24 sentyabr 2026 17:15
74

“AzerGold”un sədri: Filizçay layihəsinin 2031-2032-ci illərdə reallaşdırılması gözlənilir

Filizçay polimetal yatağı üzrə ilk istehsalın 2031-2032-ci illərdə başlanması nəzərdə tutulur. Layihənin 34 illik istismar dövrü ərzində 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun resursunun hasilata cəlb edilməsi planlaşdırılır.

“İki sahil” xəbər verir ki, bunu “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov brifinqdə deyib.

Z.İbrahimov bildirib ki, Filizçay layihəsinin iqtisadi dəyəri 29,7 milyard manat, tələb olunan investisiya həcmi isə 1 milyard manatdır: “Müşavirədə Prezident tərəfindən “AzerGold” QSC-nin ilkin mərhələdə yatağın 100 faiz səhmdarı kimi fəaliyyət göstərməsi tapşırılıb. İstismar irəlilədikcə yatağın iqtisadi dəyəri artacaq. Bundan sonra zərurət yarandığı halda, müəyyən pay əsasında xarici investorların layihəyə cəlb edilməsi imkanları nəzərdən keçirilə bilər”.

O deyib ki, Filizçay layihəsinin həyata keçirilməsi Azərbaycanın ixrac imkanlarının genişləndirilməsinə və ölkədə yeni sənaye istiqamətinin formalaşmasına şərait yaradacaq: “Layihənin icrası regionun sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin yaradılmasına və dağ-mədən sənayesi ətrafında əlaqəli sahələrin formalaşmasına da təkan verəcək”.

İdarə Heyətinin sədri qeyd edib ki, layihənin reallaşdırılması hasilat və emal proseslərinə xidmət göstərən yerli podratçı və təchizatçı şirkətlərin, logistika və digər xidmət sahələrinin fəaliyyətinin genişləndirilməsi üçün də yeni imkanlar yaradacaq: “Beləliklə, Filizçay layihəsi ölkənin əlvan metallurgiya potensialının inkişafına, mineral resursların iqtisadi dövriyyəyə daha geniş cəlb edilməsinə və yeni sənaye dəyər zəncirinin formalaşmasına mühüm töhfə verəcək”.