22 oktyabr 2026 19:55
138

Müstəqil Azərbaycanın inkişafında Azərbaycan TeleRadiosunun rolu

Dövlət müstəqilliyi və milli medianın missiyası

Bir əsr tarix yazan Azərbaycan Radiosu daim cəmiyyətin ictimai-siyasi, mədəni və mənəvi həyatının ayrılmaz hissəsinə çevrilib. Müstəqillik dövründə bu missiya daha geniş spektri əhatə etdi. Azərbaycanın öz dövlətçilik ənənələrini bərpa etməsi, milli maraqlarını beynəlxalq aləmdə müdafiə etməsi, iqtisadi və sosial inkişaf yolunu müəyyənləşdirməsi, ərazi bütövlüyü və suverenliyinin təmin olunması informasiya siyasətinin də əhəmiyyətini artırıb. Belə şəraitdə milli televiziya və radionun qarşısında mühüm vəzifələr dayanıb: cəmiyyəti etibarlı informasiya ilə təmin etmək, dövlətçilik düşüncəsini gücləndirmək, milli-mənəvi dəyərləri qorumaq, maarifləndirmə işini genişləndirmək və Azərbaycanın dünyada tanıdılmasına töhfə vermək.

Tarixi irs: “Danışır Bakı!”dan müasir efirə

Azərbaycan radiosunun tarixi 1926-cı il noyabrın 6-dan başlayır. Həmin gün Bakı şəhərində ilk radio verilişləri yayıma çıxıb. Radio insanların həyatına daxil olaraq xəbərlərin, musiqinin, ədəbi nümunələrin və ictimai fikrin geniş auditoriyaya çatdırılmasını təmin edirdi. O dövrdə hər evdə radioqəbuledicinin olmaması belə, yayımın əhəmiyyətini azaltmırdı. Küçə və meydanlardakı reproduktorlar vasitəsilə yayılan verilişlər insanları eyni informasiya ətrafında birləşdirirdi. Radio, beləliklə, tədricən gündəlik həyatın ayrılmaz hissəsinə çevrilirdi. Azərbaycan televiziyası isə 1956-cı il fevralın 14-də fəaliyyətə başladı,1957-ci il iyunun 28-də respublika stadionundan səyyar televiziya vasitəsilə ilk canlı yayımın həyata keçirilməsi isə inkişaf yolunun mühüm mərhələlərindən biri oldu. Bu hadisə televiziyanın yalnız studiya daxilində hazırlanan proqramlarla məhdudlaşmadığını, ölkənin müxtəlif məkanlarından hadisələri birbaşa tamaşaçıya çatdırmaq imkanlarının yarandığını göstərirdi.

Televiziya və radionun inkişafı yalnız texniki yeniliklərdən ibarət olmadı. Bu prosesdə peşəkar jurnalistika, mükəmməl rejissorluq, operator sənəti, səs mühəndisliyi, musiqi tərtibatı, bədii, sənədli film istehsalı və digər yaradıcılıq istiqamətləri də inkişaf edib. Beləliklə, Azərbaycan TeleRadiosu müstəqillik dövrünə zəngin peşəkar təcrübə və böyük mədəni irslə daxil olub.

20 Yanvar: İnformasiya azadlığının tarixi sınağı

Bakıda fövqəladə vəziyyətin elan olunması fonunda 1990-cı il yanvarın 19-da saat 19:27-də Azərbaycan Televiziyasının enerji blokunun partladılması nəticəsində televiziya yayımı dayandırıldı. Bununla da əhalinin ölkədəki vəziyyət barədə məlumat almaq imkanları ciddi şəkildə məhdudlaşdırıldı. Bu hadisə göstərdi ki, informasiya vasitələri yalnız xəbərləri çatdıran texniki qurğular deyil. Onlar xalqın öz taleyini dərk etməsi, baş verən hadisələri qiymətləndirməsi və ictimai iradəsini ifadə etməsi baxımından da mühüm əhəmiyyət daşıyır. 20 Yanvar faciəsi informasiya blokadasının nə qədər təhlükəli ola biləcəyini nümayiş etdirdi. Azərbaycan Televiziyası əməkdaşlarının şəxsi fədakarlığı sayəsində 20 Yanvar hadisələrinin zəngin arxiv materialları yaradıldı. Şahidlərin xatirələri, jurnalist materialları və sənədli filmlər vasitəsilə işıqlandırılması faciənin yaddaşlarda yaşadılmasına xidmət etdi.

