27 oktyabr 2025 11:26
201

Azərbaycan gəncliyi: Dövlət qayğısı ilə yüksələn sabahın gücü

Elm, sənət və Vətən eşqi ilə irəliləyən yeni nəsil istedadlar ölkəmizin gələcəyini formalaşdıran, cəmiyyətə fayda verən və milli dəyərləri uca tutan insanlardır

Müstəqil Azərbaycanın ən böyük sərvətlərindən biri onun müasir, yaradıcı və vətənpərvər gəncləridir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilən dövlətsiyasəti məhz gənclərin hərtərəfli inkişafını, istedad və bacarıqlarının reallaşmasını təmin edir. Bu siyasətin bəhrəsi olaraq Azərbaycan gəncləri təkcə elm və texnologiya sahəsində deyil, həm də mədəniyyət və incəsənət məkanında böyük nailiyyətlər qazanır. Belə gənclərdən biri də IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı, “İlin Gənci” mükafatçısı Yusif Cəfərbəylidir. O, həm musiqi, həm də iqtisadiyyat sahəsində təhsil alaraq, elm və sənətin vəhdətini yaradan, milli musiqimizi beynəlxalq səviyyədə tanıdan istedadlı gəncdir. Onunla söhbətimizdə həm gənclərə göstərilən dövlət dəstəyindən, həm də milli musiqimizin təbliği, Laçına qayıdışın yaratdığı duyğular və sənət yolundakı axtarışlardan danışdıq.

-Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) iqtisadiyyat, daha sonra ADMİU-da musiqi menecmenti üzrə təhsil almısınız. Bu iki müxtəlif sahə sizə hansı üstünlükləri qazandırdı?

-Bəli, mən 2017-2021-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Dünya iqtisadiyyatı” ixtisası üzrə bakalavr təhsili, 2021-2023-cü illərdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Menecment (musiqi sahəsi üzrə) ixtisasında magistr təhsili almışam. Təbii ki, təhsil aldığım bu sahələrin hər biri mənim üçün çox əhəmiyyətli və gərəklidir. İqtisadiyyat hər bir ölkə üçün ən vacib sahələrdəndir. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev əbəs yerə bu fikri səsləndirməyib ki, "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir". Qeyd edim ki, “Azərbaycan milli musiqi potensialının tanınmasında müasir menecment metodlarından istifadə” mövzusunda magistr dissertasiya işini müdafiə etmişəm. Sevinirəm ki, belə fərqli və maraqlı sahələri seçmişəm və daim bu sahələr üzrə biliklərimi artırmağa çalışıram.

-Siz “İlin Gənci” mükafatına layiq görülmüsünüz. Bu mükafat sizin üçün hansı mənanı daşıyır?

-“İlin Gənci” mükafatı ildə bir dəfə, 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif sahələr üzrə fərqlənən, ölkəmizin ən uğurlu və fəal gənclərinə təqdim olunan, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən təsis edilmiş mükafatdır. Çox şadam ki, bu il mən də bu mükafata layiq görüldüm. Təbii ki, hər bir mükafat, hər bir təltif insanın əməyinə verilən böyük dəyərdir, motivasiyadır. Eyni zamanda yeni uğurların başlanğıcıdır, təməlidir.

-Dövlətin gənclərə dəstəyi və gənclər siyasətini necə qiymətləndirirsiniz?

-Bu gün ölkəmizdə səmərəli və məqsədyönlü dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu siyasət Azərbaycan gəncliyinin fiziki, mənəvi və intellektual inkişafını təmin edib. Ulu Öndər Heydər Əliyevin siyasi məktəbinin yetirməsi olan Azərbaycan Prezidenti İlham Əliyev bu meyarları nəzərə alaraq ölkəmizin qüdrətli dövlətə çevrilməsi naminə gənclərə böyük inam bəsləyir, onlara yüksək şərait yaradılması istiqamətində Dövlət proqramları qəbul edilir. Ümumilikdə bu gün Azərbaycan gənclərinin hərtərəfli inkişafı üçün dövlətimiz tərəfindən hər bir şərait yaradılıb.

-Musiqiyə bağlılığınız necə başladı və bu yolda sizi ən çox dəstəkləyən kimlər olub?

-Mən uşaqlıqdan milli musiqiyə bağlı olmuşam, eyni zamanda ailəmiz də. Bizim evimizdə hər zaman milli ruhlu musiqilər səslənib. Təbii ki, valideynlərim hər zaman məni dəstəkləyib.

-Ustadlarınız arasında kimlərdən ən çox öyrənmisiniz və onların sənət fəlsəfəsi sizə necə təsir edib?

-Muğam şifahi ənənəvi musiqidir. Muğamı daha mükəmməl öyrənmək üçün gərək bütün ustadları dinləyəsən, hər birindən bəhrələnəsən. O cümlədən mən də klassik muğam ifaçılarından başlamış müasir dövr xanəndələrinə qədər hər kəsi gündəlik olaraq dinləyirəm, onların ifalarından nələrsə öyrənməyə çalışıram. Amma mən xüsusi olaraq müəllimlərimi qeyd etməyi özümə mənəvi bir borc bilirəm. Çünki onların mənim üzərimdə zəhmətləri çox böyükdür. İlk muğam müəllimim Niyazi adına 22 saylı musiqi məktəbində Kamilə xanım Abdullayeva olub. Hal-hazırda isə Əməkdar artist, Azərbaycan Milli Konservatoriyasının dosenti, dəyərli sənətkarımız Təyyar Bayramovdan muğam sənətimizin sirlərini öyrənirəm.

-Muğama gəlişinizdə Laçın köklərinizin hansı rolu olub?

-Mən əslən Laçın rayonundanam, XVIII əsrdə Zəngəzurun tanınmış bəylərindən olan Həmzə Sultan bəy Qaraçorlu nəslindənik. Valideynlərim də bu gözəl torpaqda doğulub boya-başa çatıblar. Hamıya çox yaxşı bəllidir ki, ümumiyyətlə, Qarabağ, Şərqi Zəngəzur bölgələrinin insanları milli musiqiyə, muğam sənətinə, aşıq yaradıcılığına bağlı olurlar. Bu yurdlar Azərbaycan mədəniyyətinə böyük sənət fədailəri, musiqiçilər, bəstəkarlar, xanəndələr və s. bəxş edib. Təbii ki, mən də istedadı, səsi genetik olaraq bu köklərdən almışam. Bu, şübhəsizdir.

-Muğam müsabiqəsində Laçında çıxış etməyiniz həm ifaçı, həm də bir laçınlı kimi sizin üçün nə demək idi? Hansı hislər yaşadınız?

-Laçın mənim hər zaman arzularımın ünvanı olub. Uşaqlıqdan doğma yurdum Laçını görmək ən böyük xəyalım idi və mən inanırdım ki, bu xəyalım gerçək olacaq. Uca Allaha bəlkə də hər gün şükür edirəm ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə, müqəddəs şəhidlərimizin qanı, canı bahasına biz bütün işğal altında olan torpaqlarımız kimi, Laçına da qovuşduq. IX “Muğam” Televiziya Müsabiqəsinin finalı ilk dəfə Laçında baş tutdu. Mən də özümü çox xoşbəxt, qürurlu hesab edirəm ki, bir finalçı kimi öz doğma vətənimdə səhnəyə çıxdım, “Qarabağ” mahnısını şövqlə ifa etdim. Doğrudur, Laçın azad olunandan sonra dəfələrlə Laçına getmişəm, hətta qohumlarım, əzizlərim artıq Laçında yaşayırlar. Ancaq bu dəfə müsabiqənin finalçısı kimi Laçına getmək, doğma Laçında səhnəyə çıxmaq daha gözəl, həm duyğulu, həm sevincli hisslər idi. Düşünürəm ki, ən böyük qalibiyyət isə insanların sevgisini, məhəbbətini qazanmaqdır və mən əminəm ki, buna nail olmuşam. Xüsusi olaraq da bu layihənin ərsəyə gəlməsində ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, çox dəyərli Mehriban xanım Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm.

-Ağladığınız, ya da ağlatdığınız anlar olubmu?

-Təbii ki, insan istər-istəməz, özündən asılı olan və ya olmayan səbəblərdən kövrələ, duyğulana və ağlaya bilər. Mən də həmçinin. Amma həmişə məni daha çox duyğulandıran doğma yurdlarımızın düşmən işğalında olması idi. İndi isə çox şükürlər olsun ki, artıq kədərimiz, qəmimiz, qüssəmiz də Qələbə, Zəfər sevinci ilə əvəz olunub. Bu günləri bizlərə yaşadanlara minnətdarlığımız sonsuzdur. Ağlatdığım məqam isə, belə deyim ki, mən hər zaman oxuyanda deyirlər ki, sənin səsində bir nisgil, yanğı, məlahət hiss olunur. Bu da insanların ürəyinə toxunur. Elə IX “Muğam” Televiziya Müsabiqəsi zamanı bir məqamı qeyd etmək istəyirəm, müsabiqənin ilk həftələrində çıxışım zamanı, xüsusən də “Segah” muğamını ifa etdiyim zaman, 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Əbdülməcid Axundovun anası Ceyran xanım Həsənova da zalda idi. Mənim ifama onun ağlaması məni də çox duyğulandırdı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Amin.

-Ən çox hansı muğamı ifa edəndə özünüzü daha rahat və azad hiss edirsiniz və niyə?

-Ümumiyyətlə, bizim muğamlarımızın və xalq mahnılarımızın hər biri çox gözəldir. Yəni, fərq etməz, hansı muğamı ifa edirsən et, muğamlarımızın hər birinin insana bağışladığı təsir var. Hətta qeyd edim ki, dahi Üzeyir Hacıbəyli də öz əsərlərində klassik Azərbaycan muğamlarını ifa xüsusiyyətlərinə görə aşıladığı əhvali-ruhiyyəni səciyyələndirib. Mənə görə də bütün muğamlar gözəldir və əsas olan odur ki, ifa etdiyin muğamın halını dinləyiciyə ötürə biləsən.

-Gənc ifaçı olaraq səhnəyə çıxmazdan öncə ənənəniz varmı?

-Təbii ki, səhnə heç də göründüyü kimi asan yer deyil. Səhnəyə çıxanda istər-istəməz insanda həyəcan da olur, gərginlik də olur, səsdə problem də ola bilər, hətta ifa zamanı söz də yaddaşından çıxa bilər və s. Ancaq əsas olan odur ki, sən peşəkar və hazırlıqlısansa səhnədə bütün vəziyyətləri idarə etməyi bacarasan. Səhnəyə çıxmazdan öncə isə, xüsusilə də müsabiqə dönəmində gərək psixoloji cəhətdən də özünü səhnəyə hazırlayasan, özünə inamlı olasan. 

-Siz həm də bir çox beynəlxalq tədbirlərdə ölkəmizi təmsil etmisiniz. Azərbaycan musiqisinə xaricdə maraq necədir?

-Xaricdə Azərbaycan musiqisinə maraq çox böyükdür. Mən qardaş Türkiyədə keçirilən bir sıra tədbirlərdə iştirak edərək milli musiqimizi təqdim etmişəm. 2019-cu ilin "Nəsimi ili" elan olunması münasibətilə UNEC Yaradıcılıq Mərkəzi ilə birgə Türkiyənin paytaxtı Ankara şəhərində baş tutan tədbirdə, 2021-ci il oktyabr ayında Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu və Türkiyə Gənclik Vəqfinin (TÜGVA) birgə təşkilatçılığı ilə Türkiyənin Qaziantep şəhərində keçirilən "Beynəlxalq Zəfər Düşərgəsi"ndə, Türkiyənin İstanbul şəhərində "Azərbaycan-Türkiyə-Pakistan Gənclərinin Birinci Həmrəylik Forum"unda muğamlarımızı, milli musiqilərimizi səsləndirmişəm. Bu yaxınlarda isə Qazaxıstanın Almatı şəhərində "Almatı: Türk Dünyası Gənclər Paytaxtı 2025"in açılış mərasimində türk dövlətləri içərisində mən də öz çıxışımla ölkəmizi təmsil etdim.

-Əgər xanəndə olmasaydınız, hansı sahədə özünüzü görürdünüz?

-Mənim əsas fəaliyyət sahələrim həm iqtisadiyyat, həm də xanəndəlikdir. Amma başqa sahələrdə də özümü sınayardım; məsələn, yaxşı bir yazar və ya publisist olardım. Əsas odur ki, hansı sahədə olursan-ol, işinin peşəkarı və sənətinin həqiqi ustası olasan.

 -Gənc yaşınızda qazandığınız uğurlar sizdə hansı məsuliyyətləri artırır?

-Bu, ilk növbədə, gələcəkda daha da çox və böyük uğurlara apara yolda məni ruhlandırır və təbii ki, üzərimizə məsuliyyət qoyur ki, bu uğurları doğruldaraq daha da çalışqan olaq.

- Böyüklərinizdən eşitdiyiniz hansı öyüd-nəsihəti qulağınızda sırğa edirsiniz?

-Vətəninə məhəbbət, dövlətinə bağlılıq, ailənə sədaqət və böyüklərə hörmət.

-Gələcəyə baxışınız necədir? Özünüzü daha çox hansı səhnədə təsəvvür edirsiniz;Qarabağ torpaqlarında, yoxsa dünyanın böyük opera salonlarında?

-Gələcəyə baxışım çox gözəldir. Mənə görə Qarabağ səhnəsi dünyanın ən gözəl səhnəsidir. Özümü çox bəxtəvər sayıram ki, doğma Qarabağda dəfələrlə səhnəyə çıxmışam və gələcəkdə Qarabağ və Şərqi Zəngəzur səhnələri üçün daha böyük ideyalarım var. İnşallah, bu arzular da gerçək olar.

-Gənclərə tövsiyəniz nədir?

-Gənclərə bir gənc olaraq tövsiyəm budur ki, ilk olaraq doğma Vətənimiz, odlar yurdu Azərbaycanı ürəkdən sevsinlər. Öz üzərlərində daha çox çalışaraq, bilik və bacarıqlarını artıraraq xalqımız və dövlətimiz üçün faydalı olsunlar. Bütün gənclərə uğurlar arzulayıram.

Yaqut Ağaşahqızı, “İki sahil”