23 yanvar 2026 17:45
130

Sənin uyuduğun torpaq da, ruhunun dolaşdığı səma da bizə əmanətindir, ŞƏHİDİM!

Ailə bir ağacdır. Ağac hər yeni qol-budağı, yeni kökü ilə torpağa daha da möhkəmlənir, möhkəmləndikcə qüdrəti daha da artır. Allahverdi ata və Nərgiz ana övladlarını - üç oğul və bir qızını alınlarının təri, əllərinin qabarı ilə böyüdüb. Onları hələ körpəlikdən zəhmətə, halalığa, dürüstlüyə alışdırıb valideynləri. Öz davranışları ilə uşaqlarına örnək - bir növ ilk müəllim olublar. Övladları da sağ olsunlar ki, bu zəhmətin qarşılığında hər zaman onların başını uca ediblər. İstər evdə, istər orta məktəbdə, istərsə də var olduqları qeyri yerlərdə övladlarından valideynlərinə ancaq yaxşı soraqları gəlib. Böyük övaldları Zaur bəy, yeganə qızları Gülər xanım, şəhidimiz Zamin və kiçik qardaşı Fazil bəy də ailəyə həmişə baş-ucalığı və fərəh bəxş edib. 

Naxçıvan torpağının igid balası Məmmədov Zamin Allahverdi oğlu 1985-ci ilin əlvan payız aylarının birində - oktyabrın 5-də Babək rayonunun Nehrəm kəndində, məhz bu halal ailədə dünya evinə qədəm qoyub. O ata-anasını həyata tutunduran üçüncü kök idi. Gözü-könlü tox, ağıllı, yer-yurdunu bilən, vətənpərvər və saleh övlad idi. Onun payına düşən yurdun saysız-hesabsız igidlərindən biri idi o da. Nehrəm həm ziyalıları, həm də zəhmətkeş təbəqəsi ilə daima seçilib. Birinci və İkinci Qarabağ müharibələrində onlarla şəhidi, yüzlərlə qazisi olub. Zamin də torpağının adamı idi. Qanı qaynar, ürəyi vətən döyüntülü oğul idi. Uşaqlığından ağıllı və örnək davranış sahibi olan Zamin hələ məktəbə getməmişdən kitab-dəftərə, yazı-pozuya meyilli olub. Su kimi axan zamana qapılıb üzü zirvəyə doğru irəliləyirdi. Özü də, doğmaları da bundan xəbərsiz idi.  1991-ci ildə şəhid Elşad Əliyev adına Nehrəm kənd 2 nömrəli tam orta məktəbin birinci sinfində oxumağa başlayan Zamin ilk günlərdən ibtidai sinif müəllimi Kəmalə xanımın sevimli şagirdlərindən birinə çevrilir. Yaraşıqlı olmağı ilə yanaşı çalışqanlığı, mərifəti ona əlavə gözəllik verirdi. Dərslərini yaxşı oxuyurdu. Bütün fənlərə maraq göstərirdi. Ən çətin dərsləri belə tez bir zamanda hazırlayıb, əlavə məşğuliyətlərə də vaxt ayırırdı. Yaxşı əl qabiliyyəti varimiş Zaminin. Yaşıdları ilə oynayarkən belə daha fərqli iş ortaya qoyurmuş. Əlinə keçən alminium məftilləri əyib gah tank, gah da avtomat düzəldirdi. Demək ki, o öz yolunu hələ uşaqlıqdan tutmuşmuş. Ona görə də onu həkim görmək istəyindən yan keçir anası Nərgiz xanım. Ailəlikcə Zaminin peşə seçiminə hörmətlə yanaşırlar.

90-cı illərdə xalqımız elə bir dövrə gəlib çatmışdı ki, 70 illik rus əsarətindən qurtulmaq, öz torpağının sahibi olmaq istəyirdi. Həmin illər Azərbaycan xalqının tarixində dərin iz qoydu. Xalqımız öz müstəqilliyini yenidən bərpa etdi. Qan və can bahasına mail olsa da üçrəngli bayrağımızı yenidən qaldırdıq başımızın üstünə. Ümummilli lider Heydər Əliyevin Azərbaycana dönüşü ilə xalq özünü yenidən tapdı. Və ağır günlərin öhdəsindən gəlmək üçün xalq və Lideri arasında möhkəm bağlar yarandı. Ordumuzu möhkəmlətmək məqsədi ilə hərbi məktəblərin təməli qoyuldu Azərbaycanda. Bunlardan biri də ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Naxçıvanda ilk hərbi təhsil ocağının - Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması oldu. Nəinki Naxçıvandan, hətta digər bölgələrdən də bu mötəbər məktəbdə oxumaq üçün igid balalar gəlirdi. Zaminin böyük qardaşı Zaur da bu liseyin ilk məzunlarından biri olur. Qardaşının ardınca Zamin də 2000-ci ildə Hərbi Liseyin kursantı olur. O ali məqsədinin və böyük arzusunun bir adımlığında dayanmışdı artıq. Bütün ömrünü bu formanı geyinərək vətənə xidmət etməyə hazır idi. Dərsləri orta məktəbdə olduğu kimi yaxşı gedirdi. Liseyin sevimli şagirdlərindən biri idi. Müəllimlərinin ona ümidi böyük idi. “O gələcəyin ən yaxşı zabitlərindən, sərkərdələrindən biri olacaq”- deyirdilər onun haqqında.

Liseyi bitirdikdən sonra 2003-cü ildə təhsilini davam etdirmək üçün Bakıya gedən Zamin Heydər Əliyev adına Ali Hərbi məktəbini də uğurla başa vurur. Ailəsindən uzaqda olmaq nə qədər çətin olsa da, peşəsinə olan marağı, vətəninə olan sevgisi hər şeyin öhdəsindən gəlməyinə kömək edir. 2007-ci ildə Leytenant rütbəsi alan Zaminin təyiatını Şəkiyə versələr də, bir neçə aydan sonra öz ərizəsi ilə Ağdama - cəbhə bölgəsinə göndərilir. Mənfur ermənilərin atəşkəsi tez-tez pozduğu bu bölgədə olmaq onun çoxdankı arzusu idi. Bu eyni zamanada məsuliyyətli, çətin və şərəfli iş idi. Bir tağım komandiri kimi əsgərlərini yüksək səviyyədə yetişdirməli, onların qayğısına qalmalı idi. Vətənin keşiyində layiqincə dayanmaq nə qədər şərəfli bir peşə olsa da, bir o qədər də ağır idi. Amma Zamin Məmmədov bütün bunların öhdəsindən asanlıqla gəlirdi. Məqsədi ali olanın məramı da ali olar. Necə ki Zaminin də arzusu işğal altında olan torpaqlaımızı düşmən tapdağından azad etmək idi. O vətənin keşiyində canla-başla dayanır, öz şərəfi, namusu kimi qoruyurdu. Düşməni qəvi olan xalqın ordusu, zabit və əsgərləri mütləq ayıq-sayıq olmalıdır. Zamin düşmənə qarşı döyüşlərdə acımasız idi. Onun gözünə nə canı, nə də doğmaları görünürdü. Müqəddəs torpaqlarımızın uğrunda canını fəda etmək üçün dünyaya göz açmışdı. Anında düşmənə layiqli cavab verir, susdururdu. Hər döyüşdən qalib ayrılmağı bacarırdı. 2008-ci ildə fevral ayının 7-də Leytenant Zamin Məmmədov ayağından iki güllə yarası alır. Ailəsinə yaralandığını deyil, ayağının burxulub incindiyini deyir.  Gəncə Hərbi Hospitalında müalicə aldığı müddətcə əsgərlərindən çox nigaran qalır. Tezliklə sağalıb yenidən səngərə qayıtmalı olduğunu tez-tez dilə gətirirmiş.

Doğmalarından uzaqda olmaq Zamin üçün çətin idi. Amma o bunu hələ orta məktəbdə oxuyarkən qəbullanmışdı. Ancaq bayramlarda və ezamiyyətlərdə ailəsi ilə görüşmək imkanı olurdu.  Sonuncu məzuniyyəti 2010-cu ilin oktyabrına təsadüf edir. Ailəsi ilə olduğu qısa bir arada Zamin həyatının ən gözəl anlarını yaşayır. Anasının təkidli arzusu ilə Zaminə yadda qalan gözəl bir doğum günü keçirirlər. Bu onun adına qurulan ilk və son təmtəraqlı doğum günü olur. O gün heç kim bilmirdi ki, bir neçə ay sonra Zamin onların arasından əbədiyyən gedəcək. Həm də arzu etdiyi məqama doğru.

2011-ci il yanvarın 25-də Ermənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində Zamin Məmmədov şəhidlik məqamına yüksəlir. O gündən şəhadəti ilə əbədiyyəti qazanan Zaminin cismi torpağa, ruhu isə səmaya keşik çəkir. Mübarək məqamlı şəhidim, bil ki, uyuduğun torpaq da, ruhunun dolaşdığı səma da bizə əmanətindir.

Gəlmişəm ki...

Cənnət qoxulu şəhidimiz Zamin Məmmədovun əziz xatirəsinə ehtiramla.

Salam şəhid, ocağına gəlmişəm,

Gəlmişəm ki, müjdə verəm Zəfərdən.

Mən ruhunu hiss etmişdim, bilirsən?

Qarabağda, o möhtəşəm səfərdə.

 

Gəlmişəm ki, deyəm sənə azaddır,

Yollarında can qoyduğun Vətənin.

Səmasına keşik çəkir ruhun da,

Düşsə belə torpaq altda bədənin.

 

Gəlmişəm ki, deyəm sənə orada

Müqəddəs bir daş-torpaqda bitmisən.

Zamin, qardaş xoş halına deyimmi?

Sən Tanrının məqamına yetmisən!

 

Rahat uyu can şəhidim hüzurla,

Sayənizdə başı uca gəzirik.

Yoxluğunuz dağlasa da sinələr,

Yenə Vətən, Vətən deyib dözürük.

Sevinc Azadlı,
Şair-publisist