Müstəqilliyin ilk illəri: İnformasiya cəbhəsində məsuliyyət

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan dövlətçilik sistemini qurmağa başladı. Siyasi qeyri- sabitlik, iqtisadi böhran, Ermənistan-Azərbaycan münaqişəsi, ərazilərin işğalı və 1 milyona yaxın insanın məcburi köçkünə çevrilməsi ölkənin bütün sahələrinə təsir göstərirdi. Belə bir dövrdə televiziya və radio əhalinin operativ məlumatlandırılması, baş verən hadisələrin ictimaiyyətə çatdırılması və cəmiyyətdəki əhval-ruhiyyənin ifadə olunması baxımından mühüm rol oynayırdı. İnsanlar ölkədəki vəziyyət, cəbhədə baş verən hadisələr, siyasi proseslər və dövlətin atdığı addımlar haqqında məlumat almağa çalışırdılar.

Azərbaycan TeleRadiosunun bu dövrdəki fəaliyyəti ölkənin mürəkkəb tarixinin bir hissəsidir. Cəbhə xəbərləri, qaçqın və məcburi köçkünlərin həyatından reportajlar, dövlət quruculuğu ilə bağlı materiallar və ictimai müzakirələr həmin illərin salnaməsini formalaşdıran informasiya mənbələrinə çevrilib.

Ulu Öndər Heydər Əliyev və milli teleradio sisteminin inkişafı

1993-cü ildən sonrakı dövrdə milli dövlətçilik ideyalarının möhkəmləndirilməsi, ölkənin inkişaf strategiyasının müəyyənləşdirilməsi və Azərbaycanın beynəlxalq mövqeyinin təqdim olunması televiziya və radionun ictimai əhəmiyyətini artırdı. Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətində kütləvi informasiya vasitələri ilə ünsiyyət mühüm yer tuturdu. Onun çıxışları, müsahibələri və müxtəlif tədbirlərdəki müraciətləri vasitəsilə dövlət quruculuğu, milli maraqlar, iqtisadi inkişaf və xarici siyasətlə bağlı məsələlər geniş auditoriyaya çatdırılırdı. Bu mərhələdə milli informasiya məkanının möhkəmləndirilməsi ilə yanaşı, televiziya və radionun texniki və təşkilati inkişafı da davam edirdi. 2005-ci ilin yanvarından Azərbaycan Televiziyasının 24 saatlıq fasiləsiz yayıma keçməsi yayım tarixində mühüm mərhələ oldu. Həmin il martın 23-də Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin bazasında “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti yaradıldı.

Maarifləndirmə və təhsil: İnformasiya bilik mənbəyi kimi

Milli medianın inkişaf səviyyəsi yalnız xəbərlərin sayı və yayımın texniki keyfiyyəti ilə ölçülmür. Onun mühüm göstəricilərindən biri də cəmiyyətin bilik səviyyəsinin yüksəldilməsinə, insanların dünyagörüşünün genişlənməsinə və mürəkkəb məsələlərin daha yaxşı anlaşılmasına verdiyi töhfədir. Televiziya və radionun bölgələrdə yaşayan əhali üçün də xüsusi əhəmiyyəti var. Dövlət proqramları, sosial xidmətlər, təhsil imkanları, səhiyyə yenilikləri və hüquqi məsələlər barədə sadə və anlaşılan dildə məlumatların yayılması vətəndaşların öz hüquqlarını və imkanlarını daha yaxşı bilməsinə kömək edir.

