17 may 2026 16:56
142

WUF13 çərçivəsində “Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması" mövzusunda panel təşkil olunub

Mayın 17-də Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasının (WUF13) ilk günü “Hər kəs üçün münasib mənzil” mövzusunda tematik panellər təşkil olunub.

“İki sahil” xəbər verir ki, ilk panel “Sosial inklüzivlik üçün mənzil və yoxsulluğun sonlandırılması“ mövzusunda təşkil olunub. Nadya Qyanenin moderatorluğu ilə keçirilən panel seqmentinin açılışında WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva, Somalinin ictimai işlər, bərpa və mənzil təsərrüfatı naziri Ayub İsmail Yusuf və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax çıxış ediblər.

Natiqlər çıxışlarında şəhərlərin inkişafının sosial inteqrasiya, insan ləyaqətinin qorunması və yoxsulluğun azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıblar. Qeyd edilib ki, artan urbanizasiya, miqrasiya və iqlim dəyişiklikləri fonunda çoxtərəfli əməkdaşlıq və inklüziv siyasətlər xüsusi əhəmiyyət kəsb edir və bu da öz növbəsində Yeni Şəhərsalma Proqramının əhəmiyyətinin artırır.

Çıxışlarda diqqətə çatdırılıb ki, Azərbaycan və Somali 2025–2026-cı illər üçün BMT-nin Məskunlaşma Proqramının “Hər kəs üçün münasib mənzil” üzrə Hökumətlərarası Ekspert İşçi Qrupunun həmsədridir.

Panel diskussiyada Mərakeşin şəhər planlaması, mənzil və şəhər siyasəti üzrə naziri Adib Ben-Brahim, Kambocanın Baş nazirinin müavini, torpaqların idarə edilməsi, şəhər planlaması və bərpa naziri Say Sam Al, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişiklikləri üzrə nazirinin müavini Ömer Bulut, Meksikanın Mexiko şəhərinin meri Karla Bruqada sosial inklüzivliyin təmin olunmasında milli təcrübələr barədə danışıblar. Bildirilib ki, mənzil təminatı insan hüququ kimi nəzərdən keçirilməli, onun ləyaqət, bərabərlik və sosial mobillik üçün əsas rolu diqqət mərkəzində saxlanılmalıdır. Bu yanaşma cəmiyyətdə sosial bərabərsizliyi aradan qaldırmağa, həssas qrupların mənzilə çıxışını yaxşılaşdırmağa və yoxsulluğa qarşı mübarizə üçün siyasət və fəaliyyətlərin əhəmiyyətini artıracaq.

Sessiyanın ilk günündə “Şəhər rifahı üçün mənzil və hamı üçün imkanlar“ və “Ekoloji cəhətdən dayanıqlı və davamlı şəhər inkişafı üçün mənzil” mövzularında panellərin keçirilməsi də nəzərdə tutulub.