Kənd təsərrüfatının dayanıqlı inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunması ölkənin sosial-iqtisadi siyasətinin əsas prioritetlərindəndir. Bu istiqamətdə aqrar sahədə idarəetmənin modernləşdirilməsi, xidmətlərin rəqəmsallaşdırılması və innovativ texnologiyaların tətbiqi xüsusi əhəmiyyət kəsb edir.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi fermerlərə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın təmin olunması və regionlarda əlçatanlığın artırılması məqsədilə ardıcıl islahatlar həyata keçirir. Rəqəmsal platformaların tətbiqi və müasir idarəetmə yanaşmaları Agentliyin fəaliyyətində əsas istiqamətlərdən biridir.
Aqrar Xidmətlər Agentliyinin sədr müavini Taleh Zeynalovun “İki sahil” qəzetinə müsahibəsində Agentliyin fəaliyyət prioritetləri, əldə olunan nailiyyətlər və yaxın gələcək üçün müəyyənləşdirilmiş strateji hədəflər ətraflı şəkildə təqdim olunur.
- Aqrar Xidmətlər Agentliyinin hazırkı əsas fəaliyyət prioritetlərinə nəzər salsaq, ötən dövrdə diqqət yetirilən əsas istiqamətlər hansılardır?
- Aqrar Xidmətlər Agentliyi kənd təsərrüfatının əsas fəaliyyətini əhatə edən kompleks xidmətlərin təşkilinə xüsusi önəm verir. Hazırda əsas diqqət ölkədə heyvan və bitki sağlamlığının qorunması, xəstəliklərin vaxtında aşkarlanması və qarşısının alınması, seleksiya nailiyyətlərinin mühafizəsi, toxumçuluq sisteminin dayanıqlı şəkildə idarə olunması, eləcə də kənd təsərrüfatı texnikası və nəqliyyat vasitələri ilə bağlı dövlət xidmətlərinin səmərəli şəkildə həyata keçirilməsinə yönəlib. Agentlik, eyni zamanda, bu sahələrdə dövlət nəzarətinin gücləndirilməsi və xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün müasir idarəetmə yanaşmalarını tətbiq edir. Həmçinin işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin yenidən qurulması, innovativ əkinçilik texnologiyalarının tətbiqi və bu bölgələrin aqrar potensialının bərpası AXA-nın strateji hədəflərində xüsusi yer tutur. Bu fəaliyyət istiqamətləri kənd təsərrüfatında səmərəliliyin artırılmasına və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
- Aqrar xidmətlərin rəqəmsallaşdırılması sahəsində indiyədək hansı işlər görülüb?
- Aqrar xidmətlərin rəqəmsallaşdırılması istiqamətində artıq konkret nəticə verən bir ekosistem formalaşıb. Aqrar xidmətlər üzrə əsas proseslər Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə inteqrasiya olunan vahid platformalar üzərindən idarə olunur. Fermer, təsərrüfat, əkin sahəsi, toxum, laborator nəticələr kimi əsas məlumatların mərkəzləşdirilmiş bazada toplanması daha dəqiq, şəffaf informasiya mühiti yaradıb.
Təklif olunan xidmətlərin rəqəmsallaşdırılması da əsas nailiyyətlərimizdəndir. “AXA mobile” tətbiqi vasitəsilə toxum və ting aprobasiyası, laborator analizlər üzrə ərizələrin qəbulu, qeydiyyatı, icrası və nəticələrin vətəndaşa ötürülməsi nəzərdə tutulub. Vətəndaş öz müraciətinin mərhələlərini onlayn izləyə bilir, bu da həm xidmət müddətini azaldır, həm də subyektiv müdaxilə imkanlarını minimuma endirir.
Rəqəmsallaşmanın digər mühüm tərəfi coğrafi informasiya sistemləri və peyk məlumatlarının idarəetməyə inteqrasiyasıdır. Torpaq və otlaq resurslarının rəqəmsal xəritələşdirilməsi, məsafədən zondlama məlumatları əsasında toxumçuluqda və digər sahələrdə əkin strukturu, potensial məhsuldarlıq, risk zonalarının monitorinqi gündəlik iş prosesinin əsasını təşkil edir. Yəni, məlumat real vaxtda idarəetmə qərarlarını dəstəkləyən alətə çevrilir.
- Texnologiya və innovasiya baxımından agentlik hansı yeni texnoloji həlləri və innovativ alətləri tətbiq etməyi planlaşdırır və bu yeniliklərin fermerlər üçün praktiki üstünlükləri nələr olacaq?
- İlk olaraq vahid mobil platforma və rəqəmsal ‘fermer kabineti’ konsepsiyasını genişləndirməyi planlaşdırırıq. Fermer müraciətlərini, laborator nəticələrini, xidmət tarixçəsini, bildirişlərini və gələcək xəbərdarlıqları tədricən bir mobil tətbiq və şəxsi kabinet üzərindən idarə edə biləcək. Bu, o deməkdir ki, hansı xidmət üçün hara və kimə müraciət etməli sualı azalır – bütün məlumat bir nöqtədə toplanır, fermer müraciətini onlayn formada izləyə bilir.
Eyni zamanda, coğrafi informasiya sistemləri, peyk görüntüləri və dron xidmətləri ilə işləyən alətləri gücləndiririk. Fermer xəritədə öz sahəsinə görə, eləcə də əkin strukturu, torpaq xüsusiyyətləri və risk zonaları barədə daha aydın görüntü əldə edə biləcək. Peyk və uzaqdan zondlama məlumatları əsasında bitkinin inkişafına təsir edən faktorlar, su stresi, zərərverici və ya xəstəliklərə yoluxma riski erkən mərhələdə aşkar olunaraq fermerə xəbərdarlıq və tövsiyə göndərilməsi planlaşdırılır. Praktiki nəticə isə vaxtında xəbərdarlıq, daha az itki, daha səmərəli gübrə və pestisid istifadəsi, yəni həm məhsuldarlığın artması, həm də xərclərin optimallaşmasıdır.
Nəhayət, topladığımız böyük həcmdə məlumatın üzərində analitika və süni intellekt əsaslı tövsiyə sistemlərinin qurulması planlaşdırılır. Məqsədimiz odur ki, hər bir fermerə “orta statistik tövsiyə” deyil, konkret yerləşdiyi region, torpaq tipi, əkin vaxtı və digər amillər nəzərə alınmaqla fərdi məsləhətlər təqdim olunsun. Bu, həm risklərin (quraqlıq, xəstəlik, zərərverici) proqnozlaşdırılmasına, həm də məhsuldarlıq potensialının artırılmasına praktiki fayda verəcəkdir.
Planlaşdırdığımız bütün texnoloji və innovativ həllərin mərkəzində bir əsas prinsip dayanır: fermerin mövcud resurslarını real iş alətinə çevirmək və qərarların maksimum dərəcədə rəqəmsal həllini təmin etmək.
- Regionlarda aqrar xidmətlərin əlçatanlığını artırmaq məqsədilə həyata keçirilən tədbirlər və inkişaf mexanizmləri hansılardır?
- Regionlarda aqrar xidmətlərin əlçatanlığını artırmaq məqsədilə son illərdə həm idarəetmə, həm də xidmət göstərmə mexanizmlərində əhəmiyyətli yeniliklər həyata keçirilib. Fermerlərin və sahibkarların AXA xidmətlərinə rahat və maneəsiz çıxışını təmin etmək üçün bölgələrdə fəaliyyət göstərən idarələrin iş prinsiplərində yeni yanaşmalar tətbiq olunur. Vətəndaşlarla ünsiyyətdə operativlik və çeviklik artırılır. Bununla yanaşı, elektron müraciət platformaları, mobil tətbiqlər vasitəsilə xidmətlərə daha operativ və şəffaf çıxış imkanları yaradılıb.
Struktur islahatları nəticəsində regionlardakı xidmət sahələrinin fəaliyyəti gücləndirlib, əlavə olaraq çevik xidmət qruplarının təşkili sayəsində ucqar yaşayış məntəqələrində yaşayan fermerlər də bu imkanlardan yararlana bilir. Həmçinin regionlarda mütəmadi keçirilən təlimlər, seminarlar və sahə nümayişləri vasitəsilə fermerlərin bilik və bacarıqları artır və müasir aqrar texnologiyaların tətbiqi təşviq edilir.
- Agentlik göstərilən xidmətlərin keyfiyyətini artırmaq məqsədilə hansı beynəlxalq əməkdaşlıq layihələrini həyata keçirir və bu təşəbbüslər xidmətlərin təkmilləşməsinə necə təsir göstərir?
- Aqrar Xidmətlər Agentliyi beynəlxalq tərəfdaşlarla, xüsusilə BMT- nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) ilə əməkdaşlıq çərçivəsində xidmətlərin keyfiyyətinin artırılmasına yönəlmiş bir sıra strateji layihələr həyata keçirir. Bu layihələr aqrar xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına, institusional potensialın gücləndirilməsinə və fermerlər üçün daha əlçatan və effektiv xidmət modelinin formalaşdırılmasına xidmət edir.
FAO ilə əməkdaşlıq çərçivəsində:
Laboratoriya və sertifikasiya xidmətlərinin təkmilləşdirilməsi: Toxum və aqrokimyəvi laboratoriyaların modernləşdirilməsi, beynəlxalq standartların tətbiqi və keyfiyyətə nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində ərzaq təhlükəsizliyinin təmin olunması və istehsalçıların bazara çıxış imkanları genişləndirilib.
Struktur islahat və strateji inkişaf layihəsi: Agentliyin idarəetmə sistemlərinin modernləşdirilməsi, xidmətlərin şəffaflığının və hesabatlılığının artırılması, bununla da regionlarda aqrar xidmətlərin daha səmərəli, koordinasiyalı və operativ şəkildə göstərilməsi təmin edilib.
İşğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” layihəsinin icrası: İnnovativ texnologiyaların tətbiqi, rəqəmsal idarəetmə sistemlərinin qurulması və aqrar xidmətlərin inteqrasiyası ilə müasir kənd təsərrüfatı modeli formalaşdırılıb, fermerlər üçün yeni istehsal və xidmət imkanları yaradılıb.
Balıqçılığın inkişafı özrə layihə: Su bioresurslarının davamlı idarə olunması, beynəlxalq ekspertlərin iştirakı ilə yeni yol xəritəsinin hazırlanması nəticəsində ekoloji tarazlığın qorunmasına və sahənin istehsal potensialının artırılmasına şərait yaranıb.
Nəticə etibarilə, həyata keçirilən beynəlxalq əməkdaşlıq layihələri Agentliyin xidmətlərinin modernləşdirilməsinə, keyfiyyətin yüksəlməsinə və aqrar sahədə daha dayanıqlı inkişafın təmin edilməsinə mühüm töhfə verir.
- Yaxın gələcəkdə Agentliyin diqqət yetirəcəyi əsas strateji istiqamətlər və qarşıda duran hədəflər nələrdir?
- Yaxın gələcəkdə Agentliyin strateji hədəfləri daha geniş miqyaslı və innovativ inkişaf dinamikasını əhatə edir. Bu hədəflər heyvan və bitki sağlamlığının dayanıqlı təmin olunması, kənd təsərrüfatı sahəsində risklərin azaldılması, bitki mühafizəsi və fumiqasiya xidmətlərinin beynəlxalq standartlara uyğun səviyyədə təkmilləşdirilməsi kimi mühüm istiqamətləri özündə birləşdirir. Aqrokimyəvi xidmətlərin genişləndirilməsi, torpaq və bitki analizlərinin daha əlçatan və operativ şəkildə təmin olunması, seleksiya nailiyyətlərinin qeydiyyatı və mühafizəsinin rəqəmsallaşdırılması da bu hədəflər sırasında yer alır.
Toxumçuluq sahəsində idarəetmənin təkmilləşdirilməsi, bu sahədə yeni innovativ texnologiyaların tətbiqi və dövlət nəzarətinin gücləndirilməsi, kənd təsərrüfatı texnikasının qeydiyyatı, texniki vəziyyətinə nəzarət və istismar proseslərində innovativ metodların tətbiqi Agentliyin əsas prioritet istiqamətlərindən biridir. Fermerlərin bilik və bacarıqlarının artırılması da diqqət mərkəzindədir. Bu məqsədlə informasiya-məsləhət xidmətləri genişləndirilir, əyani və distant təlim mexanizmləri təkmilləşdirilir, alternativ təlim platformaları hazırlanır, aqrar sahədə müasir biliklərin və praktik bacarıqların fermerlərə zamanında çatdırılması təmin olunur.
Eyni zamanda, Agentlik aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması, şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, eləcə də xidmətlərin səmərəliliyinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bütün bu fəaliyyətlər ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, məhsul istehsalında rəqabət qabiliyyətinin artırılmasına, həmçinin kənd təsərrüfatında dayanıqlı inkişafın sürətləndirilməsinə birbaşa təsir göstərir.
Yaqut Ağaşahqızı, “İki sahil”
Qusar rayonu üzrə 22 428 hektar əkin sahəsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilib
Neft Fondunun 2026-cı il üçün büdcə layihəsinin Prezidentə təqdim olunmasına qərar verilib