Qarabağ həqiqətləri: Milli yaddaşdan beynəlxalq informasiya məkanına

Azərbaycan TeleRadiosu münaqişə ilə bağlı hadisələrin, məcburi köçkünlərin problemlərinin, dağıdılmış yaşayış məntəqələrinin və işğalın humanitar nəticələrinin ictimaiyyətə və dünyaya çatdırılması baxımından mühüm platforma rolunu oynayıb. Bu materiallar yalnız cari hadisələri əks etdirmir, eyni zamanda gələcək nəsillər üçün tarixi sənəd və tarixi yaddaşın bir hissəsinə çevrilir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik qətiyyəti ilə tarixi Zəfər qazandığımız Vətən Müharibəsi informasiya fəaliyyətinin əhəmiyyətini bir daha nümayiş etdirdi. Hərbi əməliyyatlar zamanı xəbərlərin operativliyi, məlumatların rəsmi mənbələr əsasında yoxlanılması, hərbi sirrin qorunması və dezinformasiyaya qarşı mübarizə xüsusi əhəmiyyət kəsb edirdi. Belə şəraitdə media əməkdaşlarının üzərinə böyük məsuliyyət düşürdü. Yanlış və ya təsdiqlənməmiş məlumatların yayılması cəmiyyətin emosional vəziyyətinə, təhlükəsizlik məsələlərinə və informasiya mühitinə mənfi təsir göstərə bilərdi. Buna görə də faktların dəqiqliyi və mənbələrin etibarlılığı informasiya fəaliyyətinin əsas şərtlərindən biri idi. Müharibə dövründə şəhidlərin xatirəsinin yaşadılması, hərbçilərin qəhrəmanlığının təqdim olunması, qazilərin və müharibə iştirakçılarının həyat hekayələrinin işıqlandırılması milli yaddaşın qorunmasına xidmət edir. Bu hekayələr müharibənin yalnız hərbi nəticələrini deyil, onun insan talelərində yaratdığı izləri də göstərir.

Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonrakı mərhələdə informasiya gündəliyinin məzmunu da genişlənib. İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələri, minalardan təmizləmə prosesi, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və yeni yaşayış məntəqələrinin qurulması mühüm mövzulara çevrilib.

Beynəlxalq informasiya məkanında Azərbaycanın səsi

Azərbaycanın beynəlxalq aləmdə tanıdılması milli medianın mühüm vəzifələrindən biridir. Bu baxımdan Azərbaycan Beynəlxalq Radiosunun ayrıca əhəmiyyəti var. Rəsmi tarixçəyə əsasən, onun xarici yayım fəaliyyəti 1941-ci il iyulun 20-də başlayıb, 1994-cü ildən isə Ulu Önər Heydər Əliyevin milli Radio ilə bağlı konsepsiyası onun Azərbaycan Beynəlxalq Radiosu adlandırılmasına imkan verdi. “Bakının səsi” çağırışından “Azərbaycanın səsi”nə keçid müstəqil dövlətin öz mövqeyini dünyaya çatdırmaq missiyasını ifadə edən simvolik dəyişiklik deyildi. Bu, xarici auditoriyaya yönələn yayımlar Azərbaycanın tarixi, mədəniyyəti, xarici siyasəti, iqtisadi inkişafı və beynəlxalq əməkdaşlığı barədə məlumatların müxtəlif dillərdə təqdim olunmasına imkan yaratdı.

Bu şərait Azərbaycan Televiziyasında xüsusi vüsət aldı. “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin tərkibində Azərbaycan Televiziyası, İdman TV, Mədəniyyət TV, Azərbaycan Radiosu və Beynəlxalq Radio kimi qurumların fəaliyyət göstərməsi müxtəlif auditoriyaların maraqlarına uyğun məzmun istehsalı üçün imkan yaradır. Beynəlxalq Radio ilə bağlı rəsmi məlumatlarda 2024-cü ildə yayımın 12 dildə həyata keçirildiyi, proqram formatlarının yeniləndiyi və rəqəmsal platformalara keçidin prioritet istiqamətlərdən biri olduğu qeyd edilir. Həmin ilin dekabrından YouTube üzərindən canlı yayımların təşkili də ənənəvi radio ilə rəqəmsal medianın birləşdirilməsi istiqamətində atılan addımlardandır.

İqtisadi inkişaf və sosial islahatların işıqlandırılması

Müstəqil Azərbaycanın inkişafı siyasi və diplomatik uğurlarla yanaşı, iqtisadiyyatın qurulması, infrastrukturun yenilənməsi, regionların inkişafı və əhalinin sosial rifahının yüksəldilməsi ilə də xarakterizə olunur. Bu proseslərin ictimaiyyətə çatdırılmasında televiziya və radionun mühüm rolu var. Digər tərəfdən, medianın ictimai missiyası mövcud problemlərin də işıqlandırılmasını tələb edir. Sosial çətinliklər, infrastruktur çatışmazlıqları, əhalinin müraciətləri və dövlət xidmətlərindən istifadə zamanı yaranan problemlər jurnalist araşdırmalarının və ictimai müzakirələrin mövzusu ola bilər. Bu məsələlərin faktlara əsaslanaraq təqdim edilməsi cəmiyyətlə dövlət qurumları arasında dialoqun inkişafına kömək edir.

