10 aprel 2026 19:30
150

Ağıllı saatlar həkimləri əvəz edə bilərmi?

Texnologiyanın sürətli inkişafı səhiyyə sahəsində yeni mərhələnin başlanğıcını qoyur. Ağıllı saatlar və qanda qlükozanın səviyyəsini ölçən sensor əsaslı cihazlar sağlamlıq göstəricilərinin izlənməsini gündəlik həyatın ayrılmaz hissəsinə çevirib. Bununla belə, mütəxəssislər bu texnologiyalardan düzgün və şüurlu istifadənin vacibliyini vurğulayırlar. Qeyd olunur ki, cihazlardan gələn hər bir bildiriş ciddi tibbi vəziyyət demək deyil və bu cür xəbərdarlıqlar bəzi hallarda istifadəçilərdə əsassız narahatlıq yarada bilər.

Ağıllı cihazların imkanları və məhdudiyyətləri

Türkiyəli kardioloq Mert Palabıyık və endokrinologiya və metabolizm xəstəlikləri üzrə mütəxəssis, həkim Ela Temeloğlu mövzu ilə bağlı mühüm məqamları açıqlayıblar. Mert Palabıyıkın sözlərinə görə, yeni nəsil ağıllı saatlar inkişaf etmiş sensorlar və proqram təminatı sayəsində daha dəqiq ölçmələr aparmaq qabiliyyətinə malikdir. O bildirib ki, artıq bəzi cihazlar mobil telefonlarla inteqrasiya olunaraq arterial təzyiqi də ölçə bilir. Lakin biləkdən ölçülən təzyiq göstəricilərinin dəqiqliyi ilə bağlı hələ də müəyyən suallar qalır. Bu səbəbdən yalnız bu məlumatlara əsaslanaraq tibbi qərar vermək düzgün deyil. Mütəxəssis əlavə edib ki, bu cür ölçmələrin tam dəqiq olmaması istifadəçilərdə çaşqınlıq və narahatlıq yarada bilər. Buna görə də cihazlardan əldə olunan məlumatlar mütləq həkim nəzarəti altında qiymətləndirilməlidir.

Palabıyığın fikirlərinə əsasən, ağıllı cihazların geniş yayılması ilə “nəbzim çox sürətlidir” və ya “nəbzim çox zəifdir” kimi şikayətlərlə tibb müəssisələrinə müraciət edənlərin sayı artıb. Onun sözlərinə görə, insanlar artıq öz bədən göstəricilərindəki dəyişiklikləri daha tez müəyyən edir və bu səbəbdən daha tez-tez həkimə müraciət edirlər. Bu isə xəstə profilində nəzərəçarpacaq dəyişikliklərə səbəb olub.

Kardioloq vurğulayıb ki, nəbz dəyişikliklərin və aritmiyaların müəyyən edilməsində EKQ (ürəyin bioelektrik aktivliyinin müayinə üsulu) funksiyası olan cihazlar əhəmiyyətli rol oynayır: “Bəzən ritim pozğunluğu müayinə zamanı aşkarlanmır. Lakin istifadəçi simptomu hiss etdiyi anda cihaz vasitəsilə EKQ qeydi apararaq həmin anı sənədləşdirə bilər. Bu məlumatlar sonradan həkim tərəfindən daha dəqiq diaqnoz qoyulmasına kömək edir. Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edirlər ki, sağlamlıq göstəricilərinin fasiləsiz izlənməsi bəzi insanlarda narahatlıq səviyyəsini artırır. Həkim Palabıyıkın sözlərinə görə, bəzən ciddi problem olmadığı halda belə, istifadəçilər panikaya düşərək xəstəxanalara müraciət edirlər.

Professor Ela Temeloğlu isə dərialtı qlükoza monitorinqi sistemlərinin (CGM) diabet xəstələri üçün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, bu sistemlər dərinin altına yerləşdirilən sensor vasitəsilə gün ərzində 700-800 dəfə ölçüm apararaqda qan şəkərin dinamikasını fasiləsiz izləyir: “Bu texnologiya xüsusilə 1-ci tip diabet xəstələri və nəzarətsiz 2-ci tip diabeti olan şəxslər üçün böyük üstünlükdür. Sistem qanda şəkərin səviyyəsinin artması və ya azalması barədə dərhal xəbər verir.” Temeloğlu qeyd edib ki, bu cihazlar xüsusilə uşaqlarda, tək yaşayan yaşlı insanlarda və hipoqlisemiyanı (qanda qlükoza (şəkər) səviyyəsinin normaldan aşağı düşməsi) hiss etmə qabiliyyəti zəif olan şəxslərdə həyati əhəmiyyət daşıyır: “Hipoqlisemiya baş verməzdən əvvəl xəbərdarlıq edilməsi huşun itirilməsi və travma kimi ağır nəticələrin qarşısını almağa kömək edir. Ənənəvi üsulla tez-tez qan götürmək əvəzinə, bu sistemlə daha effektiv nəzarət mümkündür.”

Mütəxəssislərin yekdil qənaətlərinə əsasən, ağıllı saatlar və sensor texnologiyaları səhiyyədə mühüm dəstək vasitəsidir, lakin onlar həkimləri əvəz etmirlər. Bu cihazlar yalnız yardımçı rol oynayır və cihazlar vasitəsilə əldə olunan məlumatlar mütləq peşəkar tibbi qiymətləndirmə ilə təsdiqlənməlidir.

Şahnigar Əhmədova, “İki sahil”