09 noyabr 2026 13:50
53

Üçrəngli bayrağımız milli qürurumuzun, müstəqilliyimizin və dövlət suverenliyimizin rəmzidir

İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri


9 Noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli dövlətçilik tarixində xüsusi yeri olan, müstəqilliyimizin, azadlığımızın və milli birliyimizin təntənəsini ifadə edən əlamətdar gündür. Üçrəngli bayrağımız Azərbaycan xalqının əsrlər boyu yaşatdığı azadlıq ideallarının, milli kimliyinin, tarixi yaddaşının və gələcəyə olan inamının müqəddəs rəmzidir. Bu bayraq yalnız dövlət atributu deyil, həm də xalqımızın mübarizə əzmini, milli iradəsini və müstəqil yaşamaq haqqını özündə təcəssüm etdirən mənəvi dəyərdir.
Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli bayrağımız milli dövlətçilik ənənələrimizin mühüm simvoluna çevrilmişdir. Müstəqil dövlətimizin ilk respublika quruluşu dövründə qəbul edilən bu bayraq xalqımızın azadlıq və istiqlal düşüncəsinin təcəssümü idi. Lakin Azərbaycanın sonrakı tarixi taleyi, sovet hakimiyyəti dövründə müstəqil dövlətçilik atributlarının aradan qaldırılması üçrəngli bayrağımızın rəsmi dövlət rəmzi kimi istifadəsinə son qoydu. Buna baxmayaraq, xalqımızın qəlbində yaşayan milli istiqlal arzusu və dövlətçilik düşüncəsi heç vaxt sönmədi.
Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi və tarixi təşəbbüsü ilə üçrəngli bayrağımızın yenidən dövlətçilik həyatımıza qaytarılması milli tariximizin mühüm hadisəsinə çevrildi. 1990-cı il noyabrın 17-də Ulu Öndərin sədrliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanın dövlət bayrağı kimi qəbul edildi və onun Azərbaycanın rəsmi dövlət rəmzi kimi təsdiq olunması barədə təşəbbüs irəli sürüldü. Həmin sessiyada sovet ideologiyasının siyasi təsirinin hələ davam etdiyi bir dövrdə belə cəsarətli qərarın qəbul edilməsi Heydər Əliyevin milli dövlətçilik prinsiplərinə sadiqliyinin, siyasi uzaqgörənliyinin və qətiyyətinin parlaq nümunəsi idi.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurulmasını, milli ideologiyanın formalaşdırılmasını və dövlətçilik ənənələrinin möhkəmləndirilməsini öz fəaliyyətinin əsas istiqamətlərindən biri hesab edirdi. Onun dövlət rəmzlərinə münasibəti sadəcə protokol xarakteri daşımır, milli kimliyə, tarixi irsə və dövlət müstəqilliyinə dərin ehtiramdan qaynaqlanırdı. Ulu Öndərin “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” fikri bu müqəddəs atributun xalqımız üçün daşıdığı mənəvi və siyasi əhəmiyyəti aydın ifadə edir.
Müstəqilliyimizin bərpasından sonra üçrəngli bayrağımızın dövlət atributu kimi hüquqi statusunun möhkəmləndirilməsi, onun qorunması və təbliği istiqamətində mühüm addımlar atıldı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında Dövlət bayrağının ölkəmizin dövlət rəmzlərindən biri kimi təsbit olunması milli dövlətçilik sistemimizin hüquqi əsaslarını daha da gücləndirdi. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla noyabrın 9-u Dövlət Bayrağı Günü elan edildi. Bu qərar üçrəngli bayrağımıza olan ümumxalq ehtiramının dövlət səviyyəsində ifadəsi oldu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövlətinin beynəlxalq nüfuzu və siyasi mövqeyi möhkəmlənmiş, dövlətçilik ənənələrimiz daha da inkişaf etmişdir. Bu gün Azərbaycan bayrağı dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının iqamətgahları qarşısında, müxtəlif ölkələrdə keçirilən mötəbər tədbirlərdə və beynəlxalq platformalarda qürurla dalğalanır. Bayrağımızın ucalığı dövlətimizin gücünü, xalqımızın iradəsini və Azərbaycanın beynəlxalq münasibətlər sistemində tutduğu layiqli mövqeyi nümayiş etdirir.
Xüsusilə Vətən müharibəsində əldə edilən tarixi Zəfər üçrəngli bayrağımızın daşıdığı mənəvi məzmunu daha da zənginləşdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin tam bərpası xalqımızın çoxəsrlik dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Qarabağda və Şərqi Zəngəzurda, xüsusilə Şuşada, Xankəndidə və digər azad edilmiş yaşayış məntəqələrində üçrəngli bayrağımızın ucaldılması milli qürurumuzun, tarixi ədalətin və dövlətimizin qüdrətinin rəmzinə çevrildi. Bu mənzərə şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və əsgər-zabitlərimizin qəhrəmanlığı hesabına əldə edilmiş Zəfərin əbədi yaddaş simvoludur.
Dövlət bayrağına ehtiram göstərmək hər bir Azərbaycan vətəndaşının konstitusion və mənəvi borcudur. Bayrağımızın tarixini öyrənmək, onun rəmzləşdirdiyi dəyərləri gələcək nəsillərə ötürmək, dövlətçilik ənənələrinə hörmət və milli həmrəyliyi qorumaq hər birimizin məsuliyyətidir. Xüsusilə gənc nəslin üçrəngli bayrağımızın tarixini, onun ideoloji və mənəvi məzmununu dərindən mənimsəməsi, dövlət rəmzlərimizə sevgi və ehtiram ruhunda yetişməsi mühüm əhəmiyyət daşıyır. Çünki dövlət bayrağına münasibət, əslində, Vətənə, dövlətə və milli dəyərlərə münasibətin göstəricisidir.
Bu baxımdan, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsi və Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlətçilik siyasəti cəmiyyətimizin milli həmrəyliyinin möhkəmləndirilməsində mühüm rol oynayır. Xalqımızın tarixi Zəfər ətrafında nümayiş etdirdiyi birlik və həmrəylik bir daha təsdiqlədi ki, milli dövlətçilik dəyərlərinə sədaqət Azərbaycanın gələcək inkişafının və təhlükəsizliyinin əsas dayaqlarındandır.
9 Noyabr – Dövlət Bayrağı Günü hər birimiz üçün yalnız bayram deyil, həm də müstəqilliyimizin dəyərini, dövlətimizin gücünü və milli məsuliyyətimizi dərindən dərk etmək günüdür. Üçrəngli bayrağımız keçmişimizdən gələcəyimizə uzanan milli yaddaşımızın, azadlıq iradəmizin və dövlətçilik əzminin əbədi rəmzi olaraq daim ucalarda dalğalanacaqdır.
Bayrağımız müstəqilliyimizin, birliyimizin və Zəfərimizin rəmzidir!