09 aprel 2026 01:25
121

Polen mövsümü başladı

Allergiyalar niyə artır və onlardan necə qorunmaq olar?

Havaların isinməsi və günlərin uzanması ilə yanaşı, yaz fəslinin əsas problemlərindən biri olan polen allergiyası yenidən gündəmə gəlib. Avropa İqlim və Sağlamlıq Rəsədxanasının məlumatına görə, polen allergiyası yalnız fiziki narahatlıqlarla məhdudlaşmır, eyni zamanda, yuxu rejimini poza, psixoloji vəziyyətə mənfi təsir göstərə və ümumi həyat keyfiyyətini aşağı sala bilər.

Mütəxəssislər bildirirlər ki, hər il milyonlarla insan qış aylarında müşahidə olunan soyuqdəymə simptomlarını yazda polenə bağlı allergik reaksiyalarla əvəz edir. Yazın əvvəlində fındıq və qızılağac, daha sonra isə ağcaqayın və palıd kimi ağaclar polen yaymağa başlayır. Yay aylarında isə bu prosesi əsasən çəmən və ot bitkiləri davam etdirir.

Polen allergiyası havadakı xırda tozcuqların tənəffüs yollarına və gözlərə daxil olması nəticəsində yaranır. Bu zaman orqanizmin immun sistemi histamin ifraz edərək reaksiya verir. Nəticədə burun axması, gözlərdə sulanma və yanma, eləcə də iltihabi hallar müşahidə olunur.

Araşdırmalar göstərir ki, son illərdə polen mövsümü daha erkən başlayır və daha uzun davam edir. Belçikanın Sciensano İctimai Sağlamlıq İnstitutunun mütəxəssisi Astha Tiwari qeyd edib ki, son onillikdə polen mövsümlərinin həm müddəti uzanıb, həm də intensivliyi artıb. Bu dəyişikliklərin əsas səbəbi kimi iqlim dəyişikliyi, artan temperatur və atmosferdə karbon qazının çoxalması göstərilir.

Alimlər vurğulayırlar ki, bitkilərin daha erkən çiçəkləməsi və daha çox polen istehsal etməsi insanların allergenlərə daha uzun müddət məruz qalmasına səbəb olur. Bu isə allergik reaksiyaların daha geniş yayılmasına gətirib çıxarır.

Mütəxəssislər polendən qorunmaq üçün bir sıra sadə tədbirlər tövsiyə edirlər. Gün ərzində pəncərələri bağlı saxlamaq, evi isə səhər tezdən və ya axşam saatlarında havalandırmaq daha məqsədəuyğun hesab olunur. Küçədən qayıtdıqdan sonra duş qəbul etmək və paltarları dəyişmək evə daxil olan polen miqdarını azalda bilər. Həmçinin çöldə olarkən gün eynəyi taxmaq gözləri qorumağa kömək edir.

Qeyd olunur ki, polen allergiyası yalnız sağlamlığa deyil, həm də gündəlik fəaliyyətə təsir göstərir. Yetkinlərdə iş qabiliyyətinin azalmasına, uşaqlarda isə tədris göstəricilərinin zəifləməsinə səbəb ola bilər. Buna görə də mütəxəssislər allergiya mövsümündə profilaktik tədbirlərin vaxtında görülməsinin vacibliyini vurğulayırlar.

Şahnigar Əhmədova, “İki sahil”