16 noyabr 2026 15:16
132

Azərbaycan-Böyük Britaniya əməkdaşlığı: qlobal çağırışlar və strateji hədəflərin vəhdəti

Azərbaycanın uğurlu xarici siyasəti, artan beynəlxalq nüfuzu və etibarlı tərəfdaş kimi mövqeyi ölkəmizin dünyanın aparıcı dövlətləri ilə əlaqələrinin inkişafına geniş imkanlar yaradır. Bu baxımdan 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini ifadə edən mühüm siyasi hadisədir.

Azərbaycan–Böyük Britaniya münasibətləri möhkəm tarixi və siyasi əsaslara söykənir. 1994-cü il fevralın 23-də imzalanmış Dostluq və Əməkdaşlıq haqqında, 1998-ci il iyulun 21-də qəbul edilmiş Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamələr ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynamışdır. Yeni sənəd isə uzun illər ərzində formalaşmış qarşılıqlı etimadı daha geniş strateji əməkdaşlıq müstəvisinə çıxarır.

Bəyannamənin mühüm siyasi əhəmiyyətlərindən biri beynəlxalq hüququn fundamental prinsiplərinə verilən önəmdir. Dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmətin təsdiqlənməsi Azərbaycanın prinsipial xarici siyasət mövqeyi ilə səsləşir. Sənəddə 2025-ci il avqustun 8-də keçirilmiş Vaşinqton Sülh Zirvəsinin əhəmiyyətinin vurğulanması, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin dəstəklənməsi Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına verilən önəmi göstərir. Böyük Britaniyanın bu prosesə dəstəyini bir daha ifadə etməsi regional sabitlik və əməkdaşlıq perspektivləri baxımından xüsusi əhəmiyyət daşıyır.

Strateji tərəfdaşlığın əsas istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Bəyannamədə təhlükəsizlik məsələləri üzrə koordinasiyanın gücləndirilməsi, müdafiə sahəsində təlim və təcrübə mübadiləsinin inkişafı, müdafiə sənayesi üzrə birgə təşəbbüslərin araşdırılması nəzərdə tutulur. Hüquq-mühafizə orqanları arasında tərəfdaşlığın, sərhəd idarəçiliyi və hüquqi əməkdaşlığın genişləndirilməsi də təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin daha sistemli xarakter almasına xidmət edəcəkdir.

İqtisadi münasibətlərin inkişafı Bəyannamənin digər mühüm istiqamətidir. Böyük Britaniya uzun illərdir Azərbaycanın əsas investisiya tərəfdaşlarından biridir və enerji sektorunda formalaşmış əməkdaşlıq münasibətlərin mühüm təməlini təşkil edir. Yeni sənəd isə bu əlaqələrin ticarət, investisiya, infrastruktur, xidmətlər və innovasiya sahələrinə genişləndirilməsini nəzərdə tutur. Bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyalar üzrə əməkdaşlıq Azərbaycanın iqtisadi şaxələndirmə və dayanıqlı inkişaf prioritetlərinə uyğun gəlir.

Bəyannamədə Orta Dəhlizin inkişafına verilən dəstək də strateji əhəmiyyət daşıyır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və inkişaf edən nəqliyyat-logistika infrastrukturu ölkəmizin beynəlxalq tranzit imkanlarını genişləndirir. Böyük Britaniya ilə bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi regionlararası ticarətin inkişafına və Azərbaycanın beynəlxalq nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmlənməsinə əlavə imkanlar yarada bilər. Eyni zamanda, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyətinə verilən önəm iqtisadi təşəbbüslərin praktik müstəvidə həyata keçirilməsinə xidmət edir.

Sənədin diqqətəlayiq cəhətlərindən biri təhsil, elm və innovasiyanın strateji tərəfdaşlığın mühüm istiqaməti kimi müəyyənləşdirilməsidir. Müasir dünyada dövlətlərin inkişafı insan kapitalının keyfiyyəti, elmi potensial və texnoloji yeniliklərlə sıx bağlıdır. Bu baxımdan ali təhsil müəssisələri, tədqiqat institutları və sənaye arasında əməkdaşlığın genişləndirilməsi, süni intellekt, rəqəmsal idarəetmə və innovativ texnologiyalar sahəsində təcrübə mübadiləsi mühüm perspektivlər açır. Akademik mübadilə proqramları, birgə elmi layihələr və peşəkar bacarıqların inkişafına yönəlmiş təşəbbüslər Azərbaycan elminin və təhsilinin beynəlxalq inteqrasiyasına töhfə verə bilər.

Bəyannamədə mədəni əlaqələrin, insanlararası münasibətlərin və vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın təşviqi də nəzərdə tutulur. Bu istiqamət qarşılıqlı anlaşmanın möhkəmlənməsi və tərəfdaşlığın uzunmüddətli davamlılığı baxımından əhəmiyyətlidir.

Beləliklə, Azərbaycan ilə Böyük Britaniya arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ikitərəfli münasibətlərin inkişafında mühüm mərhələdir. Müdafiə və təhlükəsizlikdən iqtisadiyyata, yaşıl enerjidən rəqəmsal transformasiyaya, elm və təhsildən insanlararası əlaqələrə qədər geniş sahələri əhatə edən bu sənəd qarşılıqlı faydalı əməkdaşlığın yeni perspektivlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli xarici siyasət kursu çərçivəsində bu tərəfdaşlığın dərinləşməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, milli maraqlarının təmin olunması və regional sabitliyin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Ramiz Hüseynov,

YAP İdarə Heyətinin üzvü, YAP Sumqayıt şəhər təşkilatının sədri