Hər bir xalqın tarixində onun azadlıq iradəsini, milli kimliyini və dövlətçilik əzmini təcəssüm etdirən müqəddəs rəmzlər var. Azərbaycan xalqı üçün bu rəmzlərin ən ucası üçrəngli Dövlət Bayrağımızdır. O, sadəcə, mavi, qırmızı və yaşıl rənglərdən ibarət dövlət atributu deyil, əsrlərin yaddaşını, müstəqillik uğrunda mübarizəni, milli birliyi və qalibiyyət qürurunu özündə yaşadan müqəddəs dəyərdir.
Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir”. Bu fikir bayrağımızın hər bir azərbaycanlının həyatında və mənəvi dünyasında tutduğu xüsusi yeri ifadə edir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilən üçrəngli bayrağımız milli istiqlal ideologiyamızın təcəssümü idi. Mavi rəng türkçülüyü, qırmızı müasirliyi, yaşıl isə islamçılığı ifadə edirdi. Cümhuriyyətin süqutundan sonra uzun illər dalğalana bilməyən bayrağımız xalqımızın yaddaşında və müstəqillik arzusunda yaşadı.
Milli bayrağımızın yenidən dövlətçilik tariximizə qayıdışında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri əvəzsizdir. 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın qaldırılması milli dövlətçilik tariximizdə mühüm dönüş nöqtəsi oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti bayrağımızı yenidən Dövlət Bayrağı kimi təsdiq etdi. Həmin ilin oktyabrında dövlət müstəqilliyimizin bərpası ilə üçrəngli bayrağımız suverenliyimizin əsas rəmzinə çevrildi.
Prezident İlham Əliyevin rəhbərliyi ilə milli dövlətçilik ənənələrimizin inkişafı, dövlət rəmzlərimizin ucalığının təmin edilməsi yeni mərhələyə qədəm qoydu. Bakıda Dövlət Bayrağı Meydanının yaradılması və Dövlət Bayrağı Muzeyinin fəaliyyətə başlaması bu ehtiramın parlaq nümunəsidir.
Üçrəngli bayrağımızın tarixində ən möhtəşəm səhifələrdən biri isə onun işğaldan azad edilmiş torpaqlarımızda yenidən dalğalanmasıdır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı tarixi Zəfərə imza atdı. Şuşada, Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda və digər azad edilmiş ərazilərimizdə bayrağımızın ucaldılması onilliklər boyu ürəyimizdə yaşatdığımız arzuların gerçəkləşməsi idi. Xankəndidə Dövlət Bayrağımızın dalğalanması isə suverenliyimizin tam bərpasının rəmzinə çevrildi.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı quruculuq işləri, doğma yurdlarına qayıdan insanların sevinci üçrəngli bayrağımız altında yeni həyatın başladığını göstərir. Dövlət Bayrağı Meydanının 2024-cü ildə yenidən açılması və burada “Zəfər qalereyası”nın yaradılması da qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılmasına xidmət edir.
Dövlət Bayrağımıza ehtiram hər bir vətəndaşın Konstitusiya və mənəvi borcudur. Bayrağa sevgi Vətənə sədaqətdə, dövlətçiliyə bağlılıqda, milli maraqların qorunmasında və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsində öz əksini tapmalıdır.
Bu gün üçrəngli bayrağımızın hər dalğalanışı bizə şəhidlərimizin müqəddəs xatirəsini, qəhrəman əsgərlərimizin şücaətini, xalqımızın birliyini və dövlətimizin qüdrətini xatırladır. Bu bayraq müstəqilliyimizin əbədiliyinə, suverenliyimizin dönməzliyinə və Azərbaycanın gələcək uğurlarına verilmiş tarixi təminatın rəmzidir.
Bir zamanlar azadlığı arzulayan, bu gün isə qalibiyyətini dünyaya nümayiş etdirən Azərbaycanın bayrağı artıq Zəfər zirvəsində dalğalanır. Onu yüksəldən xalqımızın iradəsi, qoruyan ordumuzun gücü, ucaldan isə müstəqil dövlətimizin qüdrətidir.
Bayrağımız daim uca olsun! Yaşasın müstəqil, suveren və qalib Azərbaycan!
Jalə Əliyeva,
Millət vəkili,
Milli Məclisin Ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini
Üçrəngli bayrağımız milli qürurumuzun, müstəqilliyimizin və dövlət suverenliyimizin rəmzidir
Azərbaycan Bayrağı beynəlxalq arenada müstəqil və güclü dövlətin rəmzi kimi tanınır