03 noyabr 2026 23:15
71

8 Noyabr – Şuşa Günü: Xalqımızın qəhrəmanlıq salnaməsi

Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar zaman keçdikcə daha böyük məna və əhəmiyyət qazanır. 8 Noyabr – Şuşa Günü də xalqımızın yaddaşına əbədi həkk olunmuş belə möhtəşəm tarixlərdəndir. Bu gün Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalətin bərpası uğrunda apardığı mübarizənin, milli birliyin, dövlət iradəsinin və qəhrəman Azərbaycan Ordusunun misilsiz şücaətinin rəmzidir.

Şuşa Azərbaycan xalqı üçün yalnız qədim şəhər deyil. Qarabağın tacı, milli-mədəniyyətimizin beşiyi, muğamımızın, poeziyamızın və incəsənətimizin müqəddəs məkanıdır. Şuşanın hər daşı, hər küçəsi, hər tarixi abidəsi xalqımızın zəngin keçmişindən xəbər verir. Bu şəhərin azad olunması təkcə mühüm hərbi-strateji qələbə deyil, həm də milli qürurumuzun, mənəvi bütövlüyümüzün və tarixi yaddaşımızın bərpası idi.

Bu Zəfərin ideya və siyasi əsaslarının formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu Öndər hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsini, güclü dövlət quruculuğunu və qüdrətli ordunun yaradılmasını əsas prioritetlərdən hesab edirdi. Onun uzaqgörən siyasəti, dövlətçilik təcrübəsi və milli maraqlara əsaslanan strategiyası gələcək qələbələr üçün möhkəm təməl yaratdı. Heydər Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət, hərbi kadrların hazırlanmasına verdiyi önəm və Azərbaycan əsgərinə olan inam bu gün də böyük ehtiramla xatırlanır.

Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti iqtisadi, siyasi və hərbi qüdrətini ardıcıl şəkildə artırdı. Ordunun maddi-texniki bazası gücləndirildi, müasir silah və texnika alındı, hərbi qulluqçuların peşəkarlığının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı. Eyni zamanda, ölkəmizin beynəlxalq mövqeyi möhkəmləndirildi və Azərbaycanın haqq işi dünya ictimaiyyətinə çatdırıldı.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini bütün dünyaya nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı, əsgər və zabitlərimizin cəsarəti, xalqımızın sarsılmaz dəstəyi tarixi Zəfərin əsas amilləri oldu. 44 gün davam edən müharibədə hər bir hərbçimiz Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirdi. Şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı və igid əsgərlərimizin fədakarlığı ilə torpaqlarımızın azadlığına gedən yol açıldı.

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi Vətən müharibəsinin taleyini həll edən ən mühüm hadisələrdən biri oldu. Dağlıq relyefə, mürəkkəb döyüş şəraitinə baxmayaraq, Azərbaycan xüsusi təyinatlıları və digər hərbi bölmələr misilsiz qəhrəmanlıq göstərərək şəhəri düşmən işğalından azad etdilər. Şuşa əməliyyatı hərb tariximizə peşəkarlığın, cəsarətin, fədakarlığın və Vətən sevgisinin parlaq nümunəsi kimi daxil oldu. Bu qələbə Azərbaycan əsgərinin iradəsini, ordumuzun döyüş qabiliyyətini və xalqımızın sarsılmaz ruhunu nümayiş etdirdi.

Şuşanın azad edildiyi xəbərini Ali Baş Komandan İlham Əliyevin xalqa müraciəti ilə eşidən milyonlarla azərbaycanlının sevincini sözlə ifadə etmək çətindir. Həmin gün xalqımızın qəlbində illərlə yaşatdığı arzu gerçəkləşdi. Şuşa yenidən azad nəfəs aldı, üçrəngli Azərbaycan bayrağı şəhərimizdə dalğalandı. Bu tarixi hadisə Vətən müharibəsində Qələbənin yaxınlaşdığını təsdiqlədi və Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərdi.

Şuşa Zəfərinin qəhrəmanları, ilk növbədə, canlarını Vətən uğrunda fəda edən şəhidlərimizdir. Onların əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq. Döyüşlərdə sağlamlığını itirən qazilərimizə, ön və arxa cəbhədə fədakarlıq göstərən hər kəsə minnətdarlığımız sonsuzdur. Azərbaycan Ordusunun əsgər və zabitləri öz hünərləri ilə sübut etdilər ki, Vətən sevgisi, birlik və peşəkarlıq qarşısında heç bir maneə dayana bilməz.

Bu gün Şuşada aparılan bərpa və quruculuq işləri, tarixi-mədəni irsin qorunması, şəhərin əvvəlki şöhrətinin qaytarılması Zəfərimizin davamıdır. Şuşanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, mədəniyyət paytaxtı kimi dirçəlməsi onun Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha nümayiş etdirir. Şəhərin yenidən qurulması həm şəhidlərimizin xatirəsinə ehtiram, həm də gələcək nəsillər qarşısında məsuliyyətimizin ifadəsidir.

8 Noyabr – Şuşa Günü bizə bir daha xatırladır ki, güclü dövlət, uzaqgörən rəhbərlik, qüdrətli ordu və xalq birliyi böyük tarixi məqsədlərə çatmağın əsas şərtləridir. Ümummilli Lider Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməli, Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın birliyi Şuşanın azadlığı ilə nəticələnən Zəfəri mümkün etdi.

YAP-ın VIII qurultayında cənab Prezident, YAP-ın Sədri İlham Əliyev demişdir: “Bizim qələbəmizin başlanğıc tarixi Yeni Azərbaycan Partiyasının təsis qurultayında baş verdi”.

8 Noyabr – Zəfər Günü xalqımızın qürur və iftixar mənbəyidir.

Qadir İbrahimov,
YAP Culfa rayon təşkilatının sədri