Azərbaycan Respublikasının Konstitusiyası müstəqilliyimizin hüquqi təminatı, dövlət quruculuğunun əsas hüquqi bazası, suverenliyimiz isə dövlətimizin gücünün rəmzidir
Bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Prezident İlham Əliyevin 2024-cu il 28 dekabr tarixli Sərəncamına əsasən 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib və 2025-ci il 11 fevral tarixli Sərəncamla “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı” təsdiq edilib. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır. Bu Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və noyabrın 27-də qüvvəyə minib. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı ildən başlayaraq hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir. Konstitusiyanın Preambulasında Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq, xalqın iradəsinin ifadəsi kimi, qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq, ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq, hamının layiqli həyat səviyyəsini təmin etmək, ümumbəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək kimi ülvi niyyətlər bəyan edilib.
Ötən 30 ildə dünyada baş verən hadisələr, cəmiyyətin inkişafı və yeni dövrün tələblərinə uyğun olaraq Konstitusiyada bir neçə dəfə dəyişiklik və əlavələr edilməsi zərurəti yaranıb. Bununla əlaqədar olaraq 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlar əsasında Konstitusiyaya bir sıra əlavə və dəyişikliklər edilib ki, bu da onun məzmununun mühüm əhəmiyyətə malik olan yeni müddəalarla zənginləşməsinə, ölkəmizin hüquq sisteminin təkmilləşdirilməsinə səbəb olub və müstəqil Azərbaycan Respublikasının qısa müddətdə demokratik, hüquqi və dünyəvi dövlət kimi formalaşmasına hüquqi əsas yaradıb.
Xatırladaq ki, 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik, parlamentli və dünyəvi respublika kimi tarixə düşərək suverenlik arzusunun ilk təcəssümü olub. Lakin cəmi 23 ay yaşayan Cümhuriyyət süqut etdikdən sonra xalqımızın suverenlik arzusu susdurulsa da, məhv olmayıb. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da I Ümum-Azərbaycan Sovetlər Qurultayında, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də IV Ümum-Azərbaycan Sovetlər Qurultayında qəbul olunub. 1927-ci il martın 26-da V Ümum-Azərbaycan Sovetlər Qurultayında Azərbaycan SSR-in növbəti Konstitusiyası təsdiq edilib. 1936-cı ildə SSRİ-nin yeni Konstitusiyasının qəbul edilməsi ilə əlaqədar 1937-ci il martın 14-də IX Ümum-Azərbaycan Sovetlər Qurultayının qərarı ilə Azərbaycan SSR-in yeni Konstitusiyası qüvvəyə minib. Azərbaycan SSR-in dördüncü konstitusiyası 1977-ci il SSRİ Konstitusiyası əsasında 1978-ci il aprelin 21-də Azərbaycan SSR Ali Sovetinin növbədənkənar yeddinci sessiyasında qəbul olunub. Bu Konstitusiyanın hazırlanması və qəbulu o zaman Azərbaycana rəhbərlik edən Heydər Əliyevin iştirakı ilə həyata keçirilib. SSRİ Konstitusiyasına uyğunlaşdırılmasına baxmayaraq, 11 bölmə, 22 fəsil və 185 maddədən ibarət olan bu Konstitusiya əvvəlkilərdən fərqli olaraq öz müsbət və həmin dövr üçün cəsarətli, mütərəqqi müddəaları ilə seçilirdi. Bu Konstitusiyanın “Dövlət və şəxsiyyət” adlanan ikinci bölməsi vətəndaşların hüquq və azadlıqlarının genişləndirilməsi, onların yeni məzmunla və əlavə maddi, hüquqi təminatlarla zənginləşdirilməsi ilə səciyyələnirdi. Ölkəmizin konstitusiya tarixində ilk dəfə olaraq bu Konstitusiyada “xalq hakimiyyəti” və “demokratiya” terminləri işlədilmiş, Azərbaycan SSR-də bütün hakimiyyətin xalqa məxsusluğu qeyd edilmiş, xalq hakimiyyətinin bilavasitə demokratiya institutu olan referendum düzgün olaraq ümumxalq səsverməsi kimi təsbit edilmişdi. 1978-ci ildə qəbul edilmiş Konstitusiyanın əsas müsbət cəhətlərindən biri də Ulu Öndərin qətiyyəti və cəsarəti hesabına Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunmasıdır. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biri idi. Mübaliğəsiz demək olar ki, məhz bunun sayəsində gələcək müstəqil dövlətçiliyimizin milli rəmzlərindən biri olan ana dilimizin qorunması və inkişafına zəmin yarandı. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi barədə Sərəncamda qeyd edildiyi kimi: “Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır”.
Media orqanlarında dəfələrlə qeyd edildiyi kimi, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı növbəti böyük xidmətlərindən biridir. Preambula, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarət olan bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir.
Qürurverici haldır ki, Azərbaycan dövlətinin 44 günlük Vətən müharibəsində inamlı Qələbəsi və 2023-cü ilin sentyabr ayının 19-20-də 24 saatdan da az bir müddətdə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu, Konstitusiyada təsbit edilmiş hüquqların işğaldan azad edilmiş bütün torpaqlarımız da daxil olmaqla Azərbaycanın bütün ərazilərində tam şəkildə bərpası üçün real zəmin yarandı. 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib.
Artıq son iki ayını yaşamağa doğru getdiyimiz “Konstitusiya və Suverenlik İli” başa çatmaq üzrədir. Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir. Aparılan islahatlar xalqın dövlətə olan inamını daha da gücləndirib. “Konstitusiya və Suverenlik İli” həm də Azərbaycanın gələcək strateji hədəflərinə yönəlmiş ideoloji xəritənin təqdimidir. Biz bu il vasitəsilə yalnız keçmişə deyil, həm də gələcəyə baxırıq. Bəli, Vətən müharibəsində əldə olunan parlaq Qələbə ilə suverenliyin ərazi konturları artıq tamamlanıb, 2025-ci ildə isə bu suverenliyin hüquqi, ictimai, siyasi və mədəni çərçivələri tamamlanmaqdadır.
Sevinc Azadi, “İki sahil”