Peşəkar media görülən işləri göstərməklə yanaşı, onların nəticələrini təhlil etməli, vətəndaşların suallarına cavab axtarmalı və ictimai əhəmiyyətli problemlərə diqqət çəkməlidir. Belə yanaşma medianın yalnız məlumat ötürən vasitə deyil, həm də ictimai məsuliyyət daşıyan institut kimi rolunu gücləndirir.

Rəqəmsal dövr və yeni çağırışlar

İnformasiya texnologiyalarının sürətli inkişafı televiziya və radionun fəaliyyət modelini əhəmiyyətli dərəcədə dəyişib. Əvvəllər tamaşaçı əsasən müəyyən saatda televiziya qarşısında əyləşir və ya radio verilişini efirdən dinləyirdisə, indi informasiya istənilən vaxt, müxtəlif cihazlar vasitəsilə əldə olunur. İnternet televiziyası, sosial şəbəkələr, video platformalar, podkastlar və mobil tətbiqlər informasiya istehlakının yeni formalarını yaradıb.

Xüsusilə gənc auditoriya xəbərləri və videoməzmunu getdikcə daha çox rəqəmsal platformalardan izləyir. Bu dəyişiklik ənənəvi medianın qarşısında yeni vəzifələr qoyur. Televiziya və radio məzmununun internetdə əlçatan olması, proqramların ayrı-ayrı mövzular üzrə arxivləşdirilməsi, köhnə çəkilişlərin rəqəmsallaşdırılması və multimedia formatlarının genişləndirilməsi müasir media fəaliyyətinin vacib istiqamətləridir.

Azərbaycan TeleRadiosunun zəngin arxivi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Müxtəlif dövrlərdə çəkilmiş müsahibələr, tarixi hadisələrin görüntüləri, mədəniyyət proqramları və sənədli filmlər yalnız keçmişin xatirələri deyil, həm də gələcək tədqiqatlar üçün qiymətli mənbələrdir. Bu materialların sistemləşdirilməsi və rəqəmsal mühitdə əlçatan edilməsi tarixçilər, jurnalistlər, tədqiqatçılar, tələbələr və geniş ictimaiyyət üçün faydalı ola bilər.

Süni intellekt texnologiyaları da media istehsalında yeni imkanlar yaradır. Məlumatların emalı, arxiv materiallarının axtarışı, subtitrlərin hazırlanması və məzmunun müxtəlif dillərə uyğunlaşdırılması bu imkanlar sırasındadır. Bununla belə, süni intellekt vasitəsilə hazırlanmış saxta görüntülər, dəyişdirilmiş səslər və yanlış məlumatlar ciddi risklər doğurur. Buna görə texnoloji yeniliklərdən istifadə zamanı insan nəzarəti, faktların yoxlanılması və etik prinsiplər əsas götürülməlidir.

Rəqəmsal dövrdə sürət vacibdir, lakin sürət naminə dəqiqlikdən imtina etmək olmaz. Eyni zamanda, auditoriyanın diqqətini cəlb etmək məqsədilə məzmunun sensasiyalaşdırılması və ya mürəkkəb hadisələrin həddindən artıq sadələşdirilməsi medianın etibarlılığına zərər vura bilər.

Azərbaycan TeleRadiosunun gələcəyi tarixi ənənələri qorumaqla yanaşı, müasir texnologiyaları mənimsəmək, yeni auditoriyanın maraqlarını anlamaq və keyfiyyətli məzmunu müxtəlif platformalarda təqdim etmək bacarığından asılıdır.

Peşəkar jurnalistika, etimad və ictimai məsuliyyət

Media qurumunun nüfuzu yalnız onun tarixi, texniki imkanları və yayım əhatəsi ilə müəyyən edilmir. Ən mühüm göstəricilərdən biri auditoriyanın həmin mənbəyə nə dərəcədə etibar etməsidir. İctimai etimad isə uzun müddət ərzində peşəkarlıq, dəqiqlik, məsuliyyət və ardıcıl fəaliyyət nəticəsində formalaşır.

Azərbaycan Televiziyası və Radiosu kimi geniş auditoriyaya malik qurumların üzərinə bu baxımdan xüsusi məsuliyyət düşür. Xəbərlərin operativliyi ilə dəqiqliyi arasında tarazlığın qorunması, məlumatların etibarlı mənbələr əsasında yoxlanılması, müxtəlif mövqelərin düzgün təqdim edilməsi və jurnalist etikasına riayət olunması bu məsuliyyətin əsas şərtləridir.

