İkinci Qarabağ müharibəsindən sonra başlanmış sülh prosesi niyə bu qədər gecikdi? Bu suala Ermənistanın başçıları cavab verməlidir. Ancaq qeyd etməlyik iki əsr boyunca ermənilər torpağında yaşadıqları Azərbaycan xalqına qarşı o qədər düşmənçilik toxumları əkiblər ki, indi onları təmizləməyib qurtara bilmirlər və bu səbəbdən də sülh müqaviləsi imzalanmır. Paşinyan hakimiyyəti beyinlərdə dəyişiklik etməkdə çətinlik çəkir. Ancaq ləng olsa da sülhə mane olan iki yüz illik əngəllər tədricən aradan qaldırılır.
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə son görüşündən sonra iki ölkə arasında uzunmüddətli və etibarlı sülhün əldə olunması üçün tarixi imkan yarandığını bəyan edib.
Nikol Paşinyan bu barədə Dublində Beynəlxalq və Avropa Münasibətləri İnstitutunda ekspertlərin suallarını cavablandırarkən danışıb: “Dünən Azərbaycan Prezidenti ilə görüşüm oldu. Bilirsiniz, bu görüşdən çıxardığım nəticə belədir: hazırda bizim uzunmüddətli, yekun, möhkəm və etibarlı sülhün əldə olunması üçün son dərəcə real və tarixi şansımız var. Bu fürsətdən istifadə etməmək bağışlanmaz olardı”.
Ermənistanın baş naziri vurğulayıb ki, onun şəxsi missiyası və hökumətinin əsas vəzifəsi məhz bu tarixi fürsətdən yararlanmaqdır. Sitatdan göründüyü kimi, Nikol Paşinyan da düşmənçiliyin aradan qaldırılmasını, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın bərqərar olmasına çalışır. Bunun üçün qarşıda konstitusiyanı dəyişmək, kilsəni və revanşist müxalifəti öz yerində oturtmaq kimi çətin problemlər qalır. Hələ xaricdən göstərilən təsirlər də qalmaqdadır. Cəmiyyətin beyninə yeridilmiş terrorçuluq və işğalçılıq zəhərini təmizləmək isə ən çətin vəzifədir: “Əlbəttə, bu, asan iş deyil. Bütün tarixi dəyişmək çox çətindir. Bu prosesdə beynəlxalq problemlər, ölkədaxili problemlər, psixoloji çətinliklər yaranacaq. Tarixi məsələlər, tarixlə bağlı suallar və digər problemlər ortaya çıxacaq. Lakin birmənalı şəkildə deyə bilərəm ki, hazırda uzunmüddətli, sabit və etibarlı sülh bizim üçün artıq əlçatandır”.
Bu sözlərdə bir həqiqət var. Paşinyan “tarixi məsələlər, tarixlə bağlı suallar və digər problemlər ortaya çıxacaq” sözləri ilə demək istəyir ki, əl-ayağa dolaşan daşnak və revanşist zehniyyatlıları neytrallaşdırmaq asan olmayacaq.
Nikol Paşinyan əlavə edib ki, mövcud tarixi imkanın reallığa çevrilməsi üçün iş yalnız Azərbaycan tərəfi ilə deyil, Ermənistan cəmiyyəti ilə də davam etdiriləcək. Bu fikrin arxasında nələrin durduğu göz önündədir. Daim gözləri Azərbaycan torpaqlarında olan erməni cəmiyyəti qonşu ölkələrin ərazisini tanımağı, onlarla dinc yanaşı yaşamağı öyrənməli, iqtisadi münasibətləri nizama salmağı bacarmalıdır. Belə olmazsa ermənilərin başı qeyli-qalda olacaqdır. On doqquzuncu-iyirminci əsr deyil, daha çarlar və bolşeviklər yoxdur. Ölkələrimiz arasında düşmənçiliyi yaradan və körükləyən məhz həmin hakimiyyətlər idi. Yarandığı gündən başqaları tərəfindən idarə olunan erməni rəhbərlər ona-buna vassallıq edərək vətəndaşlarının, ölkənin gələcəyini düşünmək belə istəmirdilər, çünki onların əvəzinə düşünənlər vardı. Ermənistan zəif dövlətlər sırasındadır. Onun xarici siyasətinin konturlarını kənarda cızırlar. Ərazisində xarici dövlətlərin hərbi bazaları və sərhəd qoşunları var. Səhədlərini Rusiya sərhəd qoşunları qoruyur.
Azərbaycan isə özü öz taleyinin sahibidir. Müstəqil xarici siyasət yeridir, iqtisadi, hərbi və siyasi gücə malikdir. Cənubi Qafqazın lider dövlətidir. Reallıq ondan ibarətdir ki, Ermənistan Azərbaycan və Türkiyə ilə iqtisadi əməkdaşlıq qurmağa məcburdur. Belə olarsa onun vəziyyəti yaxşılaşar, bazarları zənginləşər, yeni iş yerləri açılar. Digər tərəfdən, Avropa bazarlarına qısa və az sərfiyyatlı yol əldə edər, yaxasını iqtisadi çətinlikdən qurtarar. Qısaca desək, sülh Azərbaycandan daha çox Ermənistana lazımdır. Bunu Nikol Paşinyan da anlayır, lakin açıq hiss olunur ki, kilsə və xarici dairələrin ölkə daxilində dəstək verdikləri əks qüvvələrin qarşısını almaqda çətin durumdan çıxmağa çalışır. Dublində Azərbaycan Prezidenti ilə söhbətində baş nazir bu məsələri üstüörtülü şəkildə diqqətə çatdırıb. Bir reallıqda var ki, Ermənistan sülhdən yayınarsa dəhşətli problemlərlə təkbətək qalacaqdır. Sülhə mane olanlar nəhayət, bu reallığı anlamalı, gələcəyi görünməyən planlardan geri çəkilməli və erməni cəmiyyətinin varlığı ilə oyun oynamamalıdırlar.
Vəli İlyasov, “İki sahil”