27 may 2026-cı il tarixində SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliya Respublikasına səfəri çərçivəsində bir sıra görüşlər keçirib və 28 May – Müstəqillik Günü münasibətilə Romada təşkil olunan rəsmi qəbulda iştirak edib.
“İki sahil” xəbər verir ki, SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratin, İtaliyanın müəssisələr və “Made in Italy” naziri Adolfo Urso ilə görüşüb.
Görüşlərdə Azərbaycan ilə İtaliya arasında uğurlu iqtisadi əməkdaşlığa əsaslanan əlaqələrin enerji sektorunda da dayanıqlı inkişafı məmnunluqla qeyd olunub. Bu xüsusda, SOCAR tərəfindən “Italiana Petroli” şirkətinin səhmlərinin “API Holding”dən alınmasının ölkələrimizin enerji sektorunda əməkdaşlığının genişlənməsi baxımından önəmi qeyd olunub.

Söhbət zamanı enerji təhlükəsizliyinə, SOCAR-ın İtaliyadakı fəaliyyətinə və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
SOCAR prezidenti səfər çərçivəsində Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü ilə bağlı təşkil olunan rəsmi qəbulda iştirak edib. Tədbir çərçivəsində “SOCAR İtaliya” şirkətinin rəsmi təqdimatı olub.
Tədbirdə çıxış edən SOCAR prezidenti Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə keçdiyi inkişaf yolundan, əldə etdiyi tarixi nailiyyətlərdən bəhs edib.
Azərbaycan ilə İtaliya arasında münasibətlərin ötən illər ərzində qarşılıqlı etimad və sıx əməkdaşlıq əsasında inkişaf etdiyini bildirən Rövşən Nəcəf bu gün də əlaqələrin dinamik şəkildə genişləndiyini, qarşılıqlı faydalı tərəfdaşlığın digər sahələrlə yanaşı, enerji sektorunda da uğurla dərinləşdirildiyini qeyd edib. Rövşən Nəcəf “SOCAR İtaliya” şirkətinin rəsmi fəaliyyətə başlamasının, həmçinin SOCAR tərəfindən “Italiana Petroli” şirkətinin səhmlərinin alınmasının ölkələrimiz arasındakı uğurlu əməkdaşlığın göstəricisi olduğunu bildirib.
Tədbirdə, həmçinin Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Ciriellinin, İtaliya Senatının vitse-prezidenti, senator Licia Ronzullinin çıxışları dinlənilib.
Bakı Ali Neft Məktəbində ölkədə ilk dəfə “SABAH” proqramı üzrə doktorantura təhsilinə başlanılır
SOCAR-ın vitse-prezidenti “China Offshore Oil Engineering Company” şirkətinin baş direktorunun müavini ilə görüşüb