İctimai əhəmiyyətli məsələlərin işıqlandırılması da peşəkar jurnalistikanın mühüm istiqamətidir. Əhalinin sosial problemləri, təhsil və səhiyyə sahəsindəki çətinliklər, vətəndaş müraciətləri, ətraf mühitin qorunması, məşğulluq və hüquqi maarifləndirmə mövzuları auditoriyanın real ehtiyacları ilə bağlıdır. Belə məsələlərin ardıcıl və faktlara əsaslanan şəkildə təqdim olunması medianın cəmiyyətlə əlaqəsini gücləndirə bilər.

İctimai etimadın qorunmasında şəffaflıq da mühüm rol oynayır. Səhv məlumat yayıldıqda onun vaxtında düzəldilməsi, mübahisəli məsələlərdə faktların diqqətlə yoxlanılması və informasiyanın mənbəyinin aydın göstərilməsi etibarlı jurnalistikanın vacib xüsusiyyətləridir.

TeleRadio fəaliyyətinin arxasında böyük fədakar kollektiv dayanır. Jurnalistlər, redaktorlar, aparıcılar, rejissorlar, operatorlar, səs mühəndisləri, texniki mütəxəssislər və bir çox başqa əməkdaşlar ümumi nəticənin əldə olunmasına töhfə verirlər. Efirin arxasında görünməyən bu əməyin hər biri keyfiyyətli yayımın təmin edilməsində əhəmiyyətlidir.

Azərbaycan TeleRadiosunun ən böyük kapitalı yalnız texniki avadanlıq, yayım imkanları və tarixi ənənələr deyil. Onun əsas kapitalı peşəkarlıq, yaradıcı potensial və cəmiyyətin etimadını qazanmaq bacarığıdır.

Keçmişdən gələcəyə uzanan missiya

Qloballaşma, rəqəmsallaşma, informasiya müharibələri və süni intellektin yaratdığı yeni reallıqlar media qarşısında həm imkanlar, həm də məsuliyyətlər yaradır. Belə bir şəraitdə tarixi ənənələri qorumaqla yeniliyə açıq olmaq, milli dəyərləri müasir təqdimat formaları ilə birləşdirmək və auditoriyanın dəyişən ehtiyaclarına uyğunlaşmaq vacibdir.

Gələcək inkişaf üçün bir neçə istiqamət xüsusi əhəmiyyət daşıyır: zəngin televiziya və radio arxivlərinin rəqəmsallaşdırılması, gənclər üçün keyfiyyətli maarifləndirici məzmunun artırılması, xarici auditoriyaya yönələn layihələrin genişləndirilməsi, jurnalistlərin yeni texnologiyalar üzrə biliklərinin gücləndirilməsi və peşəkar standartların daim qorunması.

Bununla yanaşı, ictimai maraqlara xidmət edən jurnalistika ənənələrinin inkişaf etdirilməsi də vacibdir. Milli medianın gücü yalnız tarixi hadisələri və dövlətin uğurlarını təqdim etməsində deyil, cəmiyyətin suallarını eşitməsində, insanların problemlərinə diqqət yetirməsində və mürəkkəb məsələləri anlaşılan şəkildə izah etməsində də özünü göstərir.

Azərbaycan TeleRadiosu onilliklər ərzində müxtəlif nəsillərin yaddaşında iz qoyub. Onun səsi və görüntüləri ölkənin tarixi dəyişikliklərini, mədəni həyatını, uğurlarını və sınaqlarını əks etdirib. Bu irsin qorunması keçmişə hörmət olmaqla yanaşı, gələcəyə məsuliyyətli yanaşmanın da ifadəsidir.

Nəticə etibarilə, müstəqil Azərbaycanın inkişafında Azərbaycan TeleRadiosunun rolu yalnız informasiya yayımı ilə ölçülə bilməz. Bu rol milli kimliyin qorunması, ortaq yaddaşın formalaşdırılması, cəmiyyətin maarifləndirilməsi, ölkənin beynəlxalq aləmdə təmsil olunması və ictimai dialoqun inkişafı kimi geniş istiqamətləri əhatə edir.

Azərbaycan TeleRadiosunun gələcək missiyası bu tarixi salnaməni sadəcə qorumaq deyil, onu yeni dövrün tələblərinə uyğun olaraq zənginləşdirməkdir. Çünki müstəqil dövlətin güclü informasiya məkanı yalnız keçmişin təcrübəsinə deyil, bu günün peşəkarlığına və gələcəyin çağırışlarına hazır olmağa da söykənir.

Elməddin QULİYEV,
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin şöbə rəisi