə daşınan yüklər, həm də digər marşrutlar üzrə daşımalar daxildir. Bu göstəricini idarəetmə və inteqrasiya baxımından dönüş nöqtəsi kimi qəbul etmək olar. Xatırladaq ki, Prezident İlham Əliyevin 25 fevral 2025-ci il tarixli Fərmanı ilə Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə inteqrasiyası yükaşırma proseslərinin sürətlənməsinə və logistik marşrutların optimallaşdırılmasına imkan yaradıb. Artıq bu inteqrasiya real nəticələr verib. Yükaşırma göstəricilərinin artması Bakı Beynəlxalq Dəniz Limanının regionun ən etibarlı logistik qovşaqlarından biri kimi mövqeyini daha da möhkəmləndirir. Bu isə öz növbəsində Azərbaycanın Şərqlə Qərb arasında əsas tranzit mərkəzlərdən birinə çevrilməsi prosesini sürətləndirir. Xüsusilə diqqətçəkən məqam odur ki, limanda tətbiq olunan yaşıl və rəqəmsal logistik həllər Orta Dəhliz üzrə inteqrasiyanı dərinləşdirərək həm yük həcmlərinin artımını, həm də iqtisadiyyat üçün daha yüksək əlavə dəyərin formalaşmasını vəd edir. Müqayisə üçün bildirək ki, liman 2018-ci ildə istifadəyə verilərkən onun illik yükaşırma gücü 15 milyon ton və 100 min TEU konteyner səviyyəsində idi. Lakin ADY-yə inteqrasiyadan sonra həyata keçirilən operativ layihələr nəticəsində bu potensial qısa müddətdə 150 min TEU ekvivalentinə çatdırılıb.
Hazırda dəhlizin əsas kommersiya yükü Çin və Mərkəzi Asiyadan Avropaya yönələn axın üzərində qurulub. Lakin artıq "əks istiqamət"in - Qərbdən Şərqə daşımaların artırılması istiqamətində də konkret addımlar atılır. 2024-cü ilin noyabrında Bakı-Sian ixrac blok qatarının yola salınması bu baxımdan simvolik dönüş nöqtəsi sayılır. 2024-cü ilin mayında Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi isə marşrutun elastikliyini artıraraq iki istiqamətli ticarət üçün yeni imkanlar açır. Avropa, o cümlədən Avstriya şirkətlərinin bu xəttə maraq göstərməsi də Orta Dəhlizin qlobal oyunçuya çevrildiyini sübut edir.
Sevinc Azadi, “İki sahil”