Konstitusiyamız ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.
Ulu Öndər Heydər Əliyev
Konstitusiya müasir dövlətlərin çoxunun hüquqi əsaslarını, siyasi quruluşunu və dövlətlə cəmiyyət arasındakı münasibətlərin başlıca prinsiplərini müəyyən edən ali qanundur. Onun əsl mahiyyəti yalnız hüquq və vəzifələri təsbit etməklə məhdudlaşmır, həm də insan ləyaqətinin, azadlığın, bərabərliyin, ədalətin və qanunun aliliyinin təmin olunmasına xidmət edir. Dünyəvilik, demokratik idarəçilik, hüquq bərabərliyi və ümumbəşəri dəyərlərə hörmət prinsiplərini özündə birləşdirən Konstitusiya müasir sivilizasiyanın hüquqi və mənəvi əsaslarını, cəmiyyətin davamlı inkişafının başlıca şərtlərini müəyyənləşdirir.
Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində milli kimliyin qorunması, dövlətçilik ənənələrinin yaşadılması və müstəqillik ideyasının gerçəkləşdirilməsi mühüm mərhələlərlə səciyyələnmişdir. Bu tarixi təcrübə, xalqımızın milli düşüncə tərzi, azadlıq və müstəqillik arzuları müasir Azərbaycan Respublikasının Konstitusiyasında öz hüquqi ifadəsini tapmışdır. Dövlətin idarəçilik prinsiplərini və cəmiyyətin hüquqi əsaslarını müəyyənləşdirən bu ali sənəd, eyni zamanda, xalqımızın dövlətçilik iradəsini, milli-mənəvi irsini və müasir inkişaf hədəflərini özündə birləşdirən mühüm ictimai-siyasi və mənəvi dəyərdir. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizin ən şərəfli səhifələrindən biridir. Cümhuriyyət xalqımızın müstəqil dövlət qurmaq iradəsini nümayiş etdirmiş, qısa müddətdə siyasi, hüquqi, təhsil və mədəniyyət sahələrində mühüm qərarlar qəbul etmişdir. Lakin mürəkkəb tarixi şərait səbəbindən müstəqil dövlətin ayrıca Konstitusiyasını qəbul etmək mümkün olmamışdır. Sovet hakimiyyəti dövründə isə Azərbaycan SSR-in 1921, 1927, 1937 və 1978-ci illərdə konstitusiyaları qəbul edilmiş, həmin sənədlər respublikanın siyasi və hüquqi həyatını müəyyənləşdirmişdir.
Bu dövrdə milli dövlətçilik düşüncəsinin, dilimizin və mənəvi dəyərlərimizin qorunması xüsusi əhəmiyyət daşıyırdı. Xüsusilə 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ümummilli Lider Heydər Əliyevin prinsipial mövqeyinin mühüm nəticəsi idi. Onun təklifi ilə Konstitusiya layihəsinə daxil edilən bu müddəa ana dilimizin dövlətçilik səviyyəsində qorunması, milli kimliyimizin möhkəmləndirilməsi və gələcək nəsillərə çatdırılması baxımından tarixi əhəmiyyət daşıyırdı. 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinin bərpası Azərbaycan xalqının tarixində yeni mərhələnin başlanğıcı oldu. Lakin müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik, idarəçilik böhranı və mürəkkəb ictimai-siyasi vəziyyət müstəqil dövlət quruculuğunun qarşısında ciddi maneələr yaradırdı. Belə bir şəraitdə xalqın tələbi ilə 1993-cü ildə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyin təmin olunması, dövlət idarəçilik sisteminin formalaşdırılması və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində tarixi missiyanı həyata keçirdi. Məhz onun siyasi iradəsi və uzaqgörən dövlətçilik təfəkkürü müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması üçün zəruri şərait yaratdı.
