23 yanvar 2026 18:34
80

Mədəni irsə sadiqlik

Milli Məclisin deputatı: Bu yubiley Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət strategiyasının davamlı və məqsədyönlü xarakterini bir daha təsdiqləyir

2026-cı ildə Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi, orta əsrlər memarlığına yeni istiqamət vermiş və dövrün memarlıq üslubuna zəriflik, dinamiklik gətirmiş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin 900 illiyi tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, Naxçıvan şəhərindəki ehtişamlı abidələrdən Əcəmi dühasının məhsulu olan Möminə xatun məqbərəsi və Yusif ibn Küseyir türbəsi İslam aləminin şah əsərləri sırasında layiqli yer tutur. Bu monumental tikililər öz incə kompozisiyası və estetik mükəmməlliyi ilə seçilən, misilsiz gözəlliyə malik ölməz sənət inciləridir.

Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Sərəncamı dövlətimizin milli-mədəni irsə verdiyi yüksək dəyərin və ardıcıl mədəniyyət siyasətinin növbəti bariz nümunəsidir: “Bu qərar, eyni zamanda, Naxçıvanın Azərbaycan mədəniyyət tarixində tutduğu müstəsna yerinin bir daha təsdiqidir”.

Milli Məclisin deputatı vurğuladı ki, Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə milli-mədəni irsimizin qorunması və yaşadılması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilib: “Tarixi-memarlıq abidələrinin bərpası, klassik şəxsiyyətlərin yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, milli irsin beynəlxalq miqyasda tanıdılması bu siyasətin sistemli xarakter daşıdığını göstərir. Əcəmi Naxçıvaninin irsinin xüsusi diqqət mərkəzində saxlanılması da məhz bu strateji yanaşmanın tərkib hissəsidir. Əcəmi Naxçıvaninin 900 illiyinin dövlət səviyyəsində qeyd olunması həm Naxçıvan memarlıq məktəbinin zəngin irsinin təbliği, həm də gənc nəsildə tarixə və milli kimliyə bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu yubiley Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mədəniyyət strategiyasının davamlı və məqsədyönlü xarakterini bir daha təsdiqləyir”.

Müsahibimiz daha sonra dedi: “Xüsusilə qeyd edilməlidir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda mədəni irsin bərpası Prezident İlham Əliyevin mədəniyyət siyasətində ayrıca və mühüm yer tutur. Uzun illər dağıdılmış, təhqir olunmuş məscidlərin, tarixi abidələrin, mədəniyyət ocaqlarının bərpası Azərbaycan dövlətinin təkcə ərazi bütövlüyünü deyil, mədəni və tarixi ədaləti də bərpa etdiyini nümayiş etdirir. Bu proses, eyni zamanda, Azərbaycan multikultural dəyərlərə və mədəni irsin qorunmasına sadiqliyini dünyaya göstərir”.

Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Əcəmi Naxçıvaninin 850 illik yubileyi 1976-cı ildə ölkəmizdə təntənəli şəkildə keçirilib.  Həmin tədbirdə Ulu Öndər Heydər Əliyev qədim Naxçıvanda Əcəmi Naxçıvaninin dühası ilə yaradılmış Möminə xatun türbəsi kimi nadir sənət əsərini belə xarakterizə etmişdi: ”Bu abidənin memarlıq qiyməti ilə bərabər, bizim üçün, bəlkə, daha da böyük qiyməti Azərbaycanın qədim dövlət olmasını göstərməsidir. Bu təkcə memarlığın zənginliyini yox, dövlətçiliyin nə qədər zəngin olduğunu, nə qədər möhkəm olduğunu da göstərir”.

Ötən ilin son ayında isə UNESCO-nun Parisdəki mənzil-qərargahında yubileylər proqramı çərçivəsində Əcəmiyə həsr olunan sərgi təşkil olunub.  Dahi memarın həyat və yaradıcılığı haqqında məlumat verilib. Şübhəsiz, qüdrətli memarın 900 illiyinin UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi bütövlükdə Azərbaycan xalqının çoxəsrlik mədəniyyətinin zənginliklərinin beynəlxalq miqyasda daha geniş tanıdılmasında mühüm addımdır.

Yeri gəlmişkən qeyd edək ki, paytaxtımızdakı metro stansiyalarından biri  “Memar Əcəmi”nin adını daşıyır. Bundan başqa onun adına küçə də vardır.

Qvami Məhəbbətoğlu, “İki sahil