Fövqəladə hallarda saniyələrin belə böyük əhəmiyyət daşıdığı bir peşənin nümayəndəsi ilə söhbət - PEŞƏKARLIQ, CƏSARƏT, KOMANDA İŞİ VƏ XİLASEDİCİLƏRİN ÜZƏRİNƏ DÜŞƏN MƏSULİYYƏT
Fövqəladə hadisələr zamanı insanların təhlükəsizliyinin təmin olunması, zərərçəkmişlərin xilas edilməsi və hadisələrin nəticələrinin aradan qaldırılması böyük peşəkarlıq, çeviklik və yüksək məsuliyyət tələb edir. Adi şəraitdə çoxlarının təsəvvür edə bilmədiyi təhlükəli məqamlarla üz-üzə qalan xilasedicilər üçün isə hər bir çağırış insan həyatının qorunması naminə verilən mühüm mübarizənin başlanğıcıdır. Onların fəaliyyəti yalnız fiziki hazırlıq və xüsusi avadanlıqdan istifadə bacarığı ilə məhdudlaşmır. Burada soyuqqanlı qərarvermə, psixoloji dayanıqlıq, komanda ilə koordinasiya, intizam və ən əsası, insan həyatına yüksək dəyər vermək kimi keyfiyyətlər mühüm rol oynayır.
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti də müxtəlif mürəkkəb və xüsusi risk tələb edən hadisələr zamanı operativ xilasetmə tədbirlərinin həyata keçirilməsində mühüm funksiyalar yerinə yetirir. Yol-nəqliyyat hadisələrindən yanğınlara, dağıntılardan yüksəkliklərdə və məhdud məkanlarda baş verən təhlükəli vəziyyətlərədək müxtəlif hadisələr zamanı xilasedicilərin çevik və peşəkar fəaliyyəti insanların həyatının xilas edilməsində həlledici əhəmiyyət daşıyır.

Müsahibimiz Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi Mehdiyev Zamiq Malik oğlu ilə söhbətimizdə xilasedici peşəsinin mahiyyəti, bu sahənin tələb etdiyi hazırlıq, qarşılaşdığı mürəkkəb əməliyyatlar, riskli vəziyyətlərdə düzgün qərarvermə, komanda işinin əhəmiyyəti və gələcəkdə xilasetmə sahəsində tətbiqi arzulanan yeniliklər barədə danışdıq.
- Özünüzü və tutduğunuz vəzifəni qısaca təqdim edərdiniz
-Mehdiyev Zamiq Malik oğlu Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin Çevik Xilasetmə İdarəsinin Xilasetmə dəstəsinin Xilasetmə qrupunun rəisi vəzifəsində xidmət edirəm.
-Xüsusi Riskli Xilasetmə Xidmətinin əsas fəaliyyət istiqamətləri hansılardır?
-Xüsusi Riskli Xilasetmə Xidməti fövqəladə hallara (hadisələrə) çevik reaksiya verilməsini, fövqəladə halların (hadisələrin) nəticələrinin aradan qaldırılması zamanı xüsusi riskli axtarış və qəza-xilasetmə əməliyyatlarını, zərərçəkmişlərə ilkin yardım göstərilməsini, təbii, texnogen, yanğın və terror təhlükələrinə məruz qalan strateji əhəmiyyətli müəssisələrin, qurğuların və digər obyektlərin öz səlahiyyətləri daxilində mühafizəsini, humanitar yardımların (yüklərin) müşayiət və mühafizə olunmasını təşkil edən, öz səlahiyyətləri daxilində strateji obyektlərin, qurğuların mühafizəsini və digər təxirəsalınmaz tədbirləri həyata keçirən orqandır.
İnsan həyatını qorumaq, çətin anlarda
insanların yanında olmaq və
cəmiyyətə fayda vermək arzusu məni
bu şərəfli xilasedici peşəsini seçməyə sövq edib
-Bu peşəni seçməyinizə nə səbəb oldu?
-İnsan həyatını qorumaq, çətin anlarda insanların yanında olmaq və cəmiyyətə fayda vermək arzusu məni bu şərəfli xilasedici peşəsini seçməyə sövq edib. Xilasedici peşəsi mənim üçün sadəcə bir iş deyil, insanların ən çətin anlarında onların yanında olmaq, ümid vermək və həyatlarını qorumaq missiyasıdır. Bu sahəyə olan marağım məni zamanla Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Həyat fəaliyyətinin təhlükəsizliyi” ixtisası üzrə təhsil almağa da yönəltdi. Akademiyada təhsil aldığım müddətdə fövqəladə halların qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə işlərinin təşkili, təhlükəsizlik qaydaları və ekstremal şəraitdə düzgün qərarvermə istiqamətində mühüm nəzəri və praktiki biliklər də əldə etdim.