Ümummilli Lider Heydər Əliyevin rəhbərlik etdiyi Konstitusiya komissiyası tərəfindən hazırlanmış Azərbaycan Respublikasının ilk müstəqil Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edildi və həmin il noyabrın 27-də qüvvəyə mindi. Bu tarixi hadisə müstəqil dövlətimizin hüquqi əsaslarının müəyyənləşdirilməsi, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunun möhkəm təməl üzərində inkişaf etdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Konstitusiyanın qəbul edilməsi milli müstəqilliyimizin hüquqi təminatını yaratmaqla yanaşı, ölkəmizin gələcək inkişaf istiqamətlərini də müəyyənləşdirdi. Konstitusiyanın insan amilinə verdiyi üstünlük onun demokratik mahiyyətini müəyyən edən başlıca xüsusiyyətlərdəndir. İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədlərindən biri kimi müəyyənləşdirilmiş, hər bir şəxsin ləyaqətinə hörmət, hüquq bərabərliyi, vicdan və söz azadlığı, təhsil və mədəniyyət hüquqları konstitusion təminat altına alınmışdır. Azərbaycan Respublikasının dünyəvi dövlət kimi müəyyənləşdirilməsi, dinin dövlətdən ayrılması və bütün dini etiqadların qanun qarşısında bərabərliyinin təsbit olunması da müasir demokratik cəmiyyətin mühüm prinsiplərindəndir. Bu müddəalar ictimai münasibətlərin qarşılıqlı hörmət, tolerantlıq və hüquq bərabərliyi əsasında inkişafına xidmət edir.
Humanitar və mədəniyyət sahəsində Konstitusiyanın əhəmiyyəti xüsusilə böyükdür. Çünki hər bir xalqın mənəvi varlığı onun dili, ədəbiyyatı, incəsənəti, tarixi yaddaşı, adət-ənənələri və mədəni irsi ilə müəyyən olunur. Konstitusiyanın 16-cı maddəsində dövlətin mədəniyyətin, təhsilin, elmin və incəsənətin inkişafına yardım göstərməsi, xalqın tarixi, maddi və mənəvi irsini qoruması əsas vəzifələrdən biri kimi təsbit edilmişdir. 40-cı maddə hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququnu, 45-ci maddə isə ana dilindən istifadə etmək, istədiyi dildə təhsil almaq və yaradıcılıqla məşğul olmaq hüququnu təmin edir. Bu müddəalar milli-mənəvi sərvətlərimizin qorunması və gələcək nəsillərə çatdırılması üçün mühüm hüquqi zəmin yaradır. Milli mədəniyyətin inkişafı keçmişin zəngin irsinin qorunması ilə yanaşı, onun müasir dövrün tələblərinə uyğun yaşadılmasını, yeni yaradıcılıq meyilləri ilə zənginləşdirilməsini və beynəlxalq mədəniyyət məkanında layiqincə təmsil olunmasını da nəzərdə tutur. Milli musiqimizin, teatrımızın, təsviri sənətimizin, xalq yaradıcılığının, folklorumuzun və ədəbi irsimizin qorunması, öyrənilməsi və təbliği dövlətçilik düşüncəsinin mədəni müstəvidə davamıdır. Bu baxımdan Konstitusiyanın yaratdığı hüquqi əsaslar mədəniyyətin ictimai həyatın ayrılmaz tərkib hissəsi kimi inkişafına, yaradıcı insanların fəaliyyətinə və milli irsin qorunmasına xidmət edir.
