Ermənilər tərəfindən viran qoyulmuş şəhər və kəndlərimiz artıq bərpa olunur. Özü də bu ərazilərdə görülən işlərin dünyada tayı-bərabəri yoxdur. Görülən işlərin miqyası və əhali üçün yaradılan şərait onu göstərir ki, Qarabağın və Şərqi Zəngəzurun qısa müddətdə bərpası Prezident İlham Əliyevin xüsusi həssaslıqla yanaşdığı prioritet məsələlərdəndir. Təkcə bir faktı qeyd edək ki, cəmi bir neçə il ərzində beynəlxalq standartlara cavab verən Füzuli, Zəngilan və Laçın Hava limanlarının və digər infrastruktur obyektlərinin inşası başa çatdırılıb. Şübhəsiz, qısa müddətdə bu qədər iş görməyi ancaq güclü dövlət edə bilər. Prezident İlham Əliyevin mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşündə bildirdiyi kimi, bu güclü dövlətin əsasını isə xalq-iqtidar birliyi təşkil edir.
Yeri gəlmişkən, fəaliyyətinin əsas qayəsi xalqa və dövlətə sədaqətli, layiqli xidmət prinsipi üzərində qurulan Prezident İlham Əliyev çıxışlarında və müsahibələrində dəfələrlə vurğulayıb ki, əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Elə İkinci Qarabağ müharibəsində qazanılan Zəfər və birgünlük antiterror tədbirləri zamanı əldə edilən nəticələr bu birliyin sayəsində əldə olundu. Bu birlik Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi, Qarabağ yarasını birdəfəlik kəsib atdı, Xankəndidəki hərbi xuntanın ömrünə son verdi, bir qisim cinayətkarı ədalət məhkəməsinə çıxardı. Bu vəhdət sayəsində bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bir sözlə, ölkəmiz suverenliyini bərpa edib. Bu, bir daha göstərir ki, xalqımız böyük xalqdır. Əzab-əziyyətə baxmayaraq əyilmədi, nəticədə istəyinə nail oldu. Şübhəsiz, bu prosesdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin yürütdüyü müstəqil siyasət mühüm rol oynayıb. Elə əldə edilmiş sülh də xalq-iqtidar birliyinin şərtləri əsasında olub. Yeri gəlmişkən, son 80 il ərzində Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan ikinci ölkə olmayıb.
Son 23 ilə yaxın müddətdə Azərbaycanın keçdiyi tarixi yola nəzər saldıqda Prezident İlham Əliyevin daim xalqın arzu və istəklərini nəzərə alaraq siyasət həyata keçirdiyinin şahidi oluruq. Azərbaycan xalqı da həmişə öz Liderinə güvənib, ona ən güclü dayaq olub. Bu mənada demək olar ki, Xalq-iqtidar birliyi ölkəmizin dünya səviyyəsində tanınmasında, böyük nüfuz sahibi olmasında müstəsna əhəmiyyət kəsb edib. Bəli, məhz bu birlik sayəsində Prezident İlham Əliyevin rəhbərliyi altında vüqarlı, yenilməz xalqımız xarüqələr yaradıb və yaratmaqda davam edir. Artıq bu, bir həqiqətdir ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb. Ötən bu illər ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Bu uğura da ölkəmiz xalq-iqtidar birliyi sayəsində imza atıb.
İftixarla deyə bilərik ki, bütün parametrlərinə görə Azərbaycan bu gün Cənubi Qafqazın ən inkişaf etmiş dövlətidir. Bu gün regionda reallaşdırılan bütün qlobal, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ölkəmiz beynəlxalq aləmdə də söz, nüfuz sahibidir.
Bu məqəmda Prezident İlham Əliyevin mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşündə dediyi bu sözləri xatırlatmaq yerinə düşər: “Bu gün biz rahat yaşayırıq, qalib xalq kimi və qalib dövlət kimi. Bu, böyük qürur mənbəyidir”.
Qvami Məhəbbətoğlu, “İki sahil”