Uşaqların sağlamlığı məsələsində kiçik diqqətsizlik ağır nəticələrlə səbəb ola bilər. Bu baxımdan məktəbli çantalarının düzgün seçilməsi bacibdir. Yanlış seçilən çantalar uşaqların daşımaqda çətinlik çəkməsi ilə yanaşı, onurğa ağrıları, hətta onurğa sütunu xəstəliklərinə səbəb ola bilər. Bu səbəbdən yaranan ağrılar zamanla xroniki ağrılara və ciddi onurğa problemlərinə çevrilə bilər. Erkən yaşlarda bu problemləri müəyyən edib qarşısını almaq yetkinlik dövründəki müalicə proseslərinə nisbətən daha asandır.
Onurğa sütununun sağlam inkişafı üçün uşaqların erkən yaşlardan düzgün qamət vərdişlərinə yönləndirilməsi vacibdir. Məktəb yaşına çatmış uşaqlar arasında ağır çantaları daşımaq, uzun müddət telefondan istifadə və kompüter qarşısında əyləşmək kimi səbəblərdən yaranan boyun, bel ağrılarının artması valideynlərin narahatlığına səbəb olur. Bəs valideynlər bu problemlərin qarşısını almaq üçün nələrə diqqət etməlidirlər?
Mövzu ilə bağlı Respublika Klinik Xəstəxanasının Travmatologiya və ortopediya şöbəsinin müdiri, həkim-travmatoloq ortoped Eldar Əsədli “İki sahil” ə açıqlamasında bildirdi ki, məktəbli çantası uşağın boyuna və çəkisinə uyğun olmalıdır. Onun ağırlığı ümumilikdə bədən çəkisinin 10-15 faizindən çox olmamalıdır. Eyni zamanda, məktəbli çantaları iki çiyində daşınmalıdır: “Valideynlər məktəb çantası seçərkən çantanın arxa hissəsinin ortopedik olmasına üstünlük verməlidirlər. Bu cür məktəb çantaları gələcəkdə baş verə biləcək bel ağrıları və digər onurğa xəstəliklərinin qarşısını almaq üçün önəmlidir.”
Eldar Əsədlinin bu mövzu ilə bağlı şagirdlərə bir sıra məsləhətləri var:
“Partada, yazı stolunda oturarkən bel və kürəyi düz saxlamaq, dizləri 90 dərəcədə bükülü halda saxlayaraq ayaqları yerə tam şəkildə toxundurmaq, vizual qavrayışı artırmaq üçün kitabı gözə yaxın məsafədə saxlamaq tövsiyə olunur. Kitab oxuyarkən başın çox aşağıda tutulması da boyun və bel nahiyəsindəki ağrıları artmasına səbəbdir.”
Bununla yanaşı, ortoped-travmatoloq xəbərdarlıq edir ki, uzun müddət oturaqlı vəziyyətdə qalmaq da onurğa sütununun funksional sağlamlığına mənfi təsir göstərən əsas risk amillərindən biridir. Bu riski aradan qaldırmaq, onurğa sütununun sağlamlığını qorumaq və qan dövranını yaxşılaşdırmaq üçün 40-45 dəqiqədən bir ayağa qalxıb bir qədər gəzməkdə fayda var.
“Səhər idmanı olduqca önəmlidir. Hər səhər idman hərəkətlərinə 10-15 dəqiqə vaxt ayırmaq mütləqdir. İdman hərəkətləri ilə yanaşı, səhərlər nəfəs məşqləri etməyin də faydası var. Gün ərzində gümrah və sağlam olmaq üçün bu qaydalara əməl etmək vacibdir”, deyə, Eldar Əsədli bildirdi.
Deməli, çanta seçərkən arxa hissəsi ortopedik örtüklə təmin olunmuş, asqıları geniş və yumşaq olan çantalara üstünlük verilməlidir. Çantanın hər iki asqısı istifadə olunmalı və çox aşağıda qalmayacaq şəkildə daşınmalıdır. Ağır əşyaları çantanın kürəyə ən yaxın olan bölməsinə yerləşdirmək lazımdır. Ev şəraitində isə masa və oturacaqların hündürlüyü uşaqların boyuna uyğun tənzimlənməlidir. Eyni zamanda, uşaqların gündəlik vərdişləri sırasına idman hərəkətlərinin əlavə olunması vacibdir. Valideyn nəzarəti ilə gün ərzində yüngül idman hərəkətləri etmək uşaqların fiziki sağlamlığına faydalıdır.
Şahnigar Əhmədova