18 noyabr 2026 21:56
143

Ağdam dirçəlir, Qarabağ gülüstana çevrilir

Hər il 20 Noyabr tarixini xalqımız böyük fəxarət hissi ilə Ağdam Şəhəri Günü kimi bayram edir. Çünki bu tarix həm ədalətin bərpa olunduğu zəfər gününü, həm də qədim yurdumuzun yenidən həyata qayıtdığı möhtəşəm dirçəliş dövrünü özündə birləşdirir.

Əsrlər boyu Qarabağın mədəni, iqtisadi və siyasi həyatının mərkəzində dayanan Ağdam bölgəmizin ən mühüm mədəni, iqtisadi və siyasi mərkəzlərindən biri sayılıb. Pənahəli xanın yadigarı olan bu qədim diyar özünün bənzərsiz muğam məktəbi, dünyada nadir olan Çörək Muzeyi, Pənahəli xanın imarəti, Şahbulaq qalası və möhtəşəm Cümə məscidi ilə hər zaman fəxr yerimiz olub.

1990-cı illərin əvvəllərində başlanan Ermənistan-Azərbaycan münaqişəsi Ağdamın da taleyinə ağır bir zərbə vurdu. Birinci Qarabağ müharibəsi zamanı mühüm strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən birinə çevrilən şəhər şiddətli döyüşlərin mərkəzində qaldı. 1993-cü il iyulun 23-də Ağdam işğal olundu. Vətənin müdafiəsi uğrunda yüzlərlə igidimiz şəhidlik zirvəsinə ucaldı, minlərlə dinc sakin isə ocağından, el-obasından didərgin düşərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu. İşğaldan sonra şəhər məqsədli şəkildə yerlə-yeksan edildi, zəngin tarixi, mədəni və dini irsimiz xarabalığa çevrilərək dünyanın gözü qarşısında misli görünməmiş bir dağıntıya məruz qaldı. Azərbaycan xalqı üçün hər zaman ağrılı bir yara olan Ağdam həsrəti 27 il davam etdi. Lakin bu müddət ağdamlıların qəlbindəki yurd sevgisini və doğma torpağa qayıdış inamını söndürə bilmədi. Onlar doğma ocaqlarına qayıdacaqları günə olan ümidlərini heç vaxt itirmədilər.

2020-ci ilin 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə bölgədəki bütün reallıqları dəyişdi. Düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu, hərbi əməliyyatlar dayandırıldı və 20 noyabr 2020-ci il tarixində Ağdam şəhəri bir güllə belə atılmadan, düşmənin işğalçılıq siyasətinin iflası nəticəsində Azərbaycana təhvil verildi. Həmin gün Azərbaycan Silahlı Qüvvələri Ağdam şəhərinə daxil olaraq üçrəngli Azərbaycan bayrağını dalğalandırdılar. Bu, Azərbaycanın həm hərbi gücünün, həm də mükəmməl diplomatiyasının təntənəsi idi. Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə 20 Noyabrın "Ağdam Şəhəri Günü" kimi təsis edilməsi isə bu tarixi hadisənin əbədiləşdirilməsinə xidmət edir. Bu gün ədalətin bərpasının, xalqımızın dəmir iradəsinin, həmrəyliyinin və qürurunun əbədi simvoludur.

Şanlı Qələbə nəticəsində işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Ağdamda da geniş tikinti-quruculuq işləri həyata keçirilir. Xarabalıqlar üzərində dünyanın ən müasir şəhərlərindən biri inşa olunur. “Böyük Qayıdış” proqramı çərçivəsində Ağdam şəhəri və kəndləri yenidən tikilir, infrastruktur layihələri icra olunur, yollar inşa edilir, yeni istehsal müəssisələri yaradılır, yaşıllıqlar salınır, ərazilər mina və partlamamış hərbi sursatlardan təmizlənir. Dövlət başçısının bilavasitə nəzarəti altında Ağdamın Baş Planı hazırlanıb və şəhər ən müasir "ağıllı şəhər" konsepsiyası əsasında sıfırdan inşa olunur. 100 min nəfər əhalinin yaşaması üçün nəzərdə tutulan yeni Ağdam Qarabağın ən iri və müasir şəhərlərindən birinə çevrilir. Artıq Ağdam Cümə məscidi, Pənahəli xanın imarəti və Şahbulaq qalası tam bərpa edilərək öz əzəmətli görkəminə qaytarılıb. Bərdə–Ağdam istiqamətində çəkilən avtomobil və dəmir yolları, həyata keçirilən müasir yaşayış komplekslərinin tikintisi, elm, təhsil və səhiyyə ocaqlarının

inşası, eləcə də möhtəşəm Ağdam Muğam Mərkəzi qədim şəhərimizə tamamilə yeni bir həyat, başqa bir nəfəs bəxş edir. Fəaliyyətə başlayan Ağdam Sənaye Parkı bölgənin iqtisadi potensialını yenidən hərəkətə gətirməklə yanaşı, yeni iş yerlərinin açılmasına və iqtisadi dirçəlişə güclü təkan verir.

Artıq doğma yurdlarına qovuşan ağdamlı ailələr yeni, müasir evlərində məskunlaşaraq əzəli yurdlarında həyatı yenidən canlandırırlar. Dağıdılmış, viran qoyulmuş torpaqların qısa müddətdə abad diyara çevrilməsi sübut edir ki, Ağdam bundan sonra da əbədi Azərbaycan torpağı olaraq yaşayacaq. Bu gün Ağdamın səmasında şəhidlərimizin qanı, qazilərimizin şücaəti və xalqımızın birliyi hesabına dalğalanan üçrəngli bayrağımız həm keçmişimizin qürurunu, həm də gələcəyimizin işığını əks etdirir. Xarabalıqlar üzərində ucalan yeni binalar, yenidən səslənən Qarabağ şikəstəsi və doğma ocağına dönən insanların sevinci bir həqiqəti təsdiqləyir: Ağdam dirçəlir, Qarabağ gülüstana çevrilir.

Gülxarə Tarverdiyeva,

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı