18 noyabr 2026 15:10
204

Vədin gerçəkləşdiyi şəhər - AĞDAM

“Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın.” Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin bu sözləri bir zamanlar yer üzündən silinmiş şəhərin yenidən doğuşunun proqramına çevrildi. Bu gün həmin vədin hər gün gerçəkləşdiyini görürük. Ağdam artıq xarabalıqların simvolu deyil, qayıdışın, quruculuğun və dirçəlişin simvoludur.

Ağdamın tarixi Qarabağın tarixindən ayrılmazdır. Şəhər Qarabağ xanlığının qurucusu Pənahəli xanın dövründən formalaşmış mədəni və siyasi mərkəzlərdən biri olub. Burada Şahbulaq qalası ucaldılıb, İmarət kompleksi yaradılıb, xan nəslinin türbələri və yaşayış məkanları yüzillərlə qorunub. Ağdam münbit torpaqları, bağları və təsərrüfatları ilə seçilirdi. Üzümçülük və şərabçılıq, pambıqçılıq, taxılçılıq, maldarlıq burada xalqın əsas gəlir mənbəyi idi. Şəhər həm də mədəniyyətin, musiqinin və idmanın mərkəzi sayılırdı. Qarabağ futbol klubunun Ağdamdan çıxması bu şəhərin ruhunun və xarakterinin ifadəsidir. Ağdamlılar çalışqanlığı, qonaqpərvərliyi və sənətə bağlılığı ilə tanınırdı.

Bu rifah 1990-cı illərin əvvəlində ermənipərəst separatizmin və Ermənistanın hərbi təcavüzünün nəticəsində dağıldı. Dağlıq Qarabağ münaqişəsi adı ilə başlayan təcavüz Azərbaycanın suveren torpaqlarına qarşı açıq hərbi hücuma çevrildi. Ağır döyüşlərdən sonra 1993-cü il iyulun 23-də Ağdam şəhəri işğal edildi. Minlərlə insan öz evini, mülkünü, yaddaşını tərk etmək məcburiyyətində qaldı. Sakinlər qaçqın və məcburi köçkün həyatına məhkum oldular, çoxları uzun illər çadırlarda, ictimai binalarda, müvəqqəti məskunlaşma məntəqələrində yaşadı. Şəhər sonrakı illərdə sistemli şəkildə talan olundu, evlər, məktəblər, xəstəxanalar, mədəniyyət obyektləri söküldü, tikinti materialları aparıldı. Şəhərdən yalnız bir neçə bina, o cümlədən Cümə məscidi sağ qaldı. Beynəlxalq mətbuatda Ağdam “Qafqazın Xirosiması” adlandırıldı və bu ad boş söz deyildi. Şəhərin simasını itirməsi, onun yaşayış məskəni olmaqdan çıxarılması bu təcavüzün miqyasını göstərirdi.

Beynəlxalq birlik bu faciəyə laqeyd qalmadı, lakin göstərilən reaksiya kifayət etmədi. 1993-cü il iyulun 29-da BMT-nin Təhlükəsizlik Şurası 853 saylı qətnaməni qəbul etdi. Sənəddə Ağdam rayonunun və Azərbaycanın digər son işğal olunmuş ərazilərinin ələ keçirilməsi pislənildi, hərbi əməliyyatların dərhal dayandırılması və işğalçı qüvvələrin bu torpaqlardan çıxarılması tələb olundu. Qətnamədə Azərbaycanın ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığı bir daha təsdiqləndi. Təəssüf ki, bu qətnamə, onunla birlikdə qəbul edilən digər üç qətnamə kimi, uzun illər Ermənistan tərəfindən yerinə yetirilmədi. Beləliklə, beynəlxalq hüququn tələbləri ilə reallıq arasındakı uçurum otuz ilə yaxın davam etdi. Yalnız 2020-ci ilin payızında Azərbaycan Ordusunun qüdrəti ilə tarixi ədalət bərpa edildi. 44 günlük Vətən müharibəsində qazanılan qələbədən sonra 2020-ci il noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarıldı. Bu tarix ağdamlıların yaddaşına qayıdışın, ümidin və gerçəkləşən arzunun günü kimi həkk olundu.

İşğaldan azad olunan Ağdamda ilk gündən genişmiqyaslı bərpa və quruculuq işləri başlandı. Dağıntılar altında qalmış şəhərdə minalardan təmizləmə, infrastrukturun layihələndirilməsi, yolların, enerji və su xətlərinin çəkilməsi, yaşayış və ictimai binaların inşası eyni vaxtda aparıldı. Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanan Böyük Qayıdış proqramı Ağdamı da əhatə etdi. Şəhərin əvvəlki şöhrəti bərpa olunur, lakin bu, köhnənin sadə təkrarı deyil. Ağdam müasir şəhərsalma prinsipləri, ağıllı infrastruktur və ekoloji yanaşma əsasında yenidən qurulur. Burada keçmişin yaddaşı ilə gələcəyin tələbləri birləşir.

İqtisadi dirçəlişin ən mühüm ünsürlərindən biri Ağdam Sənaye Parkıdır. Burada istehsal, emal və xidmət sahələri üzrə müəssisələrin fəaliyyəti üçün imkanlar yaradılır, vergi və gömrük güzəştləri sahibkarları cəlb edir. Sənaye parkı yalnız iş yerləri deyil, həm də yerli xammaldan istifadə, ixrac potensialı və regionun iqtisadi inteqrasiyası deməkdir. Ağdam özünün keçmiş aqrar mərkəz kimliyini sənaye və xidmət imkanları ilə tamamlayır. Bu yanaşma qayıdan insanlara sabit gəlir və gələcəyə inam verir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdama səfərləri bu prosesin ardıcıllığını və ciddiliyini göstərir. 2022-ci il fevralın 13-də Prezident Ağdam Sənaye Parkında iki müəssisənin təməlini qoydu, “Park Forest Hotel Ağdam” mehmanxanasının və yeni yaşayış kompleksinin təməlqoyma mərasimlərində iştirak etdi. Eyni gün Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış oldu. 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının təməli qoyuldu, Prezidentin xüsusi nümayəndəliyinin qərargahında yaradılan şəraitlə tanışlıq keçirildi. Dövlət başçısı həmçinin Qarabağ xanlarının türbələrini və yaşayış evi olan İmarət kompleksini ziyarət etdi. Bu səfər şəhərin həm iqtisadi, həm sosial, həm də mənəvi bərpasının eyni anda gedəcəyini göstərdi.

2024-cü il aprelin 25-də Ağdama növbəti tarixi səfər baş tutdu. Azərbaycan və Qırğızıstan prezidentləri şəhərə birlikdə səfər etdilər. Qonaqlar Pənahəli xanın sarayı və İmarət kompleksində aparılan işlərlə tanış oldular, bərpadan sonra açılan Ağdam Cümə məscidinin açılışında iştirak etdilər, Ağdam Konfrans Mərkəzinə baxdılar. Xıdırlı kənd tam orta məktəbinin təməli qoyuldu, Şahbulaq qalasına baxış keçirildi, ardınca prezidentlərin birgə naharı oldu. Bu səfər Ağdamın dünyaya açıq, qonaqpərvər və mədəni irsə sahib çıxan şəhər kimi təqdimatı idi, türk dünyası ilə qardaşlıq əlaqələrinin təzahürü kimi də xüsusi mənalı oldu.

2025-ci il martın 27-də Prezident Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışında iştirak etdi. Kəndin yenidən qurulması şəhərlə bərabər rayonun kəndlərinin də unudulmadığını, qayıdışın bütün yaşayış məntəqələrini əhatə edəcəyini göstərdi. İnsanlar yenidən doğma kəndlərində ev, məktəb və iş yerinə qovuşurlar.

2025-ci il dekabrın 23-24-də isə Ağdamda yeni mərhələ başladı. Metal elektrik dirəklərinin istehsalı müəssisəsi istifadəyə verildi, Ağdam Sənaye Parkında “Saloğlu Qarabağ” MMC-nin istehsal müəssisəsinin təməli qoyuldu. Şəhərdə “Hilton Garden Inn Agdam” hotelinin açılışı oldu, 2-ci yaşayış kompleksi istifadəyə verildi və Prezident buraya köçən sakinlərlə görüşdü. Bu görüşlər qayıdışın rəqəmlərdən və layihələrdən ibarət olmadığını, ilk növbədə insanların taleyi olduğunu bir daha sübut etdi. Ağdamın küçələrində yenidən uşaq səsləri eşidilir, evlərdə işıq yanır.

Ağdam Şəhəri Günü yalnız tarixi hadisənin xatırlanması deyil, həm də ədalətin təntənəsinin bayramıdır. Bu gün şəhid ruhlarına, işğal illərində əzab çəkmiş minlərlə insana, Vətən müharibəsində torpaqlarımızı azad edən qazilərə və şəhidlərə baş əyirik. Eyni zamanda gənc nəslin Ağdamı sevməsi, onun tarixini, mədəniyyətini və acı taleyini yaxşı bilməsi vacibdir. Vəhşiliyin izləri unudulmur, lakin onlar artıq qisas yox, quruculuq və qayıdış ruhu ilə əvəzlənir.

Prezident İlham Əliyevin sözləri artıq gerçəkliyə çevrilib. Ağdam yenidən bərpa olunur, yenidən yaşayır, yenidən sənaye, mədəniyyət və turizm mərkəzinə çevrilir. Qarabağ Azərbaycandır!

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məslətçisi