25 dekabr 2025 01:26
102

Bakı benzini revanşistlərə “od vurub”

Azərbaycanın neft məhsullarının Ermənistana ixracı bu ölkəyə həm iqtisadi, həm də siyasi müstəvidə dividendlər gətirsə də, sülhə qarşı olan revanşistlər cəmiyyəti anti-mövqedə səfərbər etmək məqsədilə əllərindən gələni edirlər

Xəbər verildiyi kimi, Ermənistana ixrac olunan Azərbaycan benzini dekabrın 23-dən etibarən yanacaqdoldurma məntəqələrində satışa çıxarılıb. “Mega Trade” şirkətinin direktoru Karen Hayriyan İrəvan da daxil olmaqla Ermənistanın müxtəlif bölgələrindəki bütün “Run Oil” yanacaqdoldurma məntəqələrində Azərbaycan benzininin satışına başladıqlarını bildirib. Şirkətin direktoru deyib ki, Azərbaycan yanacağının satış qiyməti əvvəl 440 dram nəzərdə tutulsa da, 430 dramdan satılıb. “Əvvəlcə ilkin qiyməti elan etdik, lakin hesablamalardan sonra benzinin qiymətini 430 dram təyin etdik”, - o bildirib. Qeyd edib ki, Azərbaycan benzininin satışı ilə bağlı heç bir narahatlıq yoxdur. “Mega Trade” şirkəti 11 vaqon, təxminən 600 ton Azərbaycan benzini alıb. Bu şirkətlə yanaşı, adı açıqlanmayan başqa şirkət də yanacaq alıb.

Azərbaycan benzininin satışa başlandığı gün Ermənistada revanşist qüvvələr təxribat xarakterli informasiyalar tirajlamağa başlayıblar. Əsas diqqətçəkən məqamlardan biri “Azadlıq radiosu”nun erməni xidmətinin mənfi informasiya axını yaratmasıdır. Radio yanacaqdoldurma məntəqələrinə gələn sürücüləri danışdırıb və “Azərbaycan benzini almayacam”, “Hələ də düşmənçilik davam edir” kimi neqativ mövqeləri tirajlayıb. Radio, həmçinin “Parlaq Ermənistan” partiyasının sədri Edmon Marukyanın Azərbaycan benzininin boykot edilməsi çağırışlarına yer verib. Revanşistlər sosial şəbəkələrdə də saxta məlumatlar paylaşıblar. İddia edilib ki, Vanadzordakı (Qarakilsə) “Run Oil” yanacaqdoldurma məntəqəsində 44 günlük müharibə zamanı itkin düşmüş hərbçinin qardaşı ilə işçilər arasında benzinin satışına görə dava düşüb. Nəticədə yanacaqdoldurma məntəqəsinə ziyan dəyib. “Mega Trade” şirkəti bu məlumatı təkzib edib, Ermənistan polisi də belə bir faktın qeydə alınmadığını deyib. “Hraparak” nəşri isə yazır ki, benzinin Ermənistanda satışa çıxarılması Paşinyan hakimiyyətinin ictimai şüuru dəyişmək məqsədindən qaynaqlanır.

Revanşist-ekspert Vaqe Ovannisyan da məsələyə dair öz avantürist fikirlərini dilə gətirib. “Azərbaycan benzini bizim üçün milli rüsvayçılıqdır. Bir neçə il qabaq ermənilərin bütöv bir nəslini məhv edən, hərbi əsirlərimiz üçün ömürlük həbs cəzası tələb edən, artsaxdakı erməni şəhər və kəndlərini dağıdan və yaxın gələcəkdə Sevanı “Göyçə”yə çevirməyi və 300 000 azərbaycanlını ölkəmizə “deportasiya” etməyi planlaşdıran bir ölkədən benzin almağı necə təsəvvür etmək olar?” Ovanisyan davamında görün nə çərənləyir: “Azərbaycan benzini əsl referendum məsələsidir: biz cəmiyyət olaraq mütəşəkkil şəkildə buna “YOX” deyə bilirikmi, yoxsa artıq bir varlıq kimi mövcud deyilik və hər şeyi qəbul etməyə məcbur edilə bilərik? Bunu indi etməsək, sabah bizə hər şeyi zorla qəbul etdirə bilərlər. Azərbaycan benzinindən imtina vətəndaş mövqeyi və milli ləyaqətin nümayişi olmalıdır”...

Bəzi müxalifət nümayəndələri də bunu əsl “faciə” kimi qəbul edir. Ən gülməli məsələ isə Azərbaycanın satdığı benzinin üçüncü ölkədən alınması ilə bağlı iddialardır. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib ki, Ermənistan Azərbaycandan yanacaq almaqla guya bizim büdcəmizi doldurur. “Axı ödənilən pul həmin ölkənin büdcəsinə gedəcək və sonra ordumuza qarşı silah olacaq”.

Bu cür xəstə təşəkkürlü qüvvələr anlamaq istəmirlər ki, həmişə sülhün tərəfində olan Azərbaycan regionda sabitliyə, əmin-amanlığa çalışır. Belə olmasaydı, İkinci Qarabağ müharibəsini Zəfərlə başa vurduqdan sonra məğlub Ermənistana müəyyən şərtlərlə sülh təklif etməzdi. Məhz Azərbaycanın, onun dövlət başçısının səyləri sayəsində danışıqlar başlandı. Çox keçmədi ki, danışıqlar prosesində sülhün əldə olunması üçün müsbət dinamika yarandı. Təəssüflər olsun ki, Azərbaycan-Ermənistan sülh danışıqları müsbət məcrada davam etdiyi bir vaxtda bu prosesi pozmaq istəyən qüvvələr də baş qaldırdı.

Müşahidələr göstərir ki, sülh istəməyən belə qüvvələr yalnız Ermənistanın daxilində deyil, xaricində də mövcuddur. Onlar iki ölkənin sülh şəraitində yaşamasını, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin təmin olunmasını, kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin (TRIPP) açılmasını istəmirlər və bütün vasitələrlə sülhə əngəl olmağa çalışırlar. Ermənistanın baş naziri Nikol Paşinyan çıxışlarında bunu özü də açıq-aşkar etiraf edib ki, Azərbaycanla sülhü pozmaq istəyən qüvvələr var və onlar həm Ermənistanda, həm də ona yaxınlıqda və uzaqlıqda mövcuddur. Həmin qüvvələr hələ də məsələnin əsl mahiyyətini başa düşmürlər. Bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi Birliyi Ali Şurasının zirvə toplantısında Ermənistanın baş naziri Prezident İlham Əliyevə təşəkkür edib. "Ermənistana malların Azərbaycan ərazisindən tranzitinin açılması qərarına, eləcə də ikitərəfli ticarətin başlanması üçün şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığımı bildirirəm", - o deyib. Paşinyan bunu regionda sülhün və sabitliyin bərpasında ilk mühüm nailiyyətlərdən biri kimi qiymətləndirib.

Göründüyü kimi, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividendləri konsepsiyasını əks etdirir və iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcəkdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək. Bəzi revanşist qüvvələrin arzusu elə arzu olaraq qalacaq. Onların bütün planları iflasa məhkumdur. Çünki xalq acınacaqlı vəziyyətdən xilas olmaq, əmin-amanlıq  içində yaşamaq istəyir. Artıq tərəqqipərvər insanlarda belə bir yəqinlik yaranıb ki, Ermənistan revanşistlərinin sonu daha böyük faciələrlə nəticələnə bilər. Əgər N.Paşinyan hökuməti verilən vədləri yerinə yetirib sülh gündəminə sadiq qalsa, Ermənistan vətəndaşları 7 iyun seçkilərində ciddi qələbə ilə müxalifəti tarixin zibilliyinə atacaq. Bunun üçün isə prinsipial addım atmaq kifayətdir.

Sevinc Azadi, “İki sahil”