- Xilasedici olmaq üçün hansı hazırlıq və təlimlərdən keçmisiniz?*
-Tutduğu vəzifədən və xidmət istiqamətindən asılı olmayaraq, hamımız ilk növbədə xilasediciyik. Bizim əsas məqsədimiz insanların həyatını və sağlamlığını qorumaq, fövqəladə hallar zamanı üzərimizə düşən vəzifələri peşəkarlıqla və məsuliyyətlə yerinə yetirməkdir. Hər bir əməkdaşın fəaliyyəti ümumi məqsədə — insanların təhlükəsizliyinin təmin olunmasına xidmət edir. Biz müxtəlif təlimlərdə məsələn (Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin (İNSARAG) və xilasetmə əməliyyatlarında iştirak etməklə peşəkar hazırlığımızı daha da artırırıq, daim özümüz üzərimiz işləyərək bilik və bacarıqlarımızı təkmilləşdirməyə çalışırıq. FHN-in təşkilatçılığı ilə “Bakı 2025” əməliyyat-taktiki təlimi (Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində keçirilən “Türkiyə-Azərbaycan-Gürcüstan (DAK) Təlimi-2026” təlimində iştirak edib)
-İş fəaliyyətiniz zamanı ən çox hansı növ hadisələrə cəlb olunursunuz?
-Bunlara yol-nəqliyyat hadisələri zamanı deformasiyaya uğramış nəqliyyat vasitələrində sıxılı qalan sürücü və sərnişinlərin xüsusi xilasetmə avadanlıqlarından istifadə etməklə çıxarılması, yanğınlar zamanı insanların təhlükəli ərazilərdən təxliyəsi və xilas edilməsi, dağıntı və partlayışlar nəticəsində konstruksiyaların uçması zamanı dağıntılar altında qalan insanların axtarışı və xilas edilməsi, yüksəkliklərdə və təhlükəli ərazilərdə köməksiz vəziyyətdə qalan şəxslərin çıxarılması, eləcə də qapalı və məhdud məkanlarda baş verən hadisələr zamanı xilasetmə işləri həyata keçiririk. İntihara cəhd etmiş şəxslərin fikrindən danşındırmaq məqsədilə profilaktik söhbətlərin aparılması və s.

-İştirak etdiyiniz ən çətin xilasetmə əməliyyatı hansı olub?
-Xilasedicilər adətən ilk əməliyyatlarını heç vaxt unutmurlar. Çünki ilk dəfə real hadisə yerində insan həyatının xilas edilməsi üçün məsuliyyət daşımaq, hadisənin yaratdığı gərginliyi və verilən qərarların əhəmiyyətini hiss etmək hər bir xilasedici üçün unudulmaz təcrübədir. İştirak etdiyim ən çətin və yadda qalan xilasetmə əməliyyatlarından biri xidməti fəaliyyətnimin ilk illərində 2012-ci il sentyabrın 17-də Sumqayıt şəhərində yanacaq çənlərində baş vermiş güclü yanğın və partlayış hadisəsi olub. Yanacaq çənlərində baş verən partlayış nəticəsində yaranan yanğın yüksək riskli vəziyyət yaratmışdı. Baş vermiş partlayış zamanı insanların təxliyəsi və zərərçəkənlərin, eləcə də həyatını itirən şəxslərin çıxarılması ilə bağlı xilasetmə işlərində iştirak etmişəm. Hər bir insan itkisi bizim üçün ağırdır. Xilasedici üçün ən böyük uğur isə bir insanın həyatını xilas etmək, ailəsinə, yaxınlarına qovuşdurmaqdır. Bu hadisə mənə bir daha göstərdi ki, xilasedici peşəsi böyük məsuliyyət, cəsarət və insan sevgisi tələb edir.
-Xüsusi risklə üz-üzə qaldığınız anlar olubmu? Belə vəziyyətlərdə necə davranırsınız?
-Bəli, işimizin xarakterinə uyğun olaraq riskli vəziyyətlərlə qarşılaşırıq. Belə məqamlarda panikaya yol vermədən, təlimlər zamanı qazandığımız bilik və bacarıqlara əsaslanaraq hərəkət edirik. Ən vacib amillərdən biri soyuqqanlılığı qorumaq və komanda ilə düzgün koordinasiya qurmaqdır.
-Heç vaxt unutmadığınız və bizimlə bölüşmək istədiyiniz bir xatirəniz varmı?
-Hər xilasetmə əməliyyatı yaddaşımızda müəyyən iz buraxır. Xüsusilə bir insanın həyatını xilas etdiyimiz və onun yaxınlarının sevincini gördüyümüz anlar heç vaxt unudulmur. Bu cür məqamlar seçdiyimiz peşənin nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir.
-Xilas etdiyiniz insanların təşəkkürü sizdə hansı hissləri yaradır?
-Bu, sözlə ifadə olunması çətin olan böyük bir hissdir. İnsanların təşəkkürü bizim üçün ən böyük mənəvi mükafatlardan biridir və fəaliyyətimizə daha böyük məsuliyyətlə yanaşmağa ruhlandırır.
-Xilasetmə əməliyyatı zamanı ən vacib amil nədir: peşəkarlıq, cəsarət, yoxsa komanda işi?
-Düşünürəm ki, bu amillərin hər biri vacibdir. Lakin ən mürəkkəb əməliyyatlarda komanda işi xüsusi əhəmiyyət daşıyır. Peşəkarlıq və cəsarət komanda işi ilə birləşdikdə daha effektiv nəticə əldə etmək mümkündür.

-Xüsusi avadanlıqlardan istifadə zamanı hansı təhlükəsizlik qaydalarına ciddi əməl edirsiniz?
-Avadanlıqların texniki sazlığı, düzgün istismarı və təhlükəsizlik qaydalarına riayət olunması xilasedici fəaliyyətində həyati əhəmiyyət daşıyır. Bu prosesdə əsas tələblərə texniki baxış, düzgün qulluq və təhlükəsizlik norma daxildir.Hər bir xilasedici istifadə etdiyi avadanlığın xüsusiyyətlərini və təhlükəsizlik qaydalarını yaxşı bilməlidir.
-Bu peşə fiziki və psixoloji baxımdan sizdən nələr tələb edir?
-Bu peşə yüksək fiziki hazırlıq, dözümlülük, çeviklik və psixoloji dayanıqlıq tələb edir. Eyni zamanda, ən çətin anlarda soyuqqanlı qərar qəbul etmək və məsuliyyəti üzərinə götürmək bacarığı vacibdir.
-Ailəniz sizin bu məsuliyyətli peşənizə necə yanaşır?
-Ailəm işimin məsuliyyətini və çətinliyini anlayır. Təbii ki, böyük miqyaslı və yüksək riskli hadisələrə yollandığım zaman ailəm narahatlıq keçirir. Lakin eyni zamanda gördüyüm işin əhəmiyyətini anlayır, mənimlə fəxr edir və hər zaman mənə dəstək olurlar.
-Bu peşəni seçmək istəyən gənclərə hansı tövsiyələri verərdiniz?
-Bu peşəni seçmək istəyən gənclərə ilk növbədə məsuliyyətli, intizamlı və fiziki cəhətdən hazırlıqlı olmağı tövsiyə edərdim. Ən əsası isə insanlara kömək etmək istəyinə və bu peşəyə sevgi ilə yanaşmaq lazımdır.
-Fövqəladə hallar zamanı vətəndaşlara hansı tövsiyələri vermək istərdiniz?
-Vətəndaşlara fövqəladə hallar zamanı panikaya qapılmamağı, təhlükəsizlik qaydalarına əməl etməyi və xilasedicilərin göstərişlərinə ciddi şəkildə riayət etməyi tövsiyə edirəm. Hər bir insan fövqəladə vəziyyət zamanı düzgün davranış qaydalarını bilməlidir.
-Gələcəkdə bu sahədə hansı yeniliklərin tətbiq olunmasını arzulayırsınız?
-Bildiyimiz kimi, texnologiya daim inkişaf edir və bu inkişaf xilasetmə sahəsinə də öz təsirini göstərir. İstərdim ki, müasir texnologiyalar, yeni nəsil xilasetmə avadanlıqları və innovativ vasitələrin tətbiqi daha da genişləndirilsin. Bu, həm xilasedicilərin təhlükəsizliyini artırar, həm də xilasetmə əməliyyatlarının daha operativ, dəqiq və effektiv həyata keçirilməsinə imkan verər.
Xilasedici peşəsi təhlükənin qarşısında dayanmağı, ən mürəkkəb məqamlarda belə düzgün qərar verməyi və insan həyatını hər şeydən üstün tutmağı tələb edir. Bu peşənin arxasında yalnız xüsusi hazırlıq və texniki bacarıqlar deyil, həm də böyük mənəvi məsuliyyət dayanır. Çünki hadisə yerinə gələn xilasedici üçün zamanın hər saniyəsi, atılan hər addım və verilən hər qərar bir insanın taleyinə təsir edə bilər.
Zamiq Mehdiyevin fikirlərindən də aydın olduğu kimi, xilasedicinin ən böyük mükafatı insanların həyatını xilas etmək, onları ailələrinə və yaxınlarına qovuşdurmaqdır. Riskli vəziyyətlərdə soyuqqanlılıq, peşəkarlıq və komanda ruhu ilə hərəkət edən bu insanlar fövqəladə anlarda cəmiyyət üçün etibarlı dayaq rolunu oynayırlar. Müasir texnologiyaların və yeni nəsil avadanlıqların xilasetmə sahəsində daha geniş tətbiqi isə qarşıdakı dövrdə bu mühüm fəaliyyətin həm daha təhlükəsiz, həm də daha operativ həyata keçirilməsinə imkan yaradacaq.
Beləliklə, xilasedici olmaq sadəcə bir peşə seçimi deyil. Bu, insan həyatının qorunmasını əsas missiyaya çevirən, cəsarət, intizam, dözümlülük və fədakarlıq tələb edən şərəfli xidmət yoludur.
Yaqut Ağaşahqızı, “İki sahil”
Saksoniya-Anhaltda keçirilən seçkiləri Almaniya hökuməti üçün dərs oldu - Markus Söder
Yaxın Şərqdəki böhran BMT-nin təsir gücünü itirdiyini göstərdi - BƏƏ Prezidentinin müşaviri
İran Cənubi Koreyaya XƏBƏRDARLIQ EDİB: Hörmüz boğazına hərbi qüvvə göndərsə...