28 sentyabr 2026 20:18
83

Mövsüm keçidlərində allergiya niyə artır?

Fəsillərin dəyişməsi ilə bir çox insanlar asqırma, burun tutulması, burun axıntısı və gözlərdə qaşınma kimi narahatlıqlarla qarşılaşırlar. Bu əlamətlərin yaranmasında yalnız temperaturun dəyişməsi deyil, havadakı polenlərin və kif sporlarının miqdarı, eləcə də rütubət səviyyəsi də rol oynaya bilər.

Havanın temperaturu və rütubətindəki dəyişikliklər tənəffüs yollarını daha həssas vəziyyətə gətirə bilər. Eyni zamanda, ilin müxtəlif dövrlərində bitkilərin yaydığı polenlərin miqdarı dəyişir. Allergiyaya meyilli insanlarda bu maddələr immun sisteminin reaksiyasına səbəb olaraq asqırma, burun tutulması, axıntı, gözlərdə qaşınma və sulanma yarada bilər. Kif sporları da xüsusilə rütubətli şəraitdə şikayətlərin artmasına səbəb olan amillərdən biridir. Buna görə bəzi insanlarda hava dəyişdikcə əvvəlkindən daha çox narahatlıq müşahidə olunur. Lakin bu əlamətlərin hər zaman allergiyadan qaynaqlandığını düşünmək düzgün deyil. Temperaturun qəfil dəyişməsi də allergik reaksiya olmadan burun yollarını qıcıqlandıra və oxşar şikayətlər yarada bilər.

Allergiyaya meyilli insanlarda immun sistemi əslində zərərsiz olan bəzi maddələri təhlükə kimi qəbul edə bilər. Bu zaman orqanizmdə histamin və digər kimyəvi maddələr ifraz olunur. Nəticədə burun və gözlərdə qaşınma, asqırma, axıntı və tutulma kimi əlamətlər meydana çıxır. Bununla yanaşı, temperatur və rütubətin dəyişməsi tənəffüs yollarının həssaslığını artıra bilər. Bu səbəbdən allergiyası olmayan şəxslərdə də fəsil dəyişikliyi zamanı bu kimi narahatlıqlar yarana bilər.

Mövsümi allergiyanın qarşısını tamamilə almaq mümkün olmasa da, allergenlərlə təması azaltmaq simptomların yüngülləşməsinə kömək edə bilər. Polenlərin havada çox olduğu günlərdə açıq havada uzun müddət qalmamaq, evə qayıtdıqdan sonra paltarları dəyişmək və duş qəbul etmək sadə, lakin faydalı tədbirlər sırasındadır.

Türkiyəli professor-doktor Şadan Soyyiğit xüsusilə polenlərin artdığı dövrlərdə allergiya ilə bağlı şikayətlərin güclənə biləcəyini bildirib. Onun sözlərinə görə, bu vəziyyət insanın həyat keyfiyyətinə təsir göstərə bilər. Buna görə allergenlərdən qorunmaqla yanaşı, ehtiyac olduqda həkim tərəfindən müəyyən edilən müalicədən yaralanmaq vacibdir. Şikayətlərin davam etdiyi və nəzarət altına alınmadığı hallarda isə həkim müayinəsi aparılmalıdır. Zəruri hesab edilən xəstələrdə allergenə spesifik immunoterapiya da müalicə variantlarından biri kimi nəzərdən keçirilə bilər.

Şahnigar Əhmədova, "İki sahil"