23 may 2026 16:18
146

Bakı şəhərsalma sahəsində beynəlxalq etimadın yeni ünvanına çevrildi - ŞƏRH

“Baku Call to Action” Azərbaycanın uğurunu qlobal strategiya səviyyəsinə yüksəltdi

BMT-nin ən nüfuzlu qlobal platformalarından biri hesab olunan Ümumdünya Şəhərsalma Forumunun – WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun, qlobal şəhərsalma və dayanıqlı inkişaf gündəliyində artan rolunun mühüm göstəricisi kimi dəyərləndirilir. Forumun yekun sənədi olan “Baku Call to Action” yalnız tədbirin nəticələrini ümumiləşdirən texniki sənəd deyil, həm də müasir dövrdə şəhərlərin üzləşdiyi çağırışlara dair beynəlxalq yanaşmaları əks etdirən strateji yol xəritəsi kimi diqqət çəkir. Sənəddə yer alan müddəalar Azərbaycanın həm təşkilatçı ölkə kimi uğurunu, həm də münaqişədən sonrakı bərpa və yenidənqurma sahəsində formalaşdırdığı təcrübənin beynəlxalq səviyyədə maraq doğurduğunu nümayiş etdirir.

“Baku Call to Action” sənədində ilk növbədə Azərbaycanın foruma yüksək səviyyədə ev sahibliyi etməsi xüsusi vurğulanır. 176 ölkədən 58 mindən artıq iştirakçının qatıldığı WUF13 bu günədək keçirilmiş ən böyük Ümumdünya Şəhərsalma Forumu kimi tarixə düşüb. Bu fakt bir tərəfdən tədbirin miqyasını göstərirsə, digər tərəfdən Bakının qlobal dialoq platformasına çevrilmək imkanlarını ortaya qoyur. Sənəddə Azərbaycan dövlətinə və xalqına ünvanlanan minnətdarlıq ifadəsi ölkənin beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı etimadın göstəricisi hesab olunur. Bu, Azərbaycanın yalnız regional deyil, həm də beynəlxalq səviyyədə mühüm diplomatik və humanitar platformalara ev sahibliyi etmək potensialına malik olduğunu bir daha təsdiqləyir.

Şəhərsalma qlobal gündəliyin əsas mövzusuna çevrildi

Sənəddə diqqət çəkən mühüm məqamlardan biri də tarixdə ilk dəfə olaraq ev sahibi ölkənin təşəbbüsü ilə keçirilən Liderlərin Bəyanatları Sessiyasına 27 dövlət və hökumət başçısının qatılmasıdır. Bu göstərici Forumun siyasi çəkisini artırmaqla yanaşı, şəhərsalma və urbanizasiya məsələlərinin artıq təkcə texniki və memarlıq sahəsi deyil, həm də qlobal təhlükəsizlik, sosial rifah və beynəlxalq əməkdaşlıq məsələsi kimi qəbul edildiyini göstərir. Dövlət rəhbərlərinin iştirakı urbanizasiya proseslərinin iqlim dəyişiklikləri, miqrasiya, sosial bərabərsizlik və postmünaqişə dövrünün problemləri ilə sıx bağlı olduğunu nümayiş etdirir.

Azərbaycanın təcrübəsi beynəlxalq nümunədir

“Baku Call to Action” sənədində Azərbaycanın postmünaqişə bərpa və yenidənqurma təcrübəsinə xüsusi yer ayrılması da mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri artıq beynəlxalq müstəvidə nümunə kimi təqdim olunur. İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, müasir infrastrukturun qurulması, yaşıl enerji layihələrinin icrası və dağıdılmış yaşayış məntəqələrinin yenidən inşası Azərbaycanın bu istiqamətdə yeni yanaşmalar formalaşdırdığını göstərir. Forum çərçivəsində bu təcrübənin beynəlxalq nümunə kimi qeyd edilməsi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə diqqətlə izlənildiyini göstərən mühüm mesajdır.

Sənəddə yenidənqurma və bərpa səylərinin prioritetləşdirilməsi, eləcə də məcburi köçkünlərin öz doğma torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıdışının təmin edilməsi üçün əlaqələndirilmiş yanaşmanın vacibliyi xüsusi vurğulanır. Bu müddəa müasir dövrdə münaqişələrdən zərər çəkmiş regionların yalnız fiziki baxımdan deyil, sosial və iqtisadi baxımdan da yenidən dirçəldilməsinin zəruriliyini ortaya qoyur. Azərbaycanda həyata keçirilən Böyük Qayıdış proqramı məhz bu yanaşmanın praktik nümunəsi kimi qiymətləndirilə bilər. Çünki burada məqsəd yalnız insanların öz yurdlarına qayıtması deyil, eyni zamanda, onların müasir yaşayış standartlarına uyğun, təhlükəsiz və dayanıqlı mühitdə həyatlarını yenidən qurmasıdır.

Bakı Şəhər Mükafatı nəyi dəyişə bilər?

“Baku Call to Action” sənədində WUF13 çərçivəsində təqdim edilən yeniliklər sırasında Bakı Şəhər Mükafatının qeyd olunması da xüsusi diqqət çəkir. Bu təşəbbüs şəhərsalma, innovasiya, dayanıqlı inkişaf və insan yönümlü urbanizasiya sahəsində uğurlu nümunələrin təşviqi baxımından mühüm platforma rolunu oynaya bilər. Bakı Şəhər Mükafatı gələcəkdə şəhərlərin inkişafı ilə bağlı beynəlxalq rəqabəti və innovativ yanaşmaları stimullaşdıran mühüm mexanizmlərdən birinə çevrilə bilər.

Yeni urbanizasiya modeli təşviq olunur

Sənədin ən diqqətçəkən hissələrindən biri isə münaqişə, müharibə və urbisidin nəticələrinə dair mesajlardır. Burada vurğulanır ki, müharibələr yalnız insan itkisi ilə nəticələnmir, eyni zamanda, şəhərlərin sosial toxumasını dağıdır, məktəblər, xəstəxanalar, yaşayış binaları və ictimai infrastrukturu məhv edir, ətraf mühitə və biomüxtəlifliyə ciddi zərər vurur. Bunun nəticəsində milyonlarla insan qaçqın və məcburi köçkün vəziyyətinə düşür. Bu yanaşma Azərbaycanın uzun illər işğal və dağıntılarla üzləşmiş ərazilərində yaşanan reallıqlarla da səsləşir. İşğal dövründə şəhərlərin və kəndlərin tamamilə dağıdılması, tarixi və mədəni irsin məhv edilməsi urbisidin real nümunəsi kimi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.

Forum siyasi və humanitar mesajlarla yadda qaldı

Beləliklə “Baku Call to Action” sənədi təkcə WUF13 forumunun yekun bəyanatı deyil, həm də müasir şəhərlərin gələcəyi, postmünaqişə bərpası, dayanıqlı urbanizasiya və humanitar yanaşmalarla bağlı beynəlxalq çağırışları özündə birləşdirən mühüm sənəd kimi qiymətləndirilir. Bu sənəd Azərbaycanın qlobal şəhərsalma gündəliyində artan rolunu təsdiqləməklə yanaşı, ölkənin postmünaqişə quruculuğu sahəsində formalaşdırdığı modelin beynəlxalq səviyyədə nümunə kimi qəbul edilməsinin göstəricisidir.

Nigar Orucova, “İki sahil”