44 günlük haqq savaşımızda əsl qəhrəman kimi döyüşüb adını yeni, şanlı tariximizə yazan Azərbaycanın qeyrətli oğullardan biri də zəfər şəhidi Rövşən Eynullayevdir. Biləsuvar rayonunun Nərimankənd kəndində dünyaya göz açan Rövşən sinəsini Vətəninə sipər etməklə 20 yaşında ən ali məqama ucaldı. Onun ömür yolu nə qədər qısa olsa da, zaman-zaman gələn nəsillər üçün qürur, şərəf mənbəyinə dönəcək, bənzərsiz bir örnək olacaq.
Qəlbi düşmən tapdağında qalan torpaqların azad edilməsi istəyi ilə alışıb-yanan Rövşən Elşən oğlu Eynullayev doğma kənd orta məktəbini başa vurub ordu sıralarına gedib. Cəbhə bölgəsində əyninə forma geyinərək Vətənin keşiyini çəkib. Hər qarış torpağı özünə əziz bilən mərd, cəsur əsgərin göstərdiyi nümunəvi xidməti qısa müddətdə ona yaxşı hörmət qazandırıb. Yağıdan alacağı öcə hazırlaşan Rövşən komandirlərin tapşırıqlarını vaxtında, yüksək keyfiyyətlə yerinə yetirib, ən çətin təlimlərdən belə uğurla çıxıb. Əsgərlikdən sonra da erməni dığalardan qisas almaq üçün silahı əlindən yerə qoymayıb. Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq yurdumuzun müdafiəsində dayanıb. Vətən məhəbbəti, düşmənə amansız nifrəti bir qayda olaraq köksündə əsl qəhrəman ürəyi döyünən Rövşəni 30 il əsir düşən Qarabağımızın azadlığı naminə səngərə- döyüşə səsləyib.
Rövşən 2020-ci ilin sentyabrın əvvəlində qısa müddətli təlimlərə cəlb edilib və vəziyyətin nə yerdə olduğunu tam başa düşüb. Sentyabrın 27-də Vətən müharibəsi başlananda bir çox igid oğullarımız kimi sevinə-sevinə, böyük ürəklə, qələbəyə inamla ön cəbhəyə yollanıb. İlk gündən cəsarətlə müharibə meydanına atılıb, düşmən həmləsini dayandırmaq üçün mərdliklə vuruşub, çətin döyüş əməliyyatlardan zəfərlə çıxıb. Və bu hünər Rövşəni komandirlərə, əsgər yoldaşlarına daha çox sevdirib. Vətən torpağının hər qarışını canından əziz bilən Rövşən girdiyi döyüşlərdə dığalara endirdiyi sarsıdıcı zərbələrlə onlara qan qusdurub. Savaş zamanı göstərdiyi fədakarlığı, mərdliyi, misilsiz şücaəti onunla çiyin-çiyinə vuruşan əsgərləri də qələbəyə doğru aparıb.
Qəhrəman əsgərin axırıncı döyüşü də ağır, qeyri-bərabər keçib. Belə ki, Cəbrayıl, Füzuli rayonları istiqamətində gedən torpaq uğrunda müharibədə son nəfəsinə qədər silahı əlindən yerə qoymayıb, sərrast atəşlə dığaların hərbi texnikasını sıradan çıxarıb, canlı qüvvəsini sarsıdıb. Özü qəfil atılan gülləyə tuş gəlsə də, qanı tökülən yerdə daha bir qələbə bayrağımız dalğalanıb. Həm də Vətənin azadlığı uğrunda gedən döyüşlərdə canını fəda edən bir ailənin övladından bütün Azərbaycan xalqının ən əziz oğluna çevrilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları əsasında Rövşən Eynullayev ölümündən sonra "Vətən uğrunda", “Döyüşdə fərqlənməyə görə”, eləcə Cəbrayılın, Füzulinin azadlığı uğrunda medallarına layiq görülüb.
”Şəhidlər ölməz - Vətən bölünməz!” deyiblər. Çünki şəhidlər torpağa gömülmür, onlar əbədi yaşamaq üçün elə Vətən səmasının parlaq günəşinə çevrilirlər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü