18 noyabr 2026 18:58
145

Xoş niyyətlər: Vaşinqtondan sonra Berlin...

Azərbaycana rəsmi səfərə gələn Almaniyanın xarici işlər naziri Yohann David Vadeful bir sıra məsələlər, o cümlədən narahat beynəlxalq vəziyyət barədə fikir mübadiləsi aparıb. Qeyd olunub ki, beynəlxalq qaydalara görə, dövlətlər bir-birinin daxili işinə qarışmamalı, hegemonluq etməməlidir. O, öz fikrini konkret misallarla izah edib. Nazir Rusiyanın Azərbaycan və Ermənistanın Avropa ilə yaxınlaşmasına mane olmamalı olduğunu bəyan edib.

Almaniyalı nazir Cənubi Qafqazın müharibələr və zorakılıq dövrünü geridə qoymaq üçün tarixi fürsət əldə etdiyini bildirib: “Rusiya insanların və onların gələcəyi hesabına Cənubi Qafqazda təsirini qorumağa çalışır. Lakin Rusiyanın qonşularının Avropa ilə yaxınlaşması məsələsi Moskvada həll edilməməlidir. Buna görə də Ermənistan və Azərbaycanın öz gələcəklərini müstəqil müəyyənləşdirməsi vacibdir. Artıq onların səsinə qulaq asmağın və maraqlarını nəzərə almağın vaxtıdır”.

Baş diplomatın fikirlərindən aydın görünür ki, o, Cənubi Qafqazda  müharibələrin və təhdidlərin haradan gəldiyini yaxşı bilir. Qeyd edək ki, bu ölkələrin üçündə də süni surətdə narahatlıq yaradanlar öz iddialarına son vermirlər. Belə olan halda hamılıqla qəbul olunmuş qaydalar işləmir və qarışıqlıq yaranır. Bu səbəbdən Cənubi Qafqaz regionunda qan axıdılır, sülh yaranmır. Əslində azərbaycanlılar, gürcülər və ermənilər dinc yanaşı yaşaya bilərlər, ancaq sülh və barış aranı qarışdıranlara sərf etmir.

Almaniya xarici işlər nazirinin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın özündə belə bəzi dairələr tərəfindən qəbul olunmur və dağıdıcı ssenaridən narazı olduğunu göstərir. Ancaq Cənubi Qafqazda imperiya iddiaları iflasa uğradığından regionda vəziyyət stabilləşmək üzrədir. Otuz iki il davam edən Ermənistan-Azərbaycan qarşıdurması dayandırılıb, müharibə aparan iki ölkə indi sülhün bir addımlığındadır. Almaniyalı nazir buna işarə edərək bildirib ki, bu fürsət əldən verilməməlidir: “Uzun müddət demək olar ki, mümkünsüz görünən bir məsələ indi yaxın perspektivdə reallaşa bilər. Cənubi Qafqazda sülhə nail olmaq imkanından istifadə edilməlidir”.

Vadeful Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın cəsarət və məsuliyyət nümayiş etdirərək sülh sazişi layihəsini parafladıqlarını xatırladıb. Nazir 2025-ci il avqustun 8-də Vaşinqton razılaşmasını yüksək qiymətləndirib: “İndi əsas məsələ inamla irəliləməkdir. Berlin bu prosesdə etibarlı tərəfdaş olmağa hazırdır. Cənubi Qafqazda sülh və açıq sərhədlər təkcə region xalqlarına deyil, bütün Avropaya fayda gətirəcək”.

Tamamilə doğru fikirdir. Yetmiş il sosializm düşərgəsində dünyadan təcrid olunmuş şəkildə yaşamış xalqlar nəhayət, müstəqilliyin şirinliklərini dadıblar. Azərbaycanlılar azad şəraitdə istədikləri ölkəyə gedib-gəlmək, təhsil almaq, iş qurmaq imkanı qazanıblar. Dövlətimiz kimdənsə icazə almadan istədiyi ölkə ilə iqtisadi-mədəni əlaqələr qurmaqda azaddır. Müstəqil xarici siyasət aparmaqda kimsənin məsləhətinə ehtiyacı yoxdur. Yohann Vadeful Prezident İlham Əliyevlə görüşündə Azərbaycana xoş münasibətini ifadə edərək bildirib ki, rəsmi Berlin Cənubi Qafqazda sülhün əldə edilməsinə töhfə verməyə hazırdır.

Vəli İlyasov, “İki sahil”