13 noyabr 2025 09:30
91

"Boeing" qəzada həlak olan şəxsin ailəsinə 28 milyon dollardan çox təzminat ödəyəcək

Çikaqo Federal Məhkəməsinin andlıları çərşənbə günü "Boeing" şirkətini 2019-cu ildə Efiopiyada "Boeing 737 MAX" təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan BMT-nin ətraf mühit üzrə əməkdaşı Şikha Qarcın ailəsinə 28 milyon dollardan çox təzminat ödəməyə məhkum ediblər.

“İki sahil”in "Reuters"ə istinadən məlumatına görə, faizlə birlikdə ailə ümumilikdə 35,85 milyon dollar alacaq.

İddiada bildirilirdi ki, "737 MAX" təyyarəsi qüsurlu şəkildə layihələndirilib və "Boeing" sərnişinləri və ictimaiyyəti onun yaratdığı təhlükə barədə xəbərdar etməyib.

Ailənin vəkillərinə istinadən qeyd olunub ki, məhkəmə qərarı "Boeing"in qanunsuz davranışına görə ictimai məsuliyyət daşımasını nəzərdə tutur. Vəkillərin sözlərinə görə, "Boeing" bu qərara qarşı apellyasiya şikayəti verməyəcək.

"Ethiopian Airlines" şirkətinə məxsus təyyarə Əddis-Əbəbə (Efiopiya) Nayrobiyə (Keniya) uçuş həyata keçirərkən qalxışdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Beş ay əvvəl "Lion Air" şirkətinə məxsus başqa bir təyyarə İndoneziya yaxınlığındakı Yava dənizinə düşmüşdü. Hər iki qəzada ümumilikdə 346 nəfər həyatını itirib. Qəzaların səbəbi avtomatlaşdırılmış uçuş idarəetmə sistemi olub.

Bu, iki aviaqəzadan sonra açılmış onlarla məhkəmə işindən birincisidir. Agentliyin məlumatına görə, "Boeing" bu qəzalara dair iddiaların 90%-dən çoxunu tənzimləyib və milyardlarla dollar təzminat ödəyib.