16 noyabr 2026 18:57
125

Azərbaycan-Böyük Britaniya münasibətlərində yeni strateji mərhələ

Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artması, müstəqil və prinsipial xarici siyasət kursunun uğurla həyata keçirilməsi ölkəmizin dünyanın aparıcı dövlətləri ilə əlaqələrinin genişlənməsinə möhkəm zəmin yaradır. Bu gün Azərbaycan yalnız regionun deyil, həm də beynəlxalq siyasi və iqtisadi münasibətlərin mühüm iştirakçılarından biri kimi qəbul olunur. Ölkəmizin müxtəlif dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa və ortaq maraqlara əsaslanan münasibətləri bu siyasətin mühüm nəticəsidir.

Bu baxımdan Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması xüsusi əhəmiyyət daşıyır. 2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniyanın Baş naziri Endi Börnhem tərəfindən imzalanmış bu sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini təsdiqləyir.

Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında uzun illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərinin məntiqi davamıdır. Sənəddə 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannamənin, eləcə də 1998-ci il 21 iyul tarixli Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin əhəmiyyəti xüsusi qeyd olunur. Yeni sənəd isə mövcud əlaqələrin qarşılıqlı hörmət, ortaq maraqlar və praktiki əməkdaşlıq əsasında strateji tərəfdaşlıq səviyyəsinə qaldırılmasını nəzərdə tutur.

Birgə Bəyannamədə təsdiqlənən əsas prinsiplərdən biri Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlikdir. Xüsusilə dövlətlərin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hörmət məsələsi ön plana çəkilir. Bu müddəalar Azərbaycanın milli maraqları və dövlətçilik prinsipləri baxımından mühüm siyasi əhəmiyyətə malikdir.

Sənəddə regionda davamlı sülhün təmin olunması məsələsinə də xüsusi diqqət yetirilir. 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Zirvəsinin Bəyannaməsinin əhəmiyyəti vurğulanır, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlar alqışlanır. Böyük Britaniya tərəfi iki ölkənin ikitərəfli dialoq yolu ilə regionda davamlı sülhə nail olmaq səylərinə dəstəyini bir daha təsdiqləyir. Bu yanaşma Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi əməkdaşlığın genişlənməsi baxımından əhəmiyyətlidir.

Birgə Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıqdır. Tərəflər müdafiə və təhlükəsizlik sahəsində uzunmüddətli əməkdaşlığı gücləndirmək, ümumi təhdidlərin qarşısının alınması və onlara cavab verilməsi imkanlarını artırmaq niyyətlərini ifadə edirlər. Bu çərçivədə hərbi təlim, kadr hazırlığı, müdafiə qabiliyyətinin artırılması, müdafiə sənayesi sahəsində birgə təşəbbüslərin araşdırılması nəzərdə tutulur.

Eyni zamanda hüquq-mühafizə orqanları arasında əməkdaşlığın, sərhəd idarəçiliyinin, məhkəmə və hüquq sahəsində əlaqələrin gücləndirilməsi də sənəddə öz əksini tapır. Bu müddəalar dövlət institutlarının dayanıqlığının artırılmasına, hüququn aliliyinin möhkəmləndirilməsinə və təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinə xidmət edir.

İqtisadiyyat, ticarət və investisiya əməkdaşlığı isə strateji tərəfdaşlığın əsas sütunlarından biridir. Bəyannamədə dayanıqlı və şaxələndirilmiş iqtisadi inkişafın, açıq ticarətin, investisiyaların və innovasiyaların hər iki ölkənin uzunmüddətli rifahı üçün vacib olduğu vurğulanır. Tərəflər xüsusilə bərpaolunan enerji, infrastruktur, xidmətlər və digər prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsinə, biznes dairələri arasında birbaşa əlaqələrin inkişafına maraq göstərirlər.

Azərbaycanın əlverişli coğrafi mövqeyi və beynəlxalq nəqliyyat-kommunikasiya layihələrində artan rolu nəzərə alınaraq, Orta Dəhlizin inkişafı məsələsi də sənəddə mühüm yer tutur. Bu dəhlizin genişləndirilməsi Şərqlə Qərb arasında ticarət və nəqliyyat əlaqələrinin gücləndirilməsi, yükdaşımaların artırılması, regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi baxımından böyük perspektivlər açır.

Digər mühüm istiqamət yaşıl enerji və ekoloji dayanıqlılıq məsələləridir. Tərəflər bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşmə, aşağı karbonlu texnologiyalar və enerji təhlükəsizliyi sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədirlər. Bu, Azərbaycanın yaşıl enerji strategiyasının həyata keçirilməsi və ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir.

Bəyannamədə maliyyə və kapital bazarları sahəsində əməkdaşlıq, kiçik və orta sahibkarlığın inkişafı, ticarətin maliyyələşdirilməsi, beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi də nəzərdə tutulur. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın bu istiqamətdə əsas mexanizm kimi fəaliyyət göstərməsi tərəflərin konkret nəticələr əldə etmək niyyətini nümayiş etdirir.

Sənədin diqqətçəkən digər istiqaməti təhsil, elm və innovasiya sahələridir. Müasir dövrdə dövlətlərin inkişafı yalnız iqtisadi və siyasi imkanlarla deyil, həm də insan kapitalının səviyyəsi, elmi potensialı və texnoloji yeniliklərə uyğunlaşma qabiliyyəti ilə ölçülür. Bu baxımdan Azərbaycan və Böyük Britaniya arasında ali təhsil, peşə təhsili, elmi tədqiqatlar, rəqəmsal bacarıqlar və innovasiya sahələrində əməkdaşlığın dərinləşdirilməsi xüsusi əhəmiyyət kəsb edir.

Universitetlər, elmi-tədqiqat müəssisələri və sənaye sektoru arasında əlaqələrin qurulması, süni intellekt, rəqəmsal idarəetmə və müasir texnologiyalar sahəsində təcrübə mübadiləsi gələcək inkişaf üçün yeni imkanlar yaradacaqdır. İnsanlar arasında birbaşa əlaqələrin, mədəni və peşəkar mübadilələrin təşviqi isə xalqlarımızın bir-birini daha yaxından tanımasına xidmət edəcəkdir.

Bəyannamənin mühüm cəhətlərindən biri də strateji tərəfdaşlıq üzrə illik görüşlərin keçirilməsinin nəzərdə tutulmasıdır. Bu görüşlər sənəddə müəyyənləşdirilmiş üç əsas istiqamət – müdafiə və təhlükəsizlik, ticarət və investisiya, təhsil və innovasiya sahələrində görülən işlərin qiymətləndirilməsinə, gələcək prioritetlərin müəyyənləşdirilməsinə və konkret təşəbbüslərin həyata keçirilməsinə imkan verəcəkdir.

Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünyanın nüfuzlu dövlətləri ilə əlaqələrini yeni səviyyəyə yüksəldir. Böyük Britaniya ilə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi ölkəmizin iqtisadi, siyasi, təhlükəsizlik və humanitar sahələrdə imkanlarını daha da genişləndirəcəkdir.

Bu mühüm sənəd Azərbaycan dövlətinin müstəqil siyasətinə, beynəlxalq nüfuzuna və gələcəyə hesablanmış inkişaf strategiyasına verilən yüksək qiymətin göstəricisidir. Əsas məqsəd isə əldə olunmuş razılaşmaları əməli işlərlə möhkəmləndirmək, qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək və hər iki xalqın rifahına xidmət edən yeni nailiyyətlərə imza atmaqdır.

Ehtibar İsmayılov,
YAP Ordubad rayon təşkilatının sədri