Azərbaycan xalqı əsrlər boyu formalaşdırdığı humanizm, qonaqpərvərlik, tolerantlıq, böyüyə hörmət, ailə və mənəvi birlik ənənələrini qoruyaraq müasir dünyaya inteqrasiya etmişdir. Bu dəyərlər xalqımızın milli xarakterinin və mədəni kimliyinin ayrılmaz hissəsidir. Konstitusiyada təsbit edilmiş hüquq bərabərliyi, insan ləyaqətinə hörmət və vicdan azadlığı prinsipləri milli ənənələrimizlə ümumbəşəri dəyərlər arasında ahəngdarlığın qorunmasına, cəmiyyətdə qarşılıqlı ehtiramın və ictimai həmrəyliyin möhkəmlənməsinə zəmin yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti Konstitusiyada müəyyənləşdirilmiş strateji məqsədlərin müasir dövrün tələblərinə uyğun davam etdirilməsinə yönəlmişdir. Ölkəmizin iqtisadi, siyasi və humanitar sahələrdə inkişafı, beynəlxalq mədəniyyətlərarası dialoqda fəal iştirakı, milli-mənəvi dəyərlərin qorunması və mədəni irsin təbliği bu siyasətin mühüm istiqamətlərini təşkil edir. Konstitusiyaya sonrakı illərdə – 2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar vasitəsilə edilmiş əlavə və dəyişikliklər də dövlət idarəçiliyinin və hüquqi sistemin inkişaf edən ictimai-siyasi reallıqlara uyğunlaşdırılması prosesinin tərkib hissəsi olmuşdur.
2020-ci ildə Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin yeni mərhələsini müəyyənləşdirdi. Bu tarixi nailiyyət Konstitusiyanın hüquqi qüvvəsinin ölkəmizin bütün ərazisində təmin olunması üçün şərait yaratdı. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, tarixi abidələrin, dini və mədəni irs nümunələrinin bərpası, yaşayış məntəqələrinin yenidən qurulması xalqımızın tarixi yaddaşına və milli-mənəvi sərvətlərinə ehtiramın ifadəsidir. Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümü və Vətən müharibəsində tarixi Qələbənin beşinci ildönümü nəzərə alınaraq, Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Konstitusiyanın dövlətçilik tariximizdəki yerinin, suverenliyin və ərazi bütövlüyünün əhəmiyyətinin bir daha diqqətə çatdırılması baxımından xüsusi məna daşıyırdı.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlətimizin siyasi və hüquqi həyatının əsasını təşkil etməklə yanaşı, milli birliyimizin, ictimai həmrəyliyimizin və mədəni inkişafımızın mühüm təminatıdır. Onun müddəalarına hörmətlə yanaşmaq, hüquq və vəzifələri dərindən dərk etmək, qanunlara əməl etmək hər bir vətəndaşın dövlətçilik məsuliyyətinin göstəricisidir. Xüsusilə gənc nəslin Konstitusiyanın mahiyyətini, müstəqilliyimizin tarixi əsaslarını, milli-mənəvi dəyərlərimizin əhəmiyyətini dərindən mənimsəməsi mühüm vəzifədir. Bu istiqamətdə təhsil və mədəniyyət müəssisələrinin üzərinə böyük məsuliyyət düşür. 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik tarixini, müstəqillik iradəsini və hüquqi dövlət quruculuğu yolunda qazandığı nailiyyətləri bir daha xatırladan əlamətdar gündür. Konstitusiyamız keçmişimizin tarixi təcrübəsini, bu günümüzün reallıqlarını və gələcəyimizin inkişaf perspektivlərini vahid dövlətçilik ideyasında birləşdirir. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış möhkəm hüquqi təməl müasir Azərbaycanın inkişafına, milli suverenliyimizin möhkəmlənməsinə və xalqımızın tərəqqisinə xidmət edir.
Konstitusiyamız dövlət müstəqilliyimizin hüquqi əsaslarının, milli-mənəvi dəyərlərimizin və demokratik inkişaf prinsiplərimizin təcəssümüdür. Bu ali sənədə hörmət, onun müddəalarına əməl olunması, milli dövlətçilik ənənələrinin və mədəni irsimizin qorunması hər bir vətəndaşın mənəvi və vətəndaşlıq məsuliyyətidir. Konstitusiyamız xalqımızın tarixi yaddaşını, müasir dövlətçilik reallıqlarını və gələcəyə yönəlmiş inkişaf məqsədlərini birləşdirən etibarlı hüquqi təməldir.
Gülxarə Əhmədova,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı