30 dekabr 2025 19:09
104

ABŞ Suriyada keçirilən əməliyyatlar zamanı İŞİD-in 300-dən çox silahlısını saxlayıb

ABŞ və tərəfdaşları 2025-ci ilin əvvəlindən etibarən Suriyada həyata keçirilən genişmiqyaslı əməliyyatlar çərçivəsində İŞİD qruplaşmasının 300-dən çox terrorçusunu saxlayıblar.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Son 12 ay ərzində ABŞ və müttəfiq qüvvələr Suriyada bir sıra əməliyyatlar keçirib, nəticədə İŞİD-in 20-dən çox silahlısı məhv edilib. Əməliyyatlar terrorçu ocaqlarının zərərsizləşdirilməsinə, qruplaşmanın infrastrukturunun məhv edilməsinə və onun yenidən dirçəlməsinin qarşısının alınmasına yönəlib.

CENTCOM-un açıqlamasına görə, yalnız 20–29 dekabr tarixləri arasında 11 əməliyyat keçirilib, nəticədə azı İŞİD-in 7 üzvü öldürülüb, 18 nəfər saxlanılıb. Bundan əlavə, silahlılara məxsus dörd silah anbarı məhv edilib.

Bu tədbirlər 19 dekabrda başlayan "Hawkeye Strike" əməliyyatının davamı olub. Həmin əməliyyat çərçivəsində ABŞ və İordaniya qüvvələri Suriyanın mərkəzi hissəsində 70-dən çox hədəfə 100-dən artıq yüksək dəqiqlikli sursatla zərbələr endiriblər.