23 yanvar 2026 19:47
102

TRIPP: Şərqlə Qərbi birləşdirəcək strateji layihə

Böyük geosiyasi çəkisi və strateji hədəfləri olan Zəngəzur dəhlizi, başqa sözlə, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) Ermənistandan keçməklə Türkiyə, Azərbaycan, Mərkəzi Asiya arasında sıx əlaqələr qurmağa imkan verəcək və bu üç ölkə arasında logistik əlaqələrin daha da möhkəmlənməsini təmin edəcək.

Prezident İlham Əliyev 2025-ci il avqustun 8-də Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla birgə mətbuata bəyanatla çıxışında bildirmişdi ki, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq: “Bu həqiqətən tarixi bir gündür. Biz Qafqazda sülhü bərqərar edirik və bu fürsət təkcə bizim regionla məhdudlaşmayacaq. Prezident Trampın düzgün qeyd etdiyi kimi, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” yeni bağlantı əlaqələri yaradacaq, sədləri aradan qaldıracaq və sərmayələr, firavanlıq, sabitlik sayəsində çoxsaylı ölkələr üçün bağlantı imkanları yaradacaq. Azərbaycan və Ermənistan Sovet İttifaqının süqutu nəticəsində eyni vaxtda müstəqillik əldə edib. Ancaq artıq o vaxt biz müharibə şəraitində idik. Biz müharibələrə, işğal dövrünə və qan tökülməsinə uzun illər sərf etdik. Bu gün tarixi gündür, çünki biz sülhü bərqərar edirik. Prezident Tramp Qafqaza sülh gətirir və biz buna görə ona minnətdarıq. Əminəm ki, Ermənistanla Azərbaycan sülhün əldə olunması üçün özlərində cəsarət və məsuliyyət tapacaq, xalqlarımız da barışacaqlar. Biz qarşıdurma və qan tökülməsi səhifəsini çevirəcəyik, uşaqlarımız üçün işıqlı və təhlükəsiz gələcək təmin edəcəyik. Mən çox şadam ki, biz bu gün yeni, gözəl tarix yazırıq”.

TRIPP-in əsas məqsədi Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, regional ticarəti və əlaqələri genişləndirməklə, eləcə də Mərkəzi Asiyanı və Xəzər dənizini Avropaya birləşdirən yeni tranzit imkanları yaratmaqla Amerika ticarətini artırmaqdır. Ekspertlər bildirilər ki, TRIPP-in reallaşması Xəzəryanı ölkələri liman və dəmir yolu infrastrukturunu daha sürətlə inkişaf etdirməyə vadar edir. Hazırda illik 15 milyon ton yükaşırma qabiliyyətinə malik Bakı Beynəlxalq Dəniz Ticarət Limanı bu baxımdan əsas Xəzər habına çevrilmək imkanını qazanır. Prezident Donald Tramp ötən ilin noyabrında Vaşinqtonda Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşdən sonra vurğulamışdı ki, TRIPP təkcə yeni nəqliyyat erası deyil, həm də ABŞ-ın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən tarixi sülh sazişinin nəticəsidir. “Bu marşrutu mənim adımla adlandırıblar və bununla qürur duyuram. Bu yol Şərqlə Qərbi birləşdirəcək, dünyanın iqtisadi baxımdan ən strateji regionundan keçərək Xəzəryanı və Mərkəzi Asiya ölkələrinə yeni ticarət imkanları yaradacaq”.

TRIPP təkcə yeni nəqliyyat erası deyil, həm də Ağ Evin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında əldə edilən tarixi sülh sazişinin nəticəsidir. Doğrudan da, 8 avqust tarixli Vaşinqton Zirvə görüşündə sülh sazişinin mətninin paraflanmasından sonra Azərbaycanla Ermənistan arasında sülhə doğru müəyyən müsbət addımlar atılıb. Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırmasını buna nümunə göstərmək olar. Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi, Azərbaycan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətləri aradan qaldırıb. Bugünlərdə taxıl yüklü qatar Azərbaycandan keçməklə Ermənistana gedib. Qazaxıstandan göndərilən min tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub.

 Multimodal bağlantılar marşrutu olan TRIPP dəmir yolu, avtomobil yolu və digər kommunikasiyaları əhatə etməli və Ermənistan üçün qarşılıqlı bağlantı faydaları ilə birlikdə Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin etməlidir. Dəfələrlə bəyan edildiyi kimi, kommunikasiyaların açılmasının əhəmiyyəti təkcə Ermənistan və Azərbaycan arasında sülhün dayanıqlı olmasına təsir göstərmir, daha geniş miqyasda böyük faydalar gətirir. Qırx iki kilometrlik “Tramp sülh yolu” adlanan layihə avtomobil və dəmir yolunun hərəkəti ilə yanaşı, enerji və kommunikasiya xətlərinin reallaşmasına əlverişli şərait yaradacaq, regionda davamlı sülhün təmin edilməsinə, etimad mühitinin, əməkdaşlıq və təhlükəsizliyin möhkəmləndirilməsinə töhfələr verəcək. Eksperetlərin hesablamalarına görə, TRIPP-ın Orta Dəhlizə birləşməsi ölkəmizin ərazisindən ildə 35 milyon ton yükün daşınmasına şərait yaradacaq.

Azərbaycan Zəngəzur dəhlizinin reallaşacağı ərazidə bütün infrastruktur işlərini başa çatdırıb və bu, çox qısa müddətdə həyata keçirilib. Ölkəmiz sürətli bərpa və yenidənqurma prosesi ilə regionu faktiki olaraq yenidən formalaşdırıb. Bu günlərdə Davosda liderlər arasında keçirilən görüş bunu bir daha təsdiq edir ki, artıq Ermənistan tərəfi də bu istiqamətdə müəyyə addımlar atır. Ekspertlərin qənaətinə görə, bu il Ermənistanda seçki ilidir və bu faktor olduqca mühümdür. Dəhlizin açılmasının seçkidən əvvəl, yoxsa sonra baş verəcəyini gözləmək lazımdır. Siyasi şərhçilərin sözlərinə görə, Paşinyan seçkidən öncə həm sülh sazişinin imzalanmasına, həm də Zəngəzur dəhlizinin açılmasına çalışa bilər.

Zahid Rza, “iki sahil”