16 noyabr 2026 12:23
57

Növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq

İqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılmasının nəticəsi olaraq növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunur. Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz bəndi az olmaqla, 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas hədəflərimizdəndir.

“İki sahil” xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə, dövlət büdcəsində payı isə 60,6 faizə çatacaq.

“Bu cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz-bənd çoxdur. Büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz müsbət təsirini göstərir. Belə ki, növbəti il üçün bu göstərici 90,1 faizə bərabər olacaq. Ortamüddətli dövrün sonuna cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri hesabına örtülməsi nəzərdə tutulur. 2027-ci il üçün dövlət büdcəsi investisiyayönümlülüyü ilə də diqqəti cəlb edir. Belə ki, 2027-ci il üzrə dövlət büdcəsinin əsaslı xərcləri büdcə xərclərinin 32,5 faizinə bərabərdir. Bu isə region ölkələrini xeyli qabaqlayır. Həmçinin sevindirici haldır ki, növbəti ildə bütün rayonlarımız öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq. Beləliklə ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayonumuz qalmayacaq. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərinin daha da artması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4 faiz azalmasına imkan yaradacaq”, - deyə maliyyə naziri bildirib.