8 Noyabr – Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılmış, milli qürur və iftixar hisslərimizi özündə təcəssüm etdirən möhtəşəm Zəfər günüdür. Bu əlamətdar tarix xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri, dövlətimizin qüdrətinin, ordumuzun döyüş qabiliyyətinin və xalqımızın sarsılmaz iradəsinin təntənəsidir. Məhz 2020-ci il noyabrın 8-də Azərbaycanın mədəniyyət paytaxtı, Qarabağın tacı sayılan Şuşa şəhəri işğaldan azad edildi. Bu tarixi hadisə 44 günlük Vətən müharibəsinin taleyini həll edən mühüm hərbi-siyasi qələbə olmaqla yanaşı, Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzminin parlaq ifadəsinə çevrildi.
Şuşa Azərbaycan xalqı üçün sadəcə coğrafi məkan deyil. Şuşa milli-mənəvi dəyərlərimizin, zəngin mədəniyyətimizin, musiqimizin, ədəbiyyatımızın və tarixi yaddaşımızın ayrılmaz hissəsidir. Pənahəli xan tərəfindən əsası qoyulan bu şəhər uzun illər Azərbaycan dövlətçilik tarixində mühüm yer tutmuş, görkəmli şəxsiyyətlər, sənətkarlar, musiqiçilər və şairlər yetişdirmişdir. Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi böyük şəxsiyyətlərin adı Şuşanın şöhrətini bütün dünyaya yaymışdır. Təsadüfi deyil ki, Şuşa Azərbaycan musiqisinin və poeziyasının beşiyi, Qarabağın mədəniyyət mərkəzi kimi tanınır.
1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Şuşa şəhəri 28 ildən artıq müddətdə xalqımızın qəlbində sağalmaz bir yara olaraq qalmışdı. İşğal dövründə şəhərin tarixi-mədəni abidələrinə ciddi ziyan vurulmuş, məscidlərimiz, tarixi binalarımız və mədəni irsimiz dağıntılara məruz qalmışdı. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan xalqı Şuşaya qayıdacağına, doğma torpaqlarımızın azad ediləcəyinə heç vaxt inamını itirmədi.
Bu inamın möhkəm təməli Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi güclü dövlətçilik siyasəti və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində formalaşdı. Ölkəmizdə həyata keçirilən ordu quruculuğu, iqtisadi inkişaf, beynəlxalq nüfuzun artırılması və milli birliyin möhkəmləndirilməsi Azərbaycanın tarixi Zəfərinə aparan yolun əsas istiqamətləri oldu.
2020-ci il sentyabrın 27-də Ermənistanın genişmiqyaslı hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan əsgəri torpaqlarımızın azadlığı uğrunda misilsiz qəhrəmanlıq nümayiş etdirdi. 44 gün davam edən Vətən müharibəsində ordumuz bir-birinin ardınca şəhər və kəndlərimizi işğaldan azad edərək xalqımıza tarixi qələbə sevinci yaşatdı.
Bu müharibənin ən mühüm və həlledici mərhələsi Şuşa əməliyyatı oldu. Sıldırım qayalar, keçilməz dağ yolları və mürəkkəb relyef şəraitində Azərbaycan xüsusi təyinatlılarının göstərdiyi misilsiz igidlik hərb tariximizə əbədi həkk olundu. Ağır texnikadan geniş istifadə edilmədən, əsasən yüngül silahlarla aparılan döyüşlərdə Azərbaycan əsgərləri böyük peşəkarlıq, cəsarət və fədakarlıq göstərdilər. Şəhərin azad edilməsi uğrunda gedən döyüşlərdə hər bir əsgər Vətən sevgisinin, milli iradənin və qəhrəmanlığın canlı nümunəsinə çevrildi.
Nəhayət, 2020-ci il noyabrın 8-də Prezident İlham Əliyev xalqa müraciət edərək Şuşanın işğaldan azad olunduğunu elan etdi. Dövlətimizin başçısının həmin gün səsləndirdiyi tarixi fikirlər xalqımızın yaddaşına əbədi həkk olundu: “Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!”
Prezident İlham Əliyevin bu sözləri yalnız hərbi qələbənin elan edilməsi deyildi. Bu, 28 illik həsrətin sona çatması, tarixi ədalətin bərpası, milli qürurumuzun yenidən yüksəlməsi demək idi. Dövlətimizin başçısının vurğuladığı kimi, bu tarixi Qələbə danışıqlar masası arxasında deyil, döyüş meydanında qazanılmışdı. Azərbaycan xalqı və onun rəşadətli Ordusu bütün dünyaya sübut etdi ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyi heç bir qüvvə tərəfindən pozula bilməz.
Şuşanın azad edilməsi Ermənistanın hərbi-siyasi məğlubiyyətini qaçılmaz etdi və 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanatın imzalanması ilə Vətən müharibəsi başa çatdı. Beləliklə, Azərbaycan özünün ərazi bütövlüyünü təmin etmək istiqamətində tarixi nailiyyət əldə etdi.
Bu gün Şuşa azad şəhər olmaqla yanaşı, Azərbaycanın dirçəlişinin, quruculuğunun və milli birliyinin rəmzinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Tarixi abidələrimiz, məscidlərimiz, mədəniyyət ocaqlarımız bərpa olunur, yeni yollar, yaşayış evləri, sosial və turizm infrastrukturu yaradılır. Şuşanın tarixi simasının qorunması və əvvəlki şöhrətinin qaytarılması istiqamətində ardıcıl tədbirlər görülür.
Şuşada keçirilən Vaqif Poeziya Günləri, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı və digər mədəni tədbirlər şəhərin yenidən Azərbaycanın mədəniyyət mərkəzi kimi dirçəldiyini nümayiş etdirir. 2023-cü ildə Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi də bu qədim şəhərin beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir.
8 Noyabr – Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, iftixar və qəhrəmanlıq günüdür. Bu tarix bizə bir daha xatırladır ki, xalqın birliyi, güclü dövlət, qüdrətli ordu və qətiyyətli rəhbərlik qarşısında heç bir maneə dayana bilməz. Şuşa Zəfəri şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin misilsiz fədakarlığı bahasına qazanılmış müqəddəs qələbədir. Bu səbəbdən şəhidlərimizin əziz xatirəsini daim uca tutmaq, qazilərimizə diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur.
Əminliklə demək olar ki, Şuşanın azad edilməsi Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı oldu. Bu Zəfər gələcək nəsillərə Vətən sevgisinin, milli həmrəyliyin və mübarizə əzminin ən böyük nümunəsi kimi ötürüləcək.
Bu gün Şuşa azaddır, Azərbaycan bayrağı əzəmətlə dalğalanır. Şuşanın hər daşı, hər küçəsi, hər tarixi abidəsi xalqımızın qəhrəmanlığından və sarsılmaz iradəsindən xəbər verir. Şuşa Zəfəri Azərbaycanın gücünün, birliyinin və qalib xalq olduğunun əbədi rəmzidir.
Şuşa bizimdir, Qarabağ Azərbaycandır! Yaşasın müstəqil Azərbaycan!
Ehtibar İsmayılov,
YAP Ordubad rayon təşkilatının sədri
KONSTİTUSİYAMIZ MİLLİ DÖVLƏTÇİLİYİMİZİN VƏ MƏNƏVİ DƏYƏRLƏRİMİZİN HÜQUQİ TƏMƏLİDİR