23 may 2026 16:17
204

Bakı növbəti dəfə dünyaya müasir idarəçilik, peşəkar təşkilatçılıq və yüksək diplomatik koordinasiya nümunəsi göstərdi - Nadir Azəri

Bakı forumu qlobal şəhərsalma müzakirələrinə yeni dinamika və fərqli baxış gətirməyi bacardı

44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərdən sonra Azərbaycan regionda formalaşan yeni geosiyasi düzənin əsas söz sahiblərindən birinə çevrilib. Bu gün ölkəmiz təkcə Cənubi Qafqazın deyil, daha geniş beynəlxalq platformaların fəal iştirakçısı kimi çıxış edir. Azərbaycanın təşəbbüsləri artıq təhlükəsizlik, dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlıq və sülh gündəliyinin mühüm komponentlərindən biri hesab olunur. Məhz bu baxımdan mayın 17-22 tarixlərində Bakıda keçirilən BMT-nin Dünya Şəhərsalma Forumu – WUF13 yalnız beynəlxalq tədbir deyil, həm də Azərbaycanın artan qlobal çəkisinin nümayişi idi”.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri səsləndirib.

Nadir Azəri bildirib ki, Bakı WUF13 vasitəsilə növbəti dəfə dünyaya müasir idarəçilik, peşəkar təşkilatçılıq və yüksək diplomatik koordinasiya nümunəsi nümayiş etdirdi. Onun sözlərinə görə, forum həm miqyasına, həm də beynəlxalq rezonansına görə Azərbaycanın son illərdə ev sahibliyi etdiyi ən mühüm platformalardan biri oldu:  “COP29-dan sonra Azərbaycanda keçirilən ən böyük beynəlxalq tədbirlərdən biri hesab olunan WUF13 Bakını bir neçə gün ərzində qlobal müzakirələrin əsas mərkəzinə çevirdi. Forum çərçivəsində müxtəlif ölkələri təmsil edən siyasi liderlər, beynəlxalq təşkilatlar, ekspertlər və vətəndaş cəmiyyəti institutları eyni platformada bir araya gəldi. Bu isə Azərbaycanın beynəlxalq etimad qazanan tərəfdaş statusunu daha da möhkəmləndirdi”.

Bakının artıq qlobal dialoq və strateji müzakirələr üçün etibarlı platformaya çevrildiyinin təsdiqi

Siyasi şərhçinin fikrincə, tədbirin miqyası və iştirak səviyyəsi forumun nə qədər böyük əhəmiyyət daşıdığını bir daha ortaya qoydu. O vurğulayıb ki, 176 ölkədən 58 mindən artıq iştirakçının qatıldığı WUF13 indiyədək keçirilən ən genişmiqyaslı Ümumdünya Şəhərsalma Forumu kimi yadda qaldı. Forum iştirakçıları Azərbaycanın yaratdığı innovativ təşkilati modelə və ölkədə nümayiş olunan qonaqpərvərlik mühitinə xüsusi diqqət yetiriblər.
Nadir Azəri əlavə edib ki, forum çərçivəsində ilk dəfə olaraq ev sahibi dövlətin təşəbbüsü ilə Liderlər Sammitinin təşkili də mühüm hadisə idi: “Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında keçirilən sammitdə 27 dövlət və hökumət başçısının iştirakı ölkəmizin beynəlxalq siyasi nüfuzunun nə qədər gücləndiyini aydın şəkildə göstərdi. Bu, həm də Bakının artıq qlobal dialoq və strateji müzakirələr üçün etibarlı platformaya çevrildiyini təsdiqlədi”. 

Dünya şəhərsalma gündəliyinin paytaxtı

Nadir Azərinin sözlərinə görə, forum müddətində bütün təşkilati mexanizmlər peşəkar şəkildə koordinasiya olunmuşdu: “Nəqliyyat sisteminin operativ fəaliyyəti, könüllülərin hazırlıq səviyyəsi, panel müzakirələrinin təşkili, QHT sektorunun fəal iştirakı və xarici nümayəndə heyətlərinin tədbirə göstərdiyi maraq Azərbaycanın böyük beynəlxalq platformaları yüksək peşəkarlıqla idarə etmək imkanlarını nümayiş etdirdi. WUF13 zamanı Bakı faktiki olaraq dünya şəhərsalma gündəliyinin paytaxtına çevrilmişdi”.

Sonda siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın qazandığı bu təcrübə gələcəkdə analoji beynəlxalq tədbirlərə ev sahibliyi edəcək ölkələr üçün mühüm istinad modelinə çevriləcək. Onun fikrincə, Bakı forumu qlobal şəhərsalma müzakirələrinə yeni dinamika və fərqli baxış gətirməyi bacardı.