Akkreditasiya qiymətləndirməsinin yekunu olaraq Akkreditasiya Komissiyası tərəfindən təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətləri üzrə nəticələri əhatə edən yekun hesabat hazırlanır. Hesabatda mövcud vəziyyətin təsviri ilə yanaşı, təhsil müəssisəsinin tədris, idarəetmə, daxili keyfiyyət təminatı, kadr potensialı və maddi-texniki baza üzrə təkmilləşdirilməsinə dair konkret göstəriş və tövsiyələr təqdim olunur.
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə heyətinin sədri Tural Əhmədov “İki sahil” müsahibəsində qeyd edib.
Onun sözlərinə görə, ali təhsil müəssisələrinin (ATM) inkişafı üçün Agentlik strateji planlaşdırmanın gücləndirilməsi, daxili keyfiyyət təminatı mexanizmlərinin inkişafı, təhsil proqramlarının hazırlanmasında maraqlı tərəflərin iştirakı, onun mütəmadi monitorinqi, akademik heyətin peşəkar inkişaf imkanlarının artırılması və beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində tövsiyələr verir. Eyni zamanda, maraqlı tərəflərlə səmərəli münasibətlərin qurulması da bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Belə ki, təhsilalan və təhsilverənlərin ATM-də qərarvermə prosesinə cəlb edilməsi, əmək bazarı ilə əlaqələrin gücləndirilməsi, məzunlarla iş prinsiplərinin müəyyənləşdirilməsi və digər sahələrdə maraqlı tərəflərlə əməkdaşlığın təşkili ATM-lərin inkişafı baxımından faydalıdır.
Sədr bildirib ki, hər bir ATM üçün verilən göstəriş və tövsiyələr onun konkret ehtiyacları müəyyənləşdirildikdən sonra verilir. Bu baxımdan, Akkreditasiya Komissiyasının ATM üçün hazırladığı Yekun Hesabatda göstərilən göstəriş və tövsiyələr ümumi deyil, xüsusi xarakter daşıyır və həmin müəssisənin inkişaf istiqamətlərinə uyğunlaşdırılır. Nəticədə, bu göstəriş və tövsiyələr sayəsində ATM-lər fəaliyyətlərini milli və beynəlxalq standartlara uyğunlaşdırır, tədrisin keyfiyyətini artırır, institusional potensialını gücləndirir, həm daxili, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətini yüksəldərək davamlı inkişaf yolunda irəliləyir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Təhsil müəssisələrinin akkreditasiya prosesində ən çox rast gəlinən ÇATIŞMAZLIQLAR HANSILARDIR?
Akkreditasiyası prosesində əsas diqqət hansı göstəricilərə yönəldilir?- SƏDR AÇIQLADI
TKTA: Ali təhsil müəssisələrinin akkreditasiyası 7 istiqamət və 30 meyar üzrə aparılır