16 noyabr 2026 17:58
81

SOCAR və bp AÇG-nin hasilat potensialını necə artırır?

Qlobal enerji böhranı fonunda Xəzər neftinə artan tələbat, hasilatın təbii azalmasını cilovlamaq səyləri və son neftvermə əmsalını 40 faizdən yuxarı qaldırmaq əsas hədəflərdəndir

Qlobal enerji bazarlarında gərginliyin pik həddə çatdığı və Xəzər karbohidrogenlərinə tələbatın kəskin artdığı bir dövrdə Azərbaycan neft sənayesinin flaqmanı sayılan “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunda yeni texnoloji mərhələ başlayır. Hasilatın təbii azalmasını cilovlamaq və yataqda qalan 500 milyon tonluq nəhəng potensialı iqtisadi dövriyyəyə cəlb etmək məqsədilə SOCAR və bp misli görünməmiş hədəf müəyyənləşdirib: son hasilat əmsalını dünya praktikasında ən yüksək göstəricilərdən biri sayılan 40 faiz həddindən yuxarı qaldırmaq. Qeyd edək ki, bu gün respublikada “upstream” (kəşfiyyat və hasilat) seqmentində kapitaltutumlu layihələr həyata keçirilir, o cümlədən dəniz yataqlarında hasilatın artırılması üzrə tədbirlər görülür. Bu tendensiya, şübhəsiz ki, obyektiv səbəblərdən son illərdə neft hasilatının azalması proseslərinin müşahidə olunduğu ölkəmiz üçün də sərfəlidir.

Mərkəzi Asiya dövlətləri ilə yanaşı, Azərbaycan da neft qiymətlərinin yüksəlməsindən faydalanan ölkələr sırasındadır. Belə ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkəmiz 15,830 milyon ton xam neft və bitumlu süxurlardan alınan neft məhsulları ixrac edib. Hesabat dövründə ixracın ümumi dəyəri 13 faiz artaraq 10,103 milyard dollar təşkil edib. Lakin pul ifadəsində müşahidə olunan bu artım əsasən əlverişli xarici konyunkturanın nəticəsidir. Belə ki, cari ilin üç rübü ərzində yerli “qara qızıl” ixracının fiziki həcmi 1,166 milyon ton və ya 6,9 faiz azalıb. Bildirək ki, Azərbaycanın dəniz yataqlarında neft hasilatının azalması artıq birinci il deyil ki, davam edir: 2025-ci ildə neft və qaz kondensatı hasilatı 4,8 faiz azalaraq illik ifadədə 27,679 milyon tona enib, cari ildə isə “qara qızıl” hasilatının 27,5 milyon tondan bir qədər çox olacağı gözlənilir. Proqnozlara görə, bu tendensiya növbəti illərdə də hiss olunacaq: 2027-ci ildə neft hasilatı 27,1 milyon tona, 2028-ci ildə isə 26,6 milyon tona qədər azalacaq. Bu ətalətli proseslər işlənməsi 1990-cı illərin sonlarından aparılan əsas AÇG yataqlar blokunu da əhatə edir. Xüsusilə «bp-Azerbaijan» şirkətinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında AÇG-də neft hasilatı təxminən 87 milyon barel təşkil edib və ötən ilin üç rübü ilə müqayisədə bu müqavilə sahəsində xammal hasilatı 2,2 faiz azalıb.

Lakin burada xatırlatmaq yerinə düşər ki, ölkəmiz neft konsorsiumu ilə birlikdə neft hasilatını sabitləşdirməyə çalışır. O cümlədən ölkədəki bütün “qara qızıl” hasilatının təxminən üçdə ikisinin payına düşdüyü AÇG-də. Çünki bu yataqlar blokunda hələ də böyük potensial qalmaqdadır. Mütəxəssislərin qiymətləndirmələrinə görə, burada ən azı 500 milyon ton hasil edilməmiş neft ehtiyatı mövcuddur. Onların çıxarılması üçün 14 sentyabr 2017-ci ildə birgə işlənmə və hasilatın pay bölgüsü haqqında yeni saziş imzalanıb və ölkəmizlə konsorsium üzrə tərəfdaşları AÇG-nin birgə işlənməsini 2050-ci ilə qədər uzadıblar. Xüsusilə 2019-cu ildə ikinci “Əsrin müqaviləsi” çərçivəsində görülən işlər zamanı ümumi dəyəri 6 milyard dollar olan AÇG-nin “Azəri Mərkəzi Şərqi” (ACE) seqmentinin mənimsənilməsini nəzərdə tutan beşinci fazanın icrasına sanksiya verilib.

Xatırladaq ki, “Azəri Mərkəzi Şərqi” texnoloji və rəqəmsal baxımdan dünyanın ən qabaqcıl platformalarından biri kimi tanınır. Onun innovativliyi əməktutumlu prosesləri avtomatlaşdırmağa imkan verir, daha təhlükəsiz və səmərəli işi təmin edir. Layihə müasir, tam avtomatlaşdırılmış qazma qurğusu ilə təchiz olunub və ümumilikdə bu obyektin avtomatlaşdırma səviyyəsi qazma proseslərini personalın iştirakı olmadan, məsafədən idarə etməyə imkan verir. Platforma və onunla əlaqəli obyektlər ACE-də planlaşdırılan bütün 48 quyu istismara verildikdən sonra pik həddə - sutkada 100 min barelə qədər neft hasil etmək üçün nəzərdə tutulub. Gözlənilir ki, ACE-nin aktiv istismar müddəti ərzində AÇG-nin Mərkəzi və Şərqi sahələrindən 300 milyon barelə qədər neft hasil ediləcək.

Ötən cümə günü SOCAR və bp-nin Enerji Dialoqu Platforması çərçivəsində təşkil olunmuş «AÇG-də hasilata dəstək: yeni yanaşmalar və texnologiyalar» adlı tədbirdə çıxış edən SOCAR-ın vitse-prezidenti Babək Hüseynov qeyd edib ki, AÇG təkcə Azərbaycan üçün deyil, dünya miqyasında da əsas aktivlərdən biridir: "Bu yataq milyardlarla barel neft ehtiva edir. İndiyədək yataqdan milyardlarla barel neft hasil edilib və qarşıda hələ hasil olunacaq milyardlarla barel neft ehtiyatı var". O, bildirib ki, rezervuar xüsusiyyətlərinə görə AÇG dünyanın ən qabaqcıl aktivlərindən biridir: "Neft yatağından danışarkən keçiricilik, məsaməlilik, yatağın ölçüsü və digər bu kimi parametrlər mühüm rol oynayır. Əlbəttə ki, bu, sirr deyil, yataq hasilatın pik həddinə çatıb və hazırda təbii tənəzzül mərhələsini yaşayır. SOCAR-ın qarşısında duran əsas çağırış isə bu aktivdən maksimum dəyərin necə əldə olunmasını təmin etməkdir. Biz bu prosesi fərqli şəkildə də həyata keçirə bilərdik. Məsələn, müstəqil təhlillər apararaq öz qiymətləndirmələrimizi hazırlaya bilərdik. Lakin bu yanaşmanı seçmədik. Qərara gəldik ki, operator bp ilə birlikdə işləyək və yatağın son neftvermə əmsalının hansı səviyyədə ola biləcəyini müəyyənləşdirək. Bu, layihəyə yanaşmamızın əsas istiqamətlərindən biridir. Bəs bu yataq üçün son neftvermə əmsalı nə qədər olmalıdır? Operatorun bu məsələdə öz baxışı, bizim isə fərqli yanaşmamız ola bilərdi. Lakin nəticədə neftin keyfiyyətini və mövcud infrastrukturumuzu nəzərə alaraq, bu göstəricinin 40 faizdən yüksək ola biləcəyi qənaətinə gəldik. Qeyd edim ki, 40 faizdən yüksək son neftvermə əmsalı neft yataqları üçün dünya miqyasında ən yüksək göstəricilərdən biridir". B.Hüseynov əlavə edib ki, bu məsələdə ortaq razılığa gəlinib. Öz növbəsində, sözügedən forumda iştirak edən bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda Geologiya və İşlənmə üzrə vitse-prezidenti Dan Sparks diqqəti ona yönəldib ki, neftin çıxarılma səviyyəsini artırmaq məqsədilə son illərdə AÇG-də qazma infrastrukturu genişləndirilir: “Azəri Mərkəzi Şərqi” platformasının istismara verilməsi ilə yataqdakı qazma qurğularının sayı altıdan yeddiyə yüksəlib, həmçinin sualtı işlərin aparılması üçün səkkizinci qazma qurğusunun istismara verilməsi planlaşdırılır. Yatağın 2026-cı ildə qazılmış bir neçə quyusunda AÇG-də artıq 10 ildən çoxdur ki, qeydə alınmayan hasilat göstəricilərinə nail olunub.

Beləliklə, AÇG yataqlar blokunda tətbiq olunan yeni texnoloji yanaşmalar və kapital xərclərinin cari ilin üç rübü ərzində 14,5 faiz artaraq 1,489 milyard dollara çatdırılması təsadüfi xarakter daşımır - bu, qlobal enerji bazarlarındakı qeyri-sabitlik fonunda Azərbaycanın hasilat sabitliyini qorumağa yönəlmiş düşünülmüş strategiyasının tərkib hissəsidir. Yeni qazma qurğularının işə salınması və ACE kimi tam avtomatlaşdırılmış platformaların istismarı göstərir ki, yataq yetkinlik mərhələsinə qədəm qoysa da, onun iqtisadi və texnoloji potensialı hələ tükənməyib. SOCAR və bp-nin 40 faizlik son neftvermə əmsalı hədəfi isə yaxın onilliklərdə Azərbaycanın regionun etibarlı enerji təchizatçısı kimi mövqeyini daha da möhkəmləndirəcək.

Sevinc Azadi, “İki sahil”