10 sentyabr 2025 13:16
125

Suverenliyimiz xalqımızın milli sərvətidir - Prezident İlham Əliyev

Dövlət və ictimai maraqların uzlaşdığı, bir-birini tamamladığı hadisələrdən biri  olan 20 sentyabr-Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın əzəmətli Zəfərinin təntənəsidir

Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Bir tərəfdən hərbi-siyasi qarşıdurmanın pik həddə çatması, separatçılığın baş alıb getməsi, digər tərəfdən də Ermənistanın işğal planlarının genişlənməsi həm müstəqilliyimizin, həm də dövlətçiliyimizin gələcəyini sual altında qoymuşdu. Hətta dövlətçiliyimiz parçalanmaq təhlükəsi ilə üz-üzə dayanmışdı. Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan dövlətçiliyi qorunub saxlanıldı, kövrək müstəqilliyimiz xilas edildi. Heydər Əliyevin dühası, siyasi müdrikliyi sayəsində xalqımızın mənafeləri qətiyyətlə qorundu, dövlətimiz öz milli maraqlarına doğru inamla irəlilədi. Belə ki, 1994-cü ilin hərbi əməliyyatları zamanı işğal edilmiş ərazilərimizin bir qisminin azad edilməsi, respublikamızın dünya birliyində özünə layiqli yer tutması Ulu Öndərin yeni neft strategiyasının növbəti uğurları göstərirdi ki, Azərbaycan öz milli maraqlarını qətiyyətlə təmin etməyi bacaran dövlətdir.

Prezident İlham Əliyevin respublikamıza rəhbərliyi illərində Azərbaycanın sürətli yüksəlişi, yaratdığı inkişaf nümunələri göstərdi ki, Heydər Əliyev ideyaları layiqincə davam etdirilir. Cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ötən 22 ildə keçdiyimiz möhtəşəm inkişaf yolu respublikamızı regionda liderə, dünyada söz sahibinə çevirib. Azərbaycan uzun illərdir ki, kosmik klubun üzvüdür, regionun nəqliyyat qovşağıdır. Bu illər ərzində Prezident İlham Əliyevin xalqımız qarşısında ən böyük tarixi xidmətlərindən biri müstəqilliyimizin əsaslarını daha da möhkəmləndirməsi, Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirməsi olub. Eyni zamanda güclənən və inkişaf edən Azərbaycan günlərin birində torpaqlarını güc yolu ilə işğaldan azad edə biləcəyini də heç vaxt gizlətməyib.  Ermənistana və dünya erməniliyinə də agah idi ki, əgər Azərbaycan ən çətin vaxtlarında  onların şərtlərini yaxına buraxmayıbsa, deməli, gücləndikdən sonra istənilən yolla ərazilərini işğaldan azad edəcək.

Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etdi və tarixi Zəfər qazandı. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail oldu. Lakin Ermənistan və onun arxasında dayanan dünya erməniliyi respublikamıza qarşı məkrli niyyətlərindən, ərazi iddialarından əl çəkmək istəmədilər və bununla da Azərbaycanın dövlət suverenliyinə qarşı çıxdılar. Eyni zamanda Ermənistan imzaladığı üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozaraq Qarabağdakı silahlı dəstələrini çıxarmadı. Və nəinki tör-töküntülərini çıxarmadı, hətta mütəmadi olaraq hərbçilərimizə, mülki vətəndaşlarımıza qarşı terror təxribatları həyata keçirdi. Davamlı şəkildə Ermənistandan Azərbaycanın Qarabağ iqtisadi rayonuna silah-sursat və minalar daşındı və bununla ermənilər Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq prosesinə mane olmağa çalışdılar. Prezident İlham Əliyev bir neçə dəfə Ermənistana və Qarabağdakı erməni separatçılarına xəbərdarlıq etdi. 2023-cü ilin aprel ayında Laçında sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılması bütün sərhədlərimiz üzərində nəzarətin təmin edilməsi ilə yanaşı, ermənilər üçün siqnal oldu. Lakin revanşizm hisslərinə qapılmış düşmən bunu anlaya bilmədi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanıldı. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Ötən il sentyabrın 19-da Prezident İlham Əliyev Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında sərəncam imzaladı. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd ediləcək. Sərəncamda bildirilir: "2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir".

Beləliklə, sentyabrın 20-si Azərbaycan xalqının tarixinə hər il qürurla, iftixarla qeyd edəcəyi daha bir bayram günü kimi yazıldı.

Sevinc Azadi, “İki sahil”