23 may 2026 14:29
140

Azərbaycan urbanizmi qlobal müstəviyə qaldırdı - ŞƏRH

Dünyanın 176 ölkəsindən 57000 mindən çox iştirakçını bir araya gətirən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilyarım əvvəl Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) sonra ikinci ən böyük beynəlxalq tədbir kimi tarixə düşdü. Yeri gəlmişkən, indiyədək heç bir sessiya Bakıdakı qədər geniş və müxtəlif auditoriyanı bir araya gətirməyib. Bununla Azərbaycan beynəlxalq aləmdə təkcə regionun deyil, dünyanın əsas siyasi və mədəni görüş yerlərindən biri olmasını, genişmiqyaslı tədbirlərin uğurla təşkili sahəsində yüksək potensialı ilə seçilməsini, strateji qərarların qəbul edildiyi məkan kimi tanındığını bir daha təsdiqlədi. 

WUF13 çərçivəsində Liderlərin Bəyanatları Sessiyası da keçirildi

Şübhəsiz, belə bir tədbirin ölkəmizdə keçirilməsi Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticələrindən biridir. Forum çərçivəsində keçirilən görüşlərdə, iştirakçıların çıxışlarında bu amil dəfələrlə vurğulandı. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə Ümumdünya Şəhərsalma Forumu tarixində ilk dəfə olaraq WUF13 çərçivəsində Liderlərin Bəyanatları Sessiyası da keçirildi. Şübhəsiz, 27 dövlət və hökumət başçısının, yüksək səviyyəli qonaq və beynəlxalq təşkilatların rəhbərlərinin iştirakı ilə keçirilən bu tədbir WUF13-ün siyasi əhəmiyyətini daha da artırdı. Azərbaycanın sədrliyi ilə keçirilmiş Nazirlər görüşünün sonunda qəbul edilmiş “Sədrin xülasəsi” sənədində Prezident İlham Əliyevin uzaqgörən liderliyi vurğulandı, Azərbaycan Hökumətinə və xalqına qonaqpərvərliyə və WUF13-ün uğurlu təşkilinə görə minnətdarlıq ifadə olundu. WUF13-ün yekunları üzrə qəbul edilmiş "Bakı Fəaliyyətə Çağırış" sənədində bu fikir öz əksini tapdı. Yeri gəlmişkən, WUF13-ün rəsmi bağlanış mərasimində  çıxış edən Birləşmiş Millətlər Təşkilatının Baş katibinin müavini Amina Mohammed ev sahibliyində göstərdikləri qonaqpərvərliyə və liderliyə görə Azərbaycan Hökumətinə, xalqına ən dərin minnətdarlığını bildirərək deyib: "Azərbaycan 2026-cı ili “Şəhərsalma və Memarlıq İli” elan edərək, yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaları inkişaf etdirərək, həmçinin çoxəsrlik ənənələrə hörmətlə yanaşaraq, urbanizmi qlobal müstəviyə qaldırıb".

Bakı Şəhər Mükafatı

Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis olunmasını isə ölkəmizin qlobal şəhərsalma gündəliyinin təşviqinə sadiqliyinin növbəti təzahürü kimi dəyərləndirmək olar.  Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMT-nin Məskunlaşma Proqramı arasında imzalanmış Niyyət Məktubu Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərin təşkili sahəsində qabaqcıl təcrübə formalaşdıran ölkə olduğunu bir daha nümayiş etdirdi. Mütəxəssislərin fikrincə, Azərbaycan Forumun gündəliyinə əhəmiyyətli dərəcədə substantiv töhfə verdi və unikal təcrübəsini paylaşdı.
 Dünya bir daha hali oldu ki, müasir şəhərsalma zamanı zəngin və qədimi arxitektura ənənələrinin qoruyan Azərbaycan işğaldan azad edilmiş ərazilərində “ağıllı” şəhər və “ağıllı” kənd konsepsiyalarının tətbiq etməklə genişmiqyaslı bərpa və quruculuq işləri  həyata keçirir, urbisidə, ekosidə və kultursidə məruz qalmış 9 şəhər və 100-dən artıq kəndi yenidən inşa edir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi məqsədilə “Böyük Qayıdış” Proqramının uğurla icra edir.

Yazının sonunda isə Prezident İlham ƏliyevinWUF13-ün açılış mərasimindəki nitqindəki bu sözlərini xatırlatmaq istərdik: “...Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının nəticəsi COP29 qədər uğurlu olacaq”. Bəli, oldu da.

Qvami Məhəbbətoğlu, “İki sahil”