Bu başlıqlı ədəbi-bədii gecə Lənkəranın Boladi kəndində 1 saylı Folklor klubunda baş tutub.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı General-mayor, Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli hərbçi, igid sərkərdə Həzi Aslanovun anadan olmasının 116-cı ildönümünə həsr olunmuş tədbirdə klubun müdiri Ş. Rzayeva generalın şərəfli ömür yolu, döyüş fəaliyyəti və Vətən qarşısındakı göstərdiyi misilsiz xidmətindən ətraflı danışıb. Natiq çıxışında deyib:- Həzi Aslanov 22 yanvar 1910-cu ildə Lənkəran şəhərində anadan olub. O, Böyük Vətən müharibəsi illərində göstərdiyi misilsiz şücaət, peşəkar hərbi bacarığı və sərkərdəlik məharəti ilə adını tarixə yazdırıb. Tank qoşunları general-mayoru olan Həzi Aslanov döyüş meydanlarında hər zaman ön sırada yer alıb, düşmənə ağır zərbələr endirib.
General Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu ali mükafat onun Vətən qarşısında göstərdiyi böyük xidmətlərin və qəhrəmanlığının rəsmi təsdiqidir. O, təkcə bir sərkərdə deyil, həm də vətənpərvərlik, cəsarət və fədakarlıq rəmzidir. Adı Azərbaycan hərb tarixinin qızıl səhifələrinə əbədi həkk olunan generalın əziz xatirəsi xalqımızın qəlbində daim yaşayır.
Daha sonra mədəniyyət ocağında fəaliyyət göstərən dərnək üzvlərinin ifasında qəhrəmanlıq, Vətən sevgisi və şəhidlik mövzusunda şerlər səslənib. Beləcə insanlara milli ruh, qürur və vətənpərvərlik hissləri aşılayan tədbir böyük maraqla qarşılanıb.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü