Bakıda keçirilən bu beynəlxalq konfrans 176 ölkənin 27-sinin hökumət və dövlət başçılarını, digər yüksək vəzifəli təmsilçilərini bir araya gətirdi. Orada qiymətli təcrübələr bölüşdürüldü, böyük əhəmiyyətə malik fikir mübadilələri aparıldı. Azərbaycanın qədim şəhərsalma nümunələri xarici qonaqları heyran etdi. Onlar yerli mətbuata öz xoş təəssüratlarını bildirdilər.
Beş gün davam edən tədbirdə sonda yekun sənədi qəbul edilib. “Baku Call to Action adlandırılan” həmin sənəddə bir sıra məsələlər öz əksini tapıb. Orada 176 ölkədən 58000-dən artıq iştirakçının qatıldığı və bugünədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşən innovativ WUF13-ə ev sahibliyi etdiyinə və səmimi qonaqpərvərlik göstərdiyinə görə Azərbaycan dövlətinə və xalqına minnətdarlıq ifadə olunub.

Yekun sənədində tarixdə ilk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyasında 27 dövlət və hökumət başçısının iştirak etdiyi vurğulanıb. Azərbaycanın təcrübəsi də daxil olmaqla münaqişədən sonrakı tikinti, bərpa və yenidənqurma sahəsində mühüm beynəlxalq nümunələr qeyd edilib.Yenidənqurma və bərpa səylərinin prioritetləşdirilməsi, eləcə də məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının təmin edilməsi məqsədi ilə əlaqələndirilmiş yanaşmanın tətbiqinə çağırış edilib.
Münaqişə, müharibə urbisidin məktəblər, xəstəxanalar, ictimai infrastruktur və yaşayış evləri kimi mülki obyektlərə, eləcə də ətraf mühit və biomüxtəlifliyə birbaşa təsir göstərərək insanları evsiz qoyduğu, onun qaçqın və ya məcburi köçkün olmağa məcbur etdiyi qeyd edilib.
Yekun sənədində WUF13 çərçivəsində təqdim edilən yeniliklər sırasında Bakı Şəhər Mükafatının təsis edilməsi razılıqla qarşılanıb.
Fəxrlə deməliyik ki, Ümumdünya Forumun ölkəmizin paytaxtında keçirilməsi Azərbaycanın beynəlxalq urbanizasiya proseslərinə töhfəsinin və etibarlı tərəfdaş kimi dünyada yüksələn hörmət və nüfuzunun göstəricisidir. Bununla bərabər, Bakı Beynəlxalq Forumuna ev sahibliyi etməsi ölkəmizin qlobal əhəmiyyətli və genişmiqyaslı tədbirlərin uğurla təşkil edilməsində yüksək potensialının olduğunu əyani surətdə sübut edir. Burada daha böyük bir məsələyə münasibət bildirmək vacibdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumunda öz tarixində ilk dəfə olaraq Liderlərin Bəyanatları Sessiyası keçirildi. Liderlər çıxışlarında müzakirə olunan məsələlərə öz münasibətlərini bildiriblər. Onu da vurğulayaq ki, Liderləri Bəyanatları Sessiyasında çıxış edənlər Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün mühüm platforma kimi artan rolunu ifadə ediblər. Eyni zamanda, onlar Azərbaycan Liderinin dünyada artan nüfuzunu qeyd ediblər.
Forumda Azərbaycanın postmünaqişə dövründə bərpa və yenidənqurma sahəsində gördüyü işlər və həyata keçirdiyi tədbirlər yüksək qiymətləndirilib, onun oxşar şəraitlər üçün faydalı ola biləcəyi qiymətləndirilib bu istiqamətdə aparılan fəaliyyətlə bağlı Azərbaycanla həmrəylik ifadə edilib. Tədbir iştirakçıları işğaldan azad edilən bölgələrdə Azərbaycanın öz maliyyə və insan resurslarına genişmiqyaslı bərpa quruculuq işlərinin həyata keçirilməsi, urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhərin, 100-dən artıq kəndin yenidən tikilib abadlaşdırılmasını alqışlayıblar. Bərpa və quruculuq işlərinin aparılması zamanı ətraf mühitin və ekologiyanın qorunması, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin həyata keçirilməsi iştirakçıları daha çox maraqlandırıb. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubu Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübə formalaşdıran ölkə olduğunu bir daha nümayiş etdirdi.
Sonda fəxrlə qeyd etməliyik ki, dünya mətbuatı Bakıda keçirilən nəhəng tədbiri işıqlandıran məqalələr, tele-süjetlər verir və məlumatlar dərc edir.
Vəli İlyasov, “İki sahil”