23 may 2026 17:30
182

Azərbaycanın təcrübəsi qlobal istinad mənbəyi olacaq - RƏY

BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13) Bakıda rekord göstəricilərlə baş tutdu və davamlı urbanizasiya sahəsində qlobal əməkdaşlıq üçün mühüm platformaya çevrildi.  Forumun əsas mövzusu “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” idi. Mənzil yalnız əsas ehtiyac deyil, həm də insan ləyaqətinin, sosial inklüzivliyin, iqtisadi imkanların və iqlim dayanıqlığının təməlidir.  Forum çərçivəsində ilk dəfə olaraq Azərbaycan Prezidentinin təşəbbüsü ilə Liderlərin Bəyanatı seqmenti keçirildi. Tədbirdə 27 dövlət və hökumət başçısı iştirak etdi ki, bu da davamlı şəhərsalma və adekvat mənzil məsələlərinə yüksək siyasi dəstəyi nümayiş etdirdi. 

Azərbaycanın ev sahibi kimi təqdim etdiyi təcrübə xüsusi maraq doğurdu. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı yenidənqurma və “Böyük Qayıdış” proqramı beynəlxalq səviyyədə postmünaqişə dövrü üçün nümunəvi model kimi qiymətləndirildi. Azərbaycan öz daxili resursları hesabına sıfırdan 12 şəhər və 300-dən çox kənd inşa edir.  Azərbaycan əsrlərlə formalaşmış zəngin memarlıq və mədəni irsə malikdir və ölkə sürətli urbanizasiya ilə yanaşı, milli memarlıq kimliyinin qorunmasına xüsusi önəm verir. Bu kontekstdə 2026-cı il Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunub.

İnnovasiya, beynəlxalq əməkdaşlıq və davamlı urbanizasiya sahəsində qabaqcıl təcrübələrin təşviqi

Milli Məclisin deputatı Pərvanə Vəliyeva “İki sahil”ə dəyərləndirməsində qeyd etdi ki,  Forumun mühüm irslərindən biri də Azərbaycan və UN-Habitat tərəfindən birgə təsis olunan “Bakı Urban Mükafatı” oldu. Bu mükafat Dünya Şəhər Forumu çərçivəsində təqdim olunan ilk xüsusi mükafat kimi innovasiya, beynəlxalq əməkdaşlıq və davamlı urbanizasiya sahəsində qabaqcıl təcrübələrin təşviqinə xidmət edir. WUF13 çərçivəsində qəbul olunan “Bakı Fəaliyyətə Çağırış” sənədi qlobal mənzil böhranına qarşı təcili və birgə fəaliyyət çağırışı etdi. Mənzil böhranı tək bir tərəfin həll edə biləcəyi məsələ deyil - bu, kollektiv məsuliyyət və əlaqələndirilmiş fəaliyyət tələb edir.

Forumda gənclərin mesajı xüsusi diqqət çəkdi. Bu gün şəhərlərdə yaşayan hər dörd uşaqdan biri qeyri-rəsmi yaşayış məntəqələrində böyüyür. Mənzil problemi milyonlarla gəncin gələcəyinə, təhlükəsizliyinə və imkanlarına birbaşa təsir göstərir. Gənclər mənzili yalnız yaşayış yeri deyil, ləyaqət, təhlükəsizlik və aidiyyət qapısı kimi qiymətləndirdilər. Mənzil siyasəti təhsil, səhiyyə, təhlükəsizlik və iqtisadi imkanlarla əlaqəli şəkildə qurulmalıdır.
2050-ci ilə qədər dünya əhalisinin təxminən 70%-ni gənclər təşkil edəcək və bu səbəbdən bugünkü qərarlar gələcək nəsillərin həyat keyfiyyətini müəyyənləşdirəcək.

Qlobal şəhər gündəliyi ölkəmizdə yazıldı

“Bakı Fəaliyyətə Çağırış” sənədi inklüziv və çoxtərəfli proses nəticəsində hazırlanıb. Sənədin hazırlanmasında qadınlar, uşaqlar, gənclər, yaşlılar, əlilliyi olan şəxslər, yerli və regional hakimiyyətlər, parlament üzvləri, vətəndaş cəmiyyəti, akademik dairələr və özəl sektor nümayəndələri iştirak edib.
Sənədin əsas mesajı ondan ibarətdir ki, qlobal mənzil böhranı artıq kritik həddə çatıb və bu böhran təsadüfi deyil, sistemli idarəetmə və struktur problemlərinin nəticəsidir. Yekun sənəd kimi yayılan “Chairs Summary” sənədin də Azərbaycan Hökumətinə yüksək peşəkarlıqla ev sahibliyinə və təşkilatçılığa görə BMT tərəfindən təşəkkür ifadə edildi.  Azərbaycanın şəhər inkişafı ilə bağlı gördüyü unikal işlər var və forum çərçivəsində keçirilən 400-dən çox tədbirin, demək olar ki, əksəriyyətində bu təcrübə bölüşüldü, yüksək rəğbətlə qarşılandı.  Bu, Azərbaycanın çoxtərəfli diplomatiyaya verdiyi böyük töhfə idi və qlobal şəhər gündəliyi ölkəmizdə yazıldı. Bundan sonra Azərbaycan bu məsələdə də istinad nöqtəsi olacaqdır. 
Bu ilin iyul ayında BMT Baş Assambleyasının yeni şəhər gündəliyi ilə bağlı aralıq hesabatı qəbul ediləcək. Bakıda əldə olan nailiyyət vurğulanacaq.

Şəmsiyyə Əliqızı, “İki sahil”