16 noyabr 2026 18:31
77

Rəsmi Bakı starteji tərəfdaşlıq coğrafiyasını genişləndirir

Əlverişli coğrafi mövqeyi, zəngin enerji ehtiyatları, müasir nəqliyyat-logistika infrastrukturu, milli maraqlara, çoxtərəfli əməkdaşlığa əsaslanan müstəqil xarici siyasəti Azərbaycanın ayrı-ayrı güc mərkəzləri arasında strateji rolunu getdikcə gücləndirir.

Son illərdə regional və beynəlxalq proseslərin əsas iştirakçısına çevrilən rəsmi Bakının beynəlxalq aləmdə artan nüfuzu və strateji çəkisi  ölkənin müstəqil xarici siyasəti, enerji təhlükəsizliyindəki rolu və qlobal nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi ilə bilavasitə bağlıdır.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə qlobal dialoq platforması kimi qəbul edilir və nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu mənada 2028-ci ildə “Avropa Siyasi Birliyi”nin (ASB) 12-ci Zirvə Toplantısının Bakıda keçirilməsi ilə bağlı qərarı ölkəmizə olan yüksək etimadın göstəricisidir. Sammitə ev sahibliyi etmək Azərbaycana yalnız genişmiqyaslı beynəlxalq tədbirin təşkili imkanını deyil, həm də Avropa ölkələri ilə siyasi dialoqun inkişaf etdirilməsi üçün əlavə platforma təqdim edir. Dövlət və hökumət başçılarını, Avropa institutlarının rəhbərlərini bir araya gətirərəcək ümumi siyasi məsələlərin müzakirəsinə, ikitərəfli təmasların genişləndirilməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə şərait yaradacaq Bakı görüşü Azərbaycanın Avropa siyasi məkanındakı rolunu, etibarlı tərəfdaşlıq statusunu və müxtəlif geosiyasi mərkəzlər arasında dialoq körpüsü kimi mövqeyini gücləndirəcək.

Prezident İlham Əliyevin ASB-nin Sammiti çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın dünyada artan nüfuzunun, ölkəmizə göstərilən hörmət və ehtiramın bariz nümunəsi idi. Təxminən bir gün ərzində 10-a yaxın ölkə lideri ilə görüşlərin keçirilməsi Azərbaycanın beynəlxalq müstəvidə artan rolunu, siyasi çəkisini və güclənən mövqeyini bir daha nümayiş etdirdi.

Hazırda Azərbaycan Avropanın enerji xəritəsində mühüm rol oynayır. Cənubi Qafqazda yeni reallıqların formalaşması və sülh gündəliyinin irəli sürülməsi Azərbaycanın bölgədə əsas söz sahibi olmasını təmin edir. Müasir limanlar, dəmir yolları və azad edilmiş ərazilərdə qurulan yeni logistika şəbəkələri ölkənin tranzit əhəmiyyətini gücləndirir

Azərbaycanın yerləşdiyi coğrafiya Xəzər hövzəsi, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa arasında təbii tranzit məkanıdır. Ticarət yollarını şaxələndirməklə yanaşı, iqtisadi artıma, yeni tərəfdaşların tapılmasına və iqtisadi əməkdaşlıq əlaqələrinin artmasına böyük imkanlar yaradacaq Orta Dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) Bakını Çindən Avropaya uzanan logistika şəbəkəsinin ayrılmaz hissəsinə çevirir. Zəngəzur dəhlizinin reallaşması ilə Asiya və Avropa arasındakı Orta Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yükdaşıma gücü daha da artacaq ki, bu da Pekindən Londonadək uzanan Şərq-Qərb ticarətinin yüksəlməsinə ciddi təkan verəcək.

Hazırda Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verən əsas ölkələrdən biridir. Rəsmi Bakı ilə Brüssel arasında  enerji, təhlükəsizlik, nəqliiyat və digər sahələrdə fəal dialoq mövcuddur. Azərbaycan qazının Avropa bazarına ixracının artması ölkəni qitənin enerji təchizatının şaxələndirilməsində əvəzolunmaz tərəfdaşa çevirmişdir. Xəzər hövzəsinin yaşıl enerji potensialının Avropaya ötürülməsi üzrə layihələr rəsmi Bakının gələcək enerji təhlükəsizliyindəki çəkisini daha da artırır.

Rəsmi Bakı çoxvektorlu xarici siyasət kursu çərçivəsində həm qlobal güc mərkəzləri, həm də regional dövlətlərlə münasibətlərini müttəfiqlik və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldərək əməkdaşlıq coğrafiyasını genişləndirir. Bu proses respublikamızın Avrasiya məkanında enerji təhlükəsizliyi, nəqliyyat-tranzit dəhlizləri və regional diplomatiyada artan geosiyasi çəkisinə dəlalət edir. Bu baxımdan Dublində keçirilən ASB Sammiti çərçivəsində Azərbaycan ilə Avropanın, bütövlükdə Qərbin ən nüfuzlu ölkələrindən olan Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması və ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi xüsusilə qeyd edilməlidir. Bildiyimiz kimi, Azərbaycan Amerika Birləşmiş Ştatları, Avropa İttifaqının (Aİ) 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Dövlətimizin başçısının İrlandiyanın Dublin şəhərində keçirilən ASB-nin 9-cu Zirvə Toplantısı çərçivəsində təşkil olunan Avropanın rəqabətqabiliyyətliliyi, innovasiyalar və əlçatan enerjiyə həsr olunmuş paneldəki çıxışında bərpaolunan və alternativ enerji mənbələrinin artan rolu ilə yanaşı, Aİ ilə starteji tərəfdaşlıq məsələlərinə də diqqət çəkməsi bu mənada xüsusu qeyd edilməlidir.

 Bir məqamı da vurğulayaq ki,  bütövlükdə, ASB genişlənmiş Avropa konsepsiyasının tərkib hissəsidir. 40 dan artıq dövləti əhatə edən bu birlik Avropa İttifaqı çərçivəsi ilə məhdudlaşmır. Azərbaycanın bu çərçivədə artan rolu, siyasi çəkisi və mövqeyi “Qoca qitə” tərəfindən xüsusi maraq və diqqətlə qarşılanır.

Zahid Rza, “İki sahil”