18 noyabr 2026 18:17
94

Ağdamın yenidən doğuluşu: Zəfər və quruculuq salnaməsi

2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı parlaq və tarixi Zəfər düşməni kapitulyasiya aktına – 10 noyabr Üçtərəfli Bəyanatına imza atmağa məcbur etdi. Razılaşdırılmış qrafikə uyğun olaraq, Ermənistan silahlı birləşmələri 27 ildən artıq işğal altında saxladıqları Ağdam rayonunu 2020-ci il noyabrın 20-də bir güllə belə atılmadan Azərbaycana təhvil verdi. Bu, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həm döyüş meydanında, həm də diplomatiya masasında qazandığı möhtəşəm zəfərin məntiqi nəticəsi idi. Şanlı Zəfərimizin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam şəhəri günü elan edildi.

Tarixi qaynaqlara və etimoloji araşdırmalara görə, “Ağdam” sözü qədim türk dilində “kiçik qala”, “ağ daşdan tikilmiş işıqlı, günəşli ev” mənasını verir. XVIII əsrin birinci yarısında Qarabağ xanlığının banisi Pənahəli xanın əmri ilə burada ağ daşdan imarət tikdirməsi ərazinin adının tarixə həkk olunmasında mühüm rol oynamışdır. Lakin təkcə Azərbaycanın deyil, bütün Qafqazın ən mühüm mədəniyyət və sənaye mərkəzlərindən biri olan Ağdam 1993-cü il iyulun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi və amansız vandalizmə məruz qaldı.

İşğal dövründə şəhər tamamilə yerlə-yeksan edildiyi üçün beynəlxalq media və tədqiqatçılar tərəfindən “Qafqazın Xirosiması” adlandırıldı. Vətən müharibəsində Ağdam uğrunda gedən döyüşlərdə və rayonun azad olunması əməliyyatlarında iştirak etmiş hərbçilərimizin rəşadətini əbədiləşdirmək məqsədilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Bu ali dövlət təltifi qəhrəman oğullarımızın Vətən qarşısındakı xidmətlərinə verilən yüksək qiymətin ifadəsidir.

Azad edildikdən dərhal sonra Ağdama səfər edən Prezident İlham Əliyev dağıntıların miqyasını bütün dünyaya bəyan edərək böyük quruculuq iradəsini ortaya qoydu: “Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın”.

Dövlət başçımızın birbaşa nəzarəti altında Ağdamın baş planı təsdiqləndi və şəhərin “Ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulmasına start verildi. Bu gün Ağdamda müasir nəqliyyat qovşaqları, yaşayış məhəllələri ilə yanaşı, zəngin mədəni irsin qorunmasına və beynəlxalq səviyyəli turizm infrastrukturunun qurulmasına xüsusi diqqət yetirilir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Ağdama ardıcıl səfərləri şəhərin və kəndlərin yenidən doğuluşunun addım-addım salnaməsinə çevrilmişdir. 2022-ci il oktyabrın 4 rayonun yeni tarixində genişmiqyaslı quruculuq və təməlqoyma mərhələsi kimi yadda qaldı. Dövlət başçısı Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış oldu, Ağdam şəhərinin daxili yol və kommunikasiya şəbəkəsinin, növbəti yaşayış məhəlləsinin, Dəmir yolu və Avtovağzal Kompleksinin, eləcə də turizm infrastrukturunun mühüm həlqəsi olan “City Hotel Agdam” mehmanxanasının təməlini qoydu. Həmin gün Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, həmçinin Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməlqoyma mərasimləri keçirildi. Tarixi-mədəni irsin bərpası çərçivəsində Pənahəli xanın sarayı və İmarət Kompleksi ilə tanışlıq oldu, Xurşidbanu Natəvanın abidəsinin açılışı reallaşdı. Bundan iki il sonra, 2024-cü il mayın 28-də Tağıbəyli, Güllücə, Nəmirli və Şotlanlı kəndlərinin təməlqoyma mərasimləri baş tutdu. Bir il sonra, mayın 10-da isə artıq Ağdam “Böyük Qayıdış Proqramı”nın real nəticələrini öz köksündə tarixiləşdirdi: Prezident İlham Əliyev Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, həmçinin muğam sənətinin beşiyi olan bu diyara yeni nəfəs verən Ağdam Muğam Mərkəzinin açılışını etdi. Həmin gün Kəngərli kəndinin birinci mərhələsinin, tam orta məktəb binasının, körpələr evi-uşaq bağçasının açılışı reallaşdı; yerli icra strukturları üçün çoxfunksiyalı inzibati binada, klub-icma mərkəzində və yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanışlıq oldu. Dövlət başçısı Kəngərli kəndinə köçən sakinlərlə görüşərək onlara yeni evlərinin açarlarını təqdim etdi.

Bu il iyulun 14-ü isə Ağdamın bərpasının beynəlxalq əməkdaşlıq platformasına çevrilməsi tarixi kimi yaddaqalan oldu. Azərbaycana rəsmi səfərə gələn Slovakiya Prezidenti Peter Pelleqrini Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Ağdam şəhərinin mərkəzindən 18 km məsafədə yerləşən Baş Qərvənd kəndində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə birgə tanış oldular. İki ölkə başçısı kənddə Slovakiya şirkətinin icra etdiyi “Ağıllı kənd” layihəsi və görülən bərpa-quruculuq işləri ilə tanış olublar. Peter Pelleqrini bu layihəni bölgənin bərpasının rəmzlərindən biri kimi qiymətləndirib. Səfər çərçivəsində Baş Qərvənddə 840 şagird yerlik tam orta məktəb binasının təməli qoyulub, məktəb Slovakiyanın Milli Qəhrəmanı general Ştefanikin adını daşıyacaq.

Beləliklə, bu gün Ağdam şəhərinin və kəndlərinin məskunlaşması ardıcıl və planlı şəkildə davam edir. Bir vaxtlar dağıntılar altında qalan torpaqlarda indi müasir yaşayış binaları və evlər, infrastruktur layihələri inşa edilir, azadlığına qovuşmuş daha bir yurd yerimizdə məktəblər, uşaq bağçaları, mədəniyyət ocaqları, otellər və rahat yaşayış kompleksləri ucalır. 20 Noyabr – Ağdam şəhəri günü isə xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin iqtisadi gücünün və Prezident İlham Əliyevin uzaqgörən liderliyinin təntənəsi kimi xalqımız tərəfindən qeyd edilir. Xarabalıqlar üzərində ucalan müasir Ağdam bundan sonra da Qarabağın dirçəliş rəmzi, sülhün, mədəniyyətin və əbədi inkişafın parlaq ünvanı olaraq daim azad yaşayacaqdır.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent