16 noyabr 2026 17:39
127

Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi - Dublin Sammiti

Azərbaycanın həyata keçirdiyi uğurlu xarici siyasət kursu ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, qlobal siyasi proseslərdə rolunun və nüfuzunun artmasına mühüm töhfə verir. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın siyasi, iqtisadi, enerji və nəqliyyat xəritəsində mühüm yer tutan dövlətlərdən biridir. Ölkəmiz regional məsələlərin həllində fəal iştirak etməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, beynəlxalq nəqliyyat marşrutlarının inkişafında və qlobal əməkdaşlığın genişlənməsində etibarlı tərəfdaş kimi çıxış edir.

Bu reallığın növbəti təsdiqi Prezident İlham Əliyevin İrlandiyanın Baş naziri Mixol Martinin və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə 2026-cı il noyabrın 12-də Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin IX Sammitində iştirak etməsi oldu. Şübhəsiz, 50 dövlət və hökumət başçısının qatıldığı bu mötəbər toplantıda Azərbaycanın təmsil olunması ölkəmizin beynəlxalq münasibətlər sistemində artan çəkisinin, etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir.

«Avropa – güclü, təhlükəsiz və əlaqəli» devizi altında keçirilən Sammitdə qitənin təhlükəsizliyi, iqtisadi rəqabət qabiliyyətinin artırılması, innovasiyaların təşviqi, nəqliyyat əlaqələrinin inkişafı, əlçatan enerji təminatı və müdafiə məsələləri müzakirə olundu. Bu məsələlərin hər biri Avropa ilə Asiya arasında mühüm bağlantı rolunu oynayan, enerji və nəqliyyat layihələri vasitəsilə qitələrarası əməkdaşlığın genişlənməsinə töhfələr verən Azərbaycanın milli maraqları və həyata keçirdiyi strateji siyasətlə birbaşa səsləşirdi.

Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas amillərdən biri onun enerji sahəsində qazandığı uğurlardır. Bu gün ölkəmiz zəngin enerji resurslarına, müasir infrastruktur imkanlarına və etibarlı tərəfdaşlıq ənənələrinə malikdir. Azərbaycan enerji resurslarını yalnız milli iqtisadi inkişafın təmin olunması vasitəsi kimi deyil, həm də beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi üçün mühüm strateji amil kimi dəyərləndirir. Hazırda Azərbaycan 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edir. Bu göstərici ölkəmizin Avropanın enerji təhlükəsizliyindəki rolunun hansı səviyyəyə yüksəldiyini aydın nümayiş etdirir. Xüsusilə qlobal enerji bazarında qeyri-sabitliyin davam etdiyi bir vaxtda Azərbaycanın etibarlı təchizatçı kimi mövqeyi daha böyük əhəmiyyət qazanır. Yeri gəlmişkən, Cənub Qaz Dəhlizi, TANAP və TAP kimi strateji layihələr ölkəmizin enerji siyasətinin uğurlu nəticələridir. Bu layihələr sayəsində Azərbaycan qazı Avropa bazarlarına çatdırılır, istehlakçı ölkələrin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir. Prezident İlham Əliyevin bu Sammit çərçivəsində qarşı tərəfin təşəbbüsü ilə keçirdiyi 10 görüşdə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı mühüm roldan söz açılldı.

Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşündə Azərbaycanın Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyindəki rolu, TAP layihəsinin əhəmiyyəti və Avropaya qaz ixracının artırılması imkanları müzakirə edildi. Bolqarıstanın Baş naziri Rumen Radev ilə görüşdə də enerji əməkdaşlığının inkişafı, elektrik enerjisi dəhlizinin yaradılması və əlaqələrin genişləndirilməsi məsələləri diqqət mərkəzində oldu. Moldova Prezidenti Maya Sandu ilə görüşdə isə Azərbaycanın bu ölkənin enerji təhlükəsizliyinin gücləndirilməsinə verdiyi dəstək xüsusi vurğulandı. Bütün bunlar göstərir ki, Avropa ölkələri Azərbaycanla əməkdaşlığın strateji əhəmiyyətini daha dərindən dərk edirlər. Dublin Sammiti çərçivəsində xüsusilə diqqət çəkən hadisə Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi oldu. Yeri gəlmişkən, bu sənəddə, həmçinin 2025-ci il 8 avqust Vaşinqton Sülh Zirvəsində imzalanmış Bəyannamənin əhəmiyyəti vurğulanır, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması alqışlanır.

Beləliklə, Dublin Sammiti bir daha təsdiqlədi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və sözü olan dövlətdir. Prezident İlham Əliyevin bu mötəbər toplantıda iştirakı, müxtəlif ölkələrin liderləri ilə keçirdiyi görüşlər və əldə olunan razılaşmalar ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Bu mənada demək olar ki, Dublin Sammiti də bu reallığın növbəti beynəlxalq təsdiqi kimi tarixə düşdü. Şübhəsiz, bu məsələdə də Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradə, diplomatik təcrübə və prinsipial mövqe mühüm rol oynadı.

Qvami Məhəbbətoğlu, “